Gerb

24 fevral 2015, 20:21
W1siziisijiwmtuvmdyvmtuvmwfqcm53mzkznf8zodg3nc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=3635de2ed8d09e6a

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu baxımdan vacib əhəmiyyət daşıyır.

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”ndan da görünür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu istiqamətdə çox mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mingəçevirdə inşa olunan uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu qəbildən layihələr ardıcıl xarakter alıb və artıq respublikanın bütün bölgələrini əhatə edir.

Yeni uşaq bağçası 120 yerlikdir və onun inşasına 2014-cü ilin aprelində başlanılıb. Uşaq bağçasının foyesində ümummilli lider Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Bağçada məşğələ, oyun, tibb otaqları var. Uşaq bağçasında kompyuter, rəsm, şahmat otaqları da balacaların ixtiyarına veriləcək. İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub, uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar yaradılıb. Təhsil ocağındakı bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılacaq. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardaqları və oyun meydançası quraşdırılıb.


Böyük ölçüdə