İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub

24 fevral 2015, 20:15
İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub

Prezident İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına aparılan yenidənqurma işləri barədə geniş məlumat verdi. Bildirildi ki, uzun illər təmir olunmayan bu müalicə müəssisəsi ilk dəfədir əsaslı şəkildə yenidən qurulur.

Dövlət başçısı İlham Əliyevin 2013-cü il 18 aprel tarixli Sərəncamına əsasən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılaraq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Ümumi sahəsi 6 hektar olan xəstəxananın yenidənqurma işlərinə 2013-cü ilin may ayında başlanılıb və bu ilin fevralında başa çatdırılıb.

Bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə də fərqlənir. Xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıq ilə təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada tibb işçiləri tərəfindən şəhər əhalisinə, qaçqın və məcburi köçkün ailələrinə, ətraf rayonların sakinlərinə tibbi xidmət göstəriləcək.

Xəstəxana kompleksindəki şöbələrdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şua-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, klinik laboratoriya, təcili tibbi yardım stansiyası və əməliyyat blokları tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlar ilə təmin edilib. Səhiyyə ocağında ilk dəfə olaraq, 10 çarpayılıq dializ otağı yaradılıb ki, bu da Mingəçevirdə dializə ehtiyacı olan xəstələrin hamısını əhatə edəcək.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Tibb ocağı üçün ən son tibbi texnologiyalarla təchiz olunan 5 təcili tibbi yardım avtomobili alınıb. Ərazidə əqli və fiziki cəhətdən zəif olan uşaqlar üçün Reabilitasiya Mərkəzi də tikilib.

Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

Xəstəxananın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Mingəçevir Şəhər Xəstəxanasının əsaslı təmirdən sonra açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Xəstəxana ilə tanış oldum, çox gözəl təəssürat bağışlayır. Bina gözəl təmir olunub, burada ən yüksək standartlar tətbiq edilib, ən müasir avadanlıq quraşdırılıb. Dünyanın ən qabaqcıl xəstəxanalarında olan avadanlıq bu gün Mingəçevirdə də var. Bu, məni çox sevindirir. Çünki bu, bir daha göstərir ki, biz Azərbaycanda səhiyyə sisteminin təkmilləşməsində böyük uğurlara nail ola bilmişik. Bütün şöbələr var və 430 çarpayılıq Mərkəzi Şəhər Xəstəxanası bu gün artıq hazır vəziyyətdədir.

Bu xəstəxananın binası 1960-cı illərdə tikilmişdir. Təbii ki, illər keçdikcə yararsız vəziyyətə düşmüşdü, avadanlıq da köhnəlmişdi. Bu gün isə bu xəstəxana ən yüksək səviyyədə qurulub və bu, məni çox sevindirir. Burada həkimlərin iş şəraiti də çox yaxşıdır, xəstələrə də gözəl xidmət göstəriləcək.

Son illərdə Azərbaycanın bütün bölgələrində müasir xəstəxanalar tikilir, təmir olunur, diaqnostika mərkəzləri inşa olunur. Son 11 il ərzində Azərbaycanda 500-dən çox tibb müəssisəsi tikilmiş, təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur. Bu, insanlara göstərilən diqqətin təzahürüdür. Çünki insanların sağlamlığı dövlətimiz üçün prioritet məsələdir və müxtəlif tədbirlərin həyata keçirilməsi ilə biz bu işlərdə hesab edirəm ki, dönüş yarada bilmişik. İlk növbədə, demək olar ki, artıq bütün şəhər və rayonlarımızda müasir səhiyyə infrastrukturu var. Həkimlərin peşəkarlığı artır, hazırda Azərbaycanda ən mürəkkəb əməliyyatlar həyata keçirilir. Bir neçə il bundan əvvəl bu barədə danışmaq belə yersiz idi.

Bu gün Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlər beynəlxalq səhiyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Səhiyyə Təşkilatı, Avropa Səhiyyə Təşkilatı Azərbaycanın islahatlarını yüksək qiymətləndirirlər. Eyni zamanda, mən dəfələrlə xəstəxanaların, diaqnostika mərkəzlərinin açılışında olarkən qeyd edirdim ki, bizim vətəndaşlar gərək vaxtlı-vaxtında müayinədən keçsinlər. Mən hər dəfə bunu təkrarlayırdım, bu gün də bunu demək istəyirəm. Ancaq görürdük ki, əhali tərəfindən buna o qədər də böyük maraq göstərilmirdi. Ona görə keçən ildən başlayaraq Azərbaycanda kütləvi şəkildə dispanserizasiya keçirilməyə başlanmışdır. Keçən il 5 milyondan çox, bu il artıq 1 milyon 500 min insan dispanserizasiyadan keçib. Bütün dispanserizasiya xidmətləri pulsuzdur və bir məqsəd var ki, insanlar öz xəstəliklərini vaxtında aşkar etsinlər və əgər müalicəyə ehtiyac olarsa, yüksək keyfiyyətli tibbi xidmət alsınlar. Nəzərə alsaq ki, bütün bölgələrdə müasir xəstəxana kompleksləri var, bunu etmək o qədər də çətin deyil. Təki iradə olsun, bu da var. Bu istiqamətdə dövlət siyasəti bundan sonra da aparılacaq. Sosial siyasət Azərbaycanda həmişə olduğu kimi, prioritet məsələdir. Sosial infrastrukturun yaradılması sahəsində böyük işlər görülüb və səhiyyə sistemi burada ön plandadır.

Təbii ki, bütün bu işləri görmək üçün gərək dövlətin güclü iqtisadiyyatı olsun. Biz uzun illərdir bu istiqamətdə də çalışırıq. Azərbaycan iqtisadiyyatının inkişafı, maliyyə vəziyyətimizin yaxşılaşdırılması imkan yaradır ki, biz dövlət büdcəsi hesabına belə gözəl xəstəxanalar tikək, yaradaq. Bu il də iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat yanvar ayında 4,4 faiz, qeyri-neft iqtisadiyyatı isə 5,5 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, hətta dünyada və regionda gedən böhran illərində də Azərbaycan iqtisadiyyatı artır və artacaq. Güclü iqtisadiyyat bizə imkan verir ki, sosial məsələləri uğurla həll edək, eyni zamanda, dünya miqyasında beynəlxalq arenada müstəqil siyasət aparaq.

İqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurlarımızı yüksək qiymətləndirir. Ancaq, eyni zamanda, regionda gedən proseslər istər-istəməz bizə də təsir göstərir. Son bir il ərzində MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Əsas məsələ ondan ibarət idi ki, biz Azərbaycan xalqını mümkün olan risklərdən qoruyaq, Azərbaycanda sabitliyi möhkəmləndirək və xalqımızın seçimini müdafiə edək. Həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında baş verən xoşagəlməz hadisələr Azərbaycanda gedən işlərə mənfi təsir etməmişdir, çünki biz artıq özümüzü, öz seçimimizi müdafiə etməyə qadirik. Ancaq bölgədə iqtisadi sahədə gedən xoşagəlməz proseslər, əlbəttə ki, bizə də təsir göstərmişdir. Bir neçə gün bundan əvvəl manatın məzənnəsində dəyişiklik edilmişdir. Qeyd etməliyəm ki, biz 2006-cı ildə pul islahatı keçirdik, 2005-ci ildə belə qərar verilmişdi. 2006-cı ilin əvvəlindən bizim pul islahatlarımız artıq başa çatmışdır. Təbii ki, yaşlı nəsil bunu xatırlayır, o vaxta qədər 1 dollar 5 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 dollar 1 manat oldu və on il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu, bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq, eyni zamanda, qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlamışdır. Üstəgəl dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərmişdir. Eyni zamanda, əlbəttə ki, manatın məzənnəsinin getdikcə artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdir ki, manat bir az ucuzlaşsın. Mən yanvar ayında regionların sosial iqtisadi inkişafının yekunlarına həsr edilmiş konfransda bu barədə öz fikrimi açıq şəkildə bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar. Bu, heç kəs üçün sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu, iqtisadiyyatımıza mənfi təsir göstərir.

Regionda baş verən hadisələr və dünyada neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır. Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bankımız açıqlama vermişdir ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı. Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı.

Eyni zamanda, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın.

Əslində manat əvvəlki səviyyəyə enmişdir. Yəni, islahat başlayanda 1 manat 1 dollar idisə, bu gün də 1 manat təxminən 1 dollardır. Bütün müvafiq qurumlara göstəriş verilmişdir ki, süni qiymət artımına yol verilməsin. Monitorinq keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir.

Son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal edilir. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq. Ümumiyyətlə, kompleks tədbirlər nəticəsində Azərbaycanda bundan sonra uğurlu iqtisadi inkişaf prosesi gedəcək. İqtisadiyyat sabitdir, ictimai-siyasi vəziyyət möhkəmdir. Manatın dollara bərabərləşdirilməsi imkan verəcək ki, sosial məsələlərə daha çox vəsait xərclənsin, büdcədə problem olmasın və ölkə üçün lazım olan bütün infrastruktur layihələri vaxtında icra edilsin.

Mingəçevirdə olarkən, əlbəttə ki, Mingəçevirin inkişafı ilə bağlı əlavə tapşırıqlar veriləcək. Bu, mənim Mingəçevirə beşinci səfərimdir. Şəhər abadlaşır, gözəlləşir, inkişaf edir, böyük işlər görülür. Mingəçevir böyük sənaye mərkəzinə çevriləcəkdir. Mingəçevir Sənaye Parkının yaradılması artıq başlamışdır. Bu il ciddi addımlar atılacaq. Gəncə, Sumqayıt və təbii ki, Bakıdan sonra Mingəçevir Azərbaycanın dördüncü sənaye mərkəzinə çevriləcəkdir. Sosial infrastruktur yaradılır. Gözəl xəstəxana, uşaq bağçası, ictimai yerlər, parklar. Qazlaşdırma Mingəçevirdə 95 faizə qalxmışdır. İçməli su layihəsi icra edilir və 2017-ci ilə qədər şəhər içməli su ilə tam şəkildə təmin ediləcəkdir. Bu işlər indi davam etdirilir.

Köçkünlərin problemləri həll olunur. Bu gün məcburi köçkünlər üçün tikilmiş yeni, gözəl şəhərciyin açılışını qeyd etdim. Turizm imkanları kifayət qədər genişdir. Yollar çəkilir. Gəncədən, Yevlaxdan, Bakıdan Mingəçevirə çox gözəl yollar çəkilibdir. Otellər yaradılır, tikilir. Birinin tikintisi ilə bu gün tanış olacağam. Yəni, biz Mingəçevirin inkişafına kompleks şəkildə yanaşırıq və şəhərin inkişafı üçün əlavə tədbirlər də görüləcək. Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrılacaq.

Bu il Mingəçevirdə də birinci Avropa Oyunları keçiriləcək. Bu da tarixi hadisədir. Çünki Azərbaycanda bu Oyunlar iki şəhərdə - bir Bakıda, bir də Mingəçevirdə keçiriləcəkdir. Avropa Oyunlarına hazırlıq indi son mərhələdədir. Mingəçevirin gözəlləşməsi, abadlaşması, burada ictimai yerlərin yaradılması, əlbəttə ki, qonaqlara da çox müsbət təsir bağışlayacaq.

Bir sözlə, mən Mingəçeviri müasir, dinamik inkişaf edən, güclü sənaye potensialına malik olan şəhər kimi görürəm, görmək istəyirəm. Artıq bu proses gedir, reallaşır. Əminəm ki, şəhərin bundan sonra inkişafı ancaq müsbət istiqamətdə gedəcək. Sizi görülən bu işlər, əldə edilən nailiyyətlər münasibətilə təbrik edirəm və cansağlığı, uğurlar arzulayıram.

                                                                                       X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo