11 mart 2015, 18:05

Tural Şirinovdan, Tallinn, Estoniya

Hörmətli cənab Prezident!

Mən dəfələrlə Sizə yazmışam, Sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Siz xalqımızı işıqlı gələcəyə doğru aparırsınız. Biz bütün bunları görür, təhlil edir, qiymətləndiririk. İndi dünyada çoxlu proseslər gedir. Müəyyən mənada Azərbaycan da həmin proseslərdə iştirak edir. Xoşbəxtlikdən, dünyada gedən bütün proseslərdə, kataklizmlərdə, böhranlarda Azərbaycan hamı üçün nümunədir. Bütün proseslər Vətənimizdən yan keçir, çünki Azərbaycan hadisələrin istənilən inkişafına hazır olan möhkəm dövlətdir.

Biz, Avropadakı Azərbaycan diasporunun nümayəndələri Sizin xalqımıza qayğınızı yüksək qiymətləndiririk. Biz həmişə çıxışlarımızda Sizi dəstəkləmişik, son seçkilərdə təşviqat aparmışıq və bunu həmişə edəcəyik. Axı, Siz dövlətimizin başçısısınız. Estoniyada Azərbaycan diasporunun fəalı kimi böyük işlər görmüşəm. Çətinliklərə baxmayaraq, bunu edirəm, müxtəlif növ təbliğata qarşı mübarizə aparıram. Zəhmətsiz nəticə olmur. Məqsədimiz Azərbaycanın rifahı naminə çalışmaqdır. Azərbaycanın adına layiq olmaq borcumuzdur. Axı, Azərbaycan bizim Vətənimiz, ata-babalarımızın yurdudur. Ürəyimiz daim Azərbaycan ilə birlikdə vurur, çünki hər bir azərbaycanlı daim öz kökünü xatırlayır. 

Təəssüf ki, bir çox ölkələr torpaqlarımızın işğalı, Xocalı faciəsinin Azərbaycan xalqının soyqırımı olması faktını qəbul etmir. Amma ümidvaram ki, böyük səylər göstərməklə biz buna nail ola bilərik. Xalqımızın potensialı yüksəkdir. Hazırda elə bir nəsil yetişir ki, inanın ki, o, Vətənin rifahı naminə çox yaxşı işlər görəcək. Biz bütün dünyaya səpələnsək də, diaspora ilə əlaqələrimiz kəsilməyib. Xoşbəxtlikdən, Vətənimiz çox dəyişib və biz məmnuniyyətlə yayda Azərbaycana gəlirik. Harada yaşamağımızdan asılı olmayaraq, bir azərbaycanlı kimi adət-ənənələrimizi qoruyub saxlayırıq. Sizin rəhbərliyinizlə görülən böyük işlər, habelə regionların sosial-iqtisadi inkişafı və əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramları, aqrar sahədə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafının dəstəklənməsi hər birimizi sevindirir və bizdə ruh yüksəkliyi yaradır. Qeyri-neft sektorunun sürətlə inkişaf etməyə başlaması son dərəcə əhəmiyyətlidir. Bu, bizim hamımızın keçməli olduğu, gələcək nəsli hazırlamalı olduğumuz çox mühüm mərhələdir. Ehtiyatlar tükənə bilər, ölkədə qeyri-neft sektoru yüksək səviyyədə inkişaf edibsə, o zaman intellekt, keyfiyyətli təhsil, sabit iqtisadiyyat daim möhkəmlənəcək. 

Avropanın azərbaycanlı gəncləri adından Sizə möhkəm cansağlığı, ailə səadəti arzulayıram.

Hörmətli cənab Prezident, biz yalnız Sizə güvənirik!

Hörmətlə,

Şirinov Tural.
Estoniya, Tallinn.