11 aprel 2015, 12:00

Vidadi Məmmədzadədən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi Tərtər rayonunun sakinləri tərəfindən rəğbətlə qarşılanır, yerli camaatda yüksək fərəh və sevinc hissi oyadır. Parkların salınması, ictimai binaların tikilməsi, özəl sektora diqqətin ayrılması, yeni iş yerlərinin açılması bizi ürəkdən sevindirir. Bütün respublikada həyata keçirilən bu tədbirlər ümumilikdə xalqımızın rifah halının yaxşılaşmasına, insanların sağlam və firavan yaşayışının təmin olunmasına xidmət edir. Ulu öndərimiz Heydər Əliyevin siyasi hakimiyyəti dövründə olduğu kimi, bu gün də biz müharibə veteranlarına və əlillərə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Bu zümrədən olan insanlar üçün evlər tikilir, qəhrəman vətən oğullarının adları əbədiləşdirilir, onların övladları ali təhsil müəssisələrində ödənişsiz təhsil alır.

Bu günlərdə rayonumuzda Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda fədakarlıq göstərmiş insanların adlarının əbədiləşdirilməsi istiqamətində yeni bir addım atıldı. Rayonun mərkəzi küçələrinə Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun və şəhid İlqar Həsənovun adları verildi.

Əziz Prezidentimiz, hər an bizimlə olduğunuza və xalqa layiqli xidmət göstərdiyinizə görə Daxili İşlər Nazirliyi Veteranlar Şurası Tərtər rayon təşkilatının və Azərbaycan Minadan Zərər Çəkənlər Assosiasiyasının regional bölməsinin üzvləri adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, dövlətimizin və xalqımızın gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Tanrı Sizi qorusun!

Hörmətlə,

Məmmədzadə Vidadi Vəli oğlu,
I qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Tərtər rayonu.