“Bakı-2015” ilk Avropa Oyunları məşəlinin yandırılması mərasimində İlham Əliyevin nitqi

26 aprel 2015, 22:00
“Bakı-2015” ilk Avropa Oyunları məşəlinin yandırılması mərasimində İlham Əliyevin nitqi

- Hörmətli Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki.

Hörmətli xanımlar və cənablar, əziz dostlar.

2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir. Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi. Bu qərara görə Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.

Bu qərar bizi çox sevindirdi, Azərbaycan xalqını sevindirdi. Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır. Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən ibarət beynəlxalq Əməliyyat Komitəsinə də minnətdarlığımı bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdir. Əlbəttə, biz daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması üçün bütün məsələlər öz həllini tapmışdır.

Şəxsən mən hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdir. Bu, tarixi nailiyyətdir.

Bununla bərabər, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.

Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.

Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır. Hesab edirəm, önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılamışdır.

Beləliklə, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Əminəm ki, biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik.

Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bu idman bayramı davam edir. Bu, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir.

Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.

Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir.

Bu gün biz qədim Atəşgah məbədinin önündə toplaşmışıq. Bu gün birinci Avropa Oyunlarının məşəli Atəşgah məbədində alovlandırılacaqdır. Bu məşəl ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin.

Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram.

Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10