25 iyun 2015, 11:00

Abdulla Abdullayevdən, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu gün bölgələrimizin sürətli inkişafı, abadlaşması müstəqil dövlətimizin iqtisadi qüdrəti bizləri də ürəkdən sevindirir. Fəxarət hissi keçiririk ki, xalqımızın ulu öndəri Heydər Əliyevin ölməz ideyaları Sizin tərəfinizdən uğurla həyata keçirilir.

Birinci Avropa Oyunlarının ölkəmizdə böyük təntənə ilə keçirilməsi bir daha dünyaya sübut etdi ki, dövlətimiz hər şeyə qadirdir. Bu münasibətlə biz laçınlılar Sizi səmimi qəlbdən təbrik edir, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya da dəyərli fəaliyyətində uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident! Sizin qaçqın və məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində də hiss edilməkdədir. Sizin sayənizdə əhalinin daha yaxşı yaşaması üçün normal şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Belə ki, bu günlərdə Laçın rayonunun Sadınlar və Qarıqışlaq kənd sakinlərinin xeyli hissəsinin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar-1 və Sadınlar-2 obalarında 6 kilometrə yaxın obalararası və obadaxili yollar təmir edilərək istifadəyə verildi. Buna görə də sakinlər adından biz məcburi köçkünlərə göstərdiyiniz diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əminliklə vurğulayırıq ki, biz daha parlaq sabaha, işıqlı gələcəyə məhz Sizinlə birlikdə addımlayacağıq. İnşallah, bu quruculuq və abadlıq işlərini Sizinlə birgə Laçında davam etdirəcəyik. Biz buna Allaha inandığımız qədər inanırıq.

Allah Sizə yar olsun əziz Prezidentimiz!

Ağcabədi rayonunun Taxtakörpü ərazində məskunlaşmış məcburi

köçkünlər adından dərin minnətdarlıq hissi ilə,

Abdullayev Abdulla Əyyub oğlu və başqaları, 125 nəfər

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü, Sadınlar obası