29 iyun 2015, 18:00

Sadıq Sadıqovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz - "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbərliyi, məşqçi heyəti və çoxsaylı idmançıları Bakıda keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması, bu mötəbər idman tədbirində idmançılarımızın əldə etdikləri böyük nailiyyətlər münasibətilə səmimi qəlbdən təbrik edir, Sizin rəhbərliyiniz altında ölkəmizə yeni-yeni uğurlar arzulayırıq. Bu gün bütün dünya ictimaiyyəti Azərbaycan Respublikasında keçirilən sayca birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən danışır. Ölkə vətəndaşları isə böyük sevinc və qürur hissi ilə bu möhtəşəm idman bayramının canlı şahidləridirlər. 

Möhtərəm cənab Prezident, əminliklə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları bu günlərdə gerçəkləşərək, Azərbaycanımızı bütün dünyaya tanıdır. 

Hörmətli cənab Prezident, ölkəmizdə idmanın inkişafına və idmançılara göstərdiyiniz böyük diqqət və qayğı sayəsində birinci Avropa Oyunlarında əldə edilən nailiyyətlərdə "Neftçi İdman Klubu" İctimai Birliyinin idmançılarının da payının olmasını fərəh və qürur hissi ilə qeyd edərək, Sizi əmin etmək istəyirik ki, "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbərliyi, mütəxəssisləri və idmançıları gələcəkdə keçiriləcək nüfuzlu beynəlxalq idman yarışlarında da böyük uğurlar qazanmaq üçün əzmlə çalışacaqlar.

Möhtərəm Prezident, "Neftçi İdman Klubu" İctimai Birliyinin çoxsaylı üzvləri adından Sizi bir daha təbrik edir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. 

Dərin hörmətlə, 

Sadıqov  Sadıq,  

Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, "Neftçi İdman Klubu" İctimai Birliyinin İdarəetmə aparatının rəhbəri. 

Azərbaycan Respublikası, Bakı şəhəri.