02 iyul 2015, 20:00

Azərpaşa Nemətovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident! 

Sizi - doğma Azərbaycanımızın qüdrətlənməsi vədünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutması üçün yorulmadan çalışan görkəmli dövlət başçımızı, dünya şöhrətli Prezidentimizi, xalqımızın böyük oğlu, həmişəyaşar Heydər Əliyev irsinin layiqli davamçısını 12-28 iyun 2015-ci il tarixdə ölkəmizdə böyük təntənə ilə keçirilən və bütün dünyada geniş əks-səda doğuran "Bakı-2015" birinci Avropa Oyunlarının uğurlu nəticələri münasibətilə şəxsən öz adımdan və ölkəmizin teatr ictimaiyyəti adından ürəkdən təbrik edirəm. 

Sizin - dərin zəkalı, möhkəm iradəli Prezidentimizin göstərişi ilə hazırlanan irimiqyaslı layihələr əsasında ölkəmiz, onun paytaxtı Bakı şəhəri dünyanın ən gözəl məkanları sırasına qoşulub. Bu gün paytaxtımızın möhtəşəm görünüşü hamını, xüsusən xarici ölkələrdən gələn qonaqları heyran edir. 

Mən dünyanın bir çox ölkələrində olmuşam və bu gün qürurla deyə bilərəm ki, mənim Vətənim, mənim şəhərim dünyanın ən gözəl məkanlarından biridir. Bunun üçün Sizə - ölkəmizin, onun paytaxtı Bakı şəhərinin gözəlləşməsi üçün bütün qüvvə və bacarığını sərf edən dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Bununla yanaşı, fəxrlə izlədiyimiz birinci Avropa Oyunlarının yaddaşlardan silinməyəcək möhtəşəm açılış və bağlanış mərasimlərindəki ən xırda detallarına qədər milliliyimizi özündə əks etdirən, bəşəriyyəti birliyə və qarşılıqlı anlaşmaya səsləyən möhtəşəm şou mükəmməl işlənmiş, bütün dünyanı valeh elən bir tamaşa idi. 

Dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğı isə idmançılarımızın qələbələrinə, medal sayına görə dünya ölkələri içərisində Azərbaycanın ön sıralarda olmasına təsirini göstərməyə bilməzdi. İdmançılarımızın çoxsaylı medalları - 21 qızıl, 15 gümüş və 20 bürünc medal, 17 gün ərzində idman arenalarında himnimizin hər gün səslənməsi kiçikdən böyüyə hamımızın qəlbində böyük fəxarət hissi doğurdu. 

Bütün bunlar Sizin və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın gərgin əməyinin bəhrəsidir. 

Möhtərəm Prezident, bu möhtəşəm qalibiyyət münasibətilə bir daha Sizi və ailənizi təbrik edir, Sizə möhkəm cansağlığı, könül xoşluğu, Azərbaycanımızın qüdrətlənməsi naminə apardığınız böyük işlərdə uğurlar arzulayıram. 

Dərin hörmətlə hər zaman Sizi dəstəkləyən, 

Nemətov  Azərpaşa, 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti, professor.  

Azərbaycan Respublikası, Bakı şəhəri.