09 iyul 2015, 12:00

Cümşüd İsmiyevdən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

"Bakı-2015" birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili, keçirilməsi və uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını təbrik edirik. Oyunların yüksək səviyyədə təşkil edilməsi və keçirilməsi, Azərbaycan idmançılarının yarışlarda 21-i qızıl olmaqla ümumilikdə 56 medal qazanması ölkə Prezidenti kimi apardığınız uğurlu siyasətin və Milli Olimpiya Komitəsinin Prezidenti kimi ölkəmizdə idmanın inkişafına göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir.

Bəzi üzdəniraq qüvvələrin apardığı "qara piar" kampaniyasına baxmayaraq, dünyanın inkişaf etmiş ölkələrinə belə Oyunları təşkil etmək üçün 5-7 il lazım gəldiyi halda, Azərbaycan cəmi 30 ay ərzində hazırlıq işlərinin öhdəsindən layiqincə gəldi. Əminik ki, bu sahədə görülən işlər ölkəmizin dünya miqyasında tanınmasına layiqli töhfəsini verəcək.

Birinci Avropa Oyunlarının təşkilatçısı kimi Azərbaycanımızın adı bundan sonra hər dörd ildən bir keçiriləcək Oyunlar zamanı daim çəkiləcək. Bizim işimiz haqq işidir, biz həmişə qalib gələcəyik. 

Bir daha Sizi təbrik edirik və bütün məqsədlərinizi belə uğurla həyata keçirmənizi arzulayırıq. 

Sumqayıt şəhər "Lift-Servis" Birliyinin çoxsaylı kollektivi adından hörmətlə,

İsmiyev Cümşüd Rüstəm oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.​