10 iyul 2015, 16:00

Səxavət Sultanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı, Sizin gərgin əməyiniz sayəsində cənnətə çevrilən Vətənimizin firavan günlərinin şahidi  olan bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Siz Ulu Öndərimizin və xalqımızın arzularını gerçəkləşdirdiniz, dövlətimizin qüdrətini və xalqımızın mədəniyyətini dünyaya nümayiş etdirdiniz. 

Əziz Prezidentimiz, on beş nəfərlik bir ailənin başçısıyam. Hələ Sovetlər dövründən valideynlərim, qohumlarım dahi Heydər Əliyevə çox dərin məhəbbət bəsləyiblər. Zəhmətkeş ailədə böyümüşəm, Ulu Öndərin sadə insanlara göstərdiyi diqqət və qayğının şahidi olmuşam. Ailəmizdə namaz qılan böyüklərimiz Heydər Əliyev və onun ailəsi üçün daim dualar edirdilər. Mən də hələ uşaqlıqdan bu sevgi ilə böyümüşəm. Bu gün də ailəmlə birlikdə hər dəfə namaz üstə xalqımız və Prezidentimiz üçün dualar edirik. 

Məlumat üçün bildirim ki, üç oğlum vətənə xidmət borcunu döyüş bölgəsində ləyaqətlə yerinə yetirib. Ailəmizin üç üzvü Yeni Azərbaycan Partiyasının üzvüdür. Nəvələrim hər gün Ulu Öndərimiz haqqında şerlər söyləyərək məni sevindirirlər.

Rayonumuzun 100-dən artıq sakini xalqımızın ləyaqətli qızı Mehriban xanım Əliyevanın rayonumuzdan deputat seçilməsi üçün müraciət etmişdi. Allaha şükür, bu arzumuz da çin oldu. Hörmətli Mehriban xanımın diqqət və qayğısı nəticəsində Xəzər rayonu çox gözəlləşib. Təbii ki, bütün uğurların səbəbkarı həm də Sizsiniz.

Möhtərəm Prezident, ölkəmizdə yaratdığınız firavanlığı gördükdə Sizinlə qürur duyuram, fərəhlənirəm ki, belə bir ölkənin vətəndaşıyam. Fəxr edirəm ki, Sizin kimi alicənab, xeyirxah, həmişə xalqın rifahını düşünən, şərəfli Prezidentimiz var. 

Həcc ziyarətində olanda da xalqımıza, Sizə, Heydər Əliyevin ruhuna dualar etmişəm. Çünki ölkəmizdə sülhün və əmin-amanlığın yaradıcısı və qarantı Sizsiniz. Daim xalq içində olan bir vətəndaş kimi çox sevinirəm ki, xalqın Sizə inamı, sevgisi tükənməzdir. Allah Sizi və ailənizi qorusun, bütün arzularınız çin olsun. Allah Ulu Öndərimizə də rəhmət eləsin, ruhu şad olsun! Amin!

Dərin hörmət və ehtiramla,

Sultanov Səxavət Mirsaleh oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.