Gerb 855a02c43d5370399bc542d050954ea44166233ed310256537a33eb6093068b5

13 iyul 2015, 13:00
W1siziisijiwmtuvmdcvmtmvotbynmvioho5mv9py2xhc19maw5hbc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=442cc4562af5c910

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

- Bu gün biz ənənəvi olaraq ilin altı ayının yekunlarını müzakirə edəcəyik. Bəri başdan demək istəyirəm ki, yekunlar çox müsbətdir. Azərbaycan uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki, altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır. Ona görə ki, bu gün biz dünyanın müxtəlif yerlərində çox xoşagəlməz prosesləri müşahidə edirik. Yaxın Şərqdə vəziyyət həddindən artıq çox gərginləşib. Qanlı toqquşmalar dayanmır, qan tökülür və yeni müharibə ocaqları yaranır. Avropa dərin iqtisadi böhran içindədir və bu böhrandan hələ ki, çıxış yollarını tapa bilməyib. Eyni zamanda, biz mənəvi böhranın təzahürlərini də görürük və bu, bizi çox narahat edir. 

Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu, bizi narahat edir. 

Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır. 

Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk. 

Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də əlbəttə ki, bizim üçün ən önəmli yerdədir. 

Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət, o cümlədən mənəvi dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda əlbəttə ki, bütün məsələləri dərindən təhlil edərək, ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik.

MDB məkanında vəziyyət gördüyünüz kimi, o qədər də ürəkaçan deyil. Bir çox ölkələr böhranla bacara bilmirlər. Ukraynada böhran davam edir. Ermənistan demək olar ki, çöküb, iqtisadiyyatı çöküb. Ermənistanın kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir. Onu da qeyd etməliyəm ki, Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya miqyasında bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik enerjisi də, yanacaq da həmçinin. Yəni, bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir. 

Belə bir mənzərə yaranıb. Yunanıstan böhranı hələ ki, davam edir. Hələ ki, heç bir nəticə əldə edilməyib. Əlbəttə, biz bilirik ki, vaxtilə Yunanıstanda müəyyən səhvlər buraxılmışdır və həddindən artıq borclanma getmişdir. Bunun da səbəbi yəqin ondan ibarətdir ki, siyasətçilər öz işlərinə o qədər də məsuliyyətlə yanaşmırdılar. Mən həmişə demişəm və bu gün də deyirəm, Azərbaycanda xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır, hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər. 

Ona görə Yunanıstanla bağlı vəziyyət əlbəttə ki, bu səbəblərdən qaynaqlanır. Eyni zamanda, biz görürük ki, Avropanın bəzi ölkələri, xüsusilə özləri üçün xüsusi yer əldə etmək istəyən ölkələr Yunanıstanı, sadəcə olaraq, alçaldırlar. Xalqı, dövləti alçaldırlar. Bax, budur, bugünkü reallıqlar. 

Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik.

Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi.

Bax, dediyim bu mənzərənin fonunda bizim uğurlarımız doğrudan da tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir. 

Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur.

Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir və bu birinci 6 ayda xarici investisiyalar üstünlük təşkil edir. Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur. 

Birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu, statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb. 

Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür. 

Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.

Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər.

Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız. 

Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni, bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar. 

Yəni, sosial və iqtisadi vəziyyət bundan ibarətdir. Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək. Mən bu barədə fikirlərimi bir qədər sonra deyəcəyəm.

Ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilibdir. Hərbi dəniz qüvvələri bazası yaradılmışdır. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu, dediyim kimi, dünya miqyasında güclü ordular sırasındadır.

Bugünkü beynəlxalq vəziyyət bir daha onu göstərir ki, biz vaxtilə nə qədər düzgün addımlar atmışıq. Çünki biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə, hərbi güc gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır. Çünki beynəlxalq hüquq normaları sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb. Beynəlxalq davranış qaydaları dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə, gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir. 

Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük. 

Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər.

Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Ancaq görün və Azərbaycan xalqı bir daha görsün ki, nə qədər bunlar şərəfsiz hərəkətlər edirlər. Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti anti-Azərbaycan qətnaməsini müzakirəyə çıxarıb və çalışıb ki, bu qətnamə qəbul edilsin. Baxmayaraq ki, Avropa Parlamentinin sədri Şults, onun müavini Lunaçek və onların əlaltıları qatı anti-Azərbaycan mövqeyindədirlər və Azərbaycanı düşmən seçiblər, ancaq bu qətnamə keçmədi, 136 deputat lehinə, 136 deputat əleyhinə səs verdi. Əslində bu, Şultsun, Lunaçekin və onlar kimilərinin siyasi iflası idi. Əgər bunlarda bir balaca vicdan varsa, ondan sonra istefa verməli idilər. Gördülər ki, bu, keçmir, bəs nə etməli? Almaniya Bundestaqı Oyunların açılışı günündə - iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu anti-Azərbaycan və yalan üzərində qurulubdur. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik. Ancaq mən nəyi demək istəyirəm, bax, budur yanaşma. Nəyə görə? Çünki boğulur, partlayır, barışa bilmir ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi - Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Onlardan fərqli olaraq buraya gələn qonaqlar, Avropanın dəyərli nümayəndələri, adi insanlar, idmançılar Azərbaycana heyran qaldılar, valeh oldular, sevdilər, getmək istəmirdilər. Mənə deyirlər ki, bəzi idmançılar yarışları başa çatandan sonra getmək istəmirdilər, axıra qədər qalmaq istəyirdilər. Bax, budur Azərbaycan və budur normal Avropa vətəndaşları. Biz qabağa getmək istədik, gördük ki, bizi qəbul etmirlər, müsəlman olduğumuza görə, onlara baş əymədiyimiz üçün, başqa səbəblərə görə. Ona görə biz dayanmışıq. İstəyərlər onlar bizə tərəf gələrlər. Bundestaqdan sonra, Oyunlar zamanı Avropa Şurası Parlament Assambleyası anti-Azərbaycan qətnaməsi qəbul edir. Yəni, bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər onu onlar yaxşı düşünsünlər. 

Bir sözlə, bax, budur bugünkü vəziyyət. Bununla bərabər Avropa ölkələri ilə ikitərəfli formatda bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik.

X X X

Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi: 

- Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Ölkəmizin 2015-ci ilin birinci yarımilliyinin ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi sözsüz ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi olub.

Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı müstəqil Azərbaycanın yetirmələri olan gənc idmançılarımızın doğma azarkeşlərə bəxş etdikləri hədsiz qələbə sevinclərini, onların əzmli mübarizəsini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etdi.

Onilliklər ərzində ideya kimi qalan Avropa Oyunlarının tarixdə ilk dəfə təşkil olunmasında, köhnə qitənin 50 ölkəsindən ən güclü atletlərin bir araya gətirilməsində və Oyunların bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin peşəkar komanda işi, fədakar fəaliyyəti və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır.

2015-ci ildə ölkəmizin xarici-iqtisadi siyasətinin Asiya vektorunun möhkəmləndirilməsində də nəzərəçarpan addımlar atılıb. May ayında Bakıda 67 ölkənin üzv olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının keçirilməsi Asiya və Sakit okeanı regionunda iqtisadi inkişafın və təkamülün təmini istiqamətində növbəti bir mərhələ olmaqla yanaşı, ölkəmizin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığının genişlənməsinə böyük imkanlar açıb. Bundan başqa, cənab Prezident, Sizin tapşırığınızla Azərbaycan Respublikasının yeni yaradılan və Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək Asiya İnfrastruktur İnvestisiya Bankına təsisçi üzv kimi qoşulması təmin olunub. 

Möhtərəm Prezident, cari ildə qlobal iqtisadi artım proqnozu növbəti dəfə Beynəlxalq Valyuta Fondu tərəfindən aşağı salınıb (ilin əvvəlində BVF tərəfindən artıq ikinci dəfədir ki, proqnoz aşağı salınır) ki, bu da hazırda beynəlxalq iqtisadi və maliyyə durumunda mövcud olan mürəkkəbliyi təsdiq edir. 

Yunanıstanın borc öhdəliklərinə xidmət etmək iqtidarında olmaması səbəbindən avrozonanı tərk etmə riski ilə üzləşməsi, Çinin iqtisadi artım sürətinin geriləməsi və fond birjalarındakı təlatümlər qlobal iqtisadi artım proqnozuna mənfi təsir göstərən əsas amillərdən olmaqla, xammal məhsullarına, o cümlədən neft və neft məhsullarının qiymətlərinə də mənfi təsir göstərməkdədir. 

Neft və neft məhsullarının 2014-cü ilin ortalarından bəri kəskin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi barədə beynəlxalq maliyyə institutları tərəfindən verilən proqnozlar (illik 0,5 faiz artım) da özünü tam doğrultmur, bu dövrdə dünya iqtisadiyyatı nəzərəçarpan qeyri-müəyyənliklə səciyyələnir. 

Mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olub. 

Heç şübhəsiz ki, bu qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməmiş, ilk növbədə ölkənin valyuta daxilolmalarının azalması və tədiyyə balansının müsbət saldosunun daralması, Azərbaycan mənşəli məhsulların rəqabətliyinin enməsi ilə müşahidə olunur. 

Bununla yanaşı, ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır. 

Göstərilən qeyri-münbit iqtisadi fonunda 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu hesab oluna bilər. 

Belə ki, möhtərəm Prezident, qeyd etdiyiniz kimi, cari ilin ötən dövrü ərzində ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil etmiş, qeyri-neft sektoru üzrə isə daha çox, yəni, 9,2 faiz artım əldə edilib. 

Cari ilin fevral ayında manatın xarici valyutalara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkədə istehlak qiymətlər indeksi (inflyasiya) olduqca qənaətbəxş səviyyədə – 3,5 faiz olub. 

Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib. 

Aparıcı reytinq agentlikləri də öz növbəsində (Fitch Ratings və Standard and Poor`s) bu qiymətləndirməni bölüşmüş və cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-“ investisiya səviyyəsində bir daha təsdiq edib. 

Möhtərəm Prezident, bu kontekstdə cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirləri üzrə proqnoz göstəricilərinin icrasını da müsbət hesab etmək olar. 

Belə ki, dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib. 

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 4 milyard 246 milyon manat və yaxud proqnoza nisbətən 29,0 milyon manat (0,7 faiz) çox icra olunub. 

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 100,2 faiz yerinə yetirilməklə büdcəyə 3 milyard 329 milyon manat vəsait təmin edib. Həmin vəsaitin 68,3 faizi və ya 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.

Proqnoza 100,3 faiz əməl edən Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə 765,0 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox deməkdir. 

Dövlət Neft Fondundan büdcəyə 3 milyard 562 milyon manat vəsait transfert daxil olub.

Sair daxilolmalar üzrə büdcəyə 152,0 milyon manat vəsait təmin edilib.

Eyni zamanda, dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş profisit hesabına maliyyələşib, 2015-ci il 1 yanvar vəziyyətinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 771,0 milyon manat bu məqsədə yönəldilib. 

Cənab Prezident, hökumətin qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq 2015-ci ilin altı ayında dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrin icrasının maliyyələşdirilməsi təmin olunub.

Bu dövrdə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil etmiş və yaxud proqnoza nisbətən 85,0 faiz icra olunub.

Sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilmiş, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı yönəldilib. 

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin altı ayında icmal və dövlət büdcələrindən üst-üstə 201,0 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 90,0 milyon manat vəsait ayrılıb. 

Möhtərəm Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin müdafiə qabiliyyətinin və hərbi potensialımızın artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Bu məqsədə 2015-ci ilin ilk altı ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çox vəsait yönəldilib. 

Cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil edib. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunub. 

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 166,0 milyon manat vəsait ayrılıb. Bunun 24,0 milyon manatı muxtar respublikada həyata keçirilən investisiya layihələrinə sərf edilib. 

Dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan Hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264,0 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467,0 milyon manat investisiya qoyulub. 

Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 74,0 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanıb. 

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün hesabat dövründə 25,0 milyon manat vəsait yönəldilib.

Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib. 

Cənab Prezident, məruzə edirəm ki, dövlət büdcəsinin sabit icrasının təmin edilməsi ilə bağlı aparılan fiskal tədbirlərlə yanaşı, dövlət maliyyə-iqtisadi və bank orqanları tərəfindən Sizin qeyri-neft sektorunun inkişafına əlavə təkan vermək, sahibkarların investisiya fəaliyyətinin dəstəklənməsinə dair tapşırığınıza uyğun olaraq əlavə tədbirlərin həyata keçirilməsinə başlanılıb. 

İlk növbədə, inflyasiya və məzənnə hədəflərinə xələl gətirməyən səviyyələrdə pul-kredit siyasətinin yumşaldılması və iqtisadiyyatın real sektoruna kredit dəstəyinin artırılması, maliyyə-bank sisteminin dayanıqlığının möhkəmləndirilməsi, ipoteka kreditləşməsinə ölkə əhalisinin çıxışının genişləndirilməsi kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur. 

2016-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə də başlanılıb. 

Büdcə layihələri ölkədaxili və xaricindəki makroiqtisadi mühitin və çağırışların təhlili əsasında, ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və hədəfləri rəhbər tutulmaqla hazırlanır. 

Bu zaman, büdcə gəlirlərinin proqnozları hazırlanarkən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması və Fondun aktivlərinin mümkün qədər yüksək səviyyədə saxlanılması hədəflənir. Digər tərəfdən, büdcə xərclərinin səmərəliliyini daha da artırmaqla əsas sosial vəzifələrin təmin edilməsinə, regionların tarazlı inkişafının davam etdirilməsinə, dövlətin müdafiə potensialının və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə diqqət yetirilir.

Çıxışımın sonunda icazə verin, cənab Prezident, Sizi əmin edim ki, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2015-ci büdcə ilinin layiqincə başa çatdırılması və müəyyən etdiyiniz inkişaf hədəflərinə nail olması üçün Maliyyə Nazirliyinin kollektivi səylərini əsirgəməyəcək.

X X X

Rabitə və yüksək texnologiyalar naziri Əli ABBASOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident. 

Sizin rəhbərliyinizlə ölkəmizdə sosial-iqtisadi sferanın bütün sahələrində olduğu kimi, hesabat dövründə, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf təmin edilib və bu sahədə bir sıra uğurlara imza atılıb. Bu sektorda gəlirlərin artımı 12 faiz təşkil edib ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir. Telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə təxminən 6 faiz artıb, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Hesabat dövründə stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət yetirilib. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunub və beləliklə Azərbaycan kəndlərinin 80 faizi müasir standartlara cavab verən, həmçinin genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasiya şəbəkəsinə qoşulub. 

Hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilib. Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75 faiz, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65 faizdir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər.

Radio və televiziya yayımı infrastrukturunun inkişafında ölkəmiz bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin edib və Beynəlxalq Telekommunikasiya İttifaqının bu uğura imza atan 50 ölkəsi sırasına daxil olub. İndi biz Milli Televiziya və Radio Şurası ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri onlara ayırmalıyıq. Ümumiyyətlə, ölkəmizdə radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir. Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərindən və internet radio və televiziyalar vasitəsilə əhalinin təkcə Azərbaycanın yox, həmçinin yüzlərlə xarici ölkənin teleproqramlarına çıxışı təmin olunub.

Ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilib. İndi ölkəmizin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa sistem müdaxilənin parametrlərini, o cümlədən daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları müvafiq təşkilatlara çatdırır. 

Hesabat dövründə elektron xidmətlərin verilməsi, “elektron imza” və “elektron hökumət” portalının inkişafı təmin olunub. Artıq 44 hökumət və dövlət orqanından “elektron hökumət” portalına 421 xidmət inteqrasiya olunaraq vahid elektron pəncərə sistemi vasitəsilə vətəndaşlara və iş adamlarına verilir. Portalın istifadəyə verilməsindən ötən 2 il 6 ay müddətində əhaliyə, fiziki və hüquqi şəxslərə 12 milyondan çox elektron xidmət verilib. Portalın istifadəçilərinin sayı isə 2 milyondan çoxdur. Vergilər Nazirliyinin Elektron İmza Sertifikatlar Mərkəzində verilən “ASAN-imza” sistemi İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyinin diqqətini cəlb edib və təşkilat ölkələri arasında standart “elektron imza” kimi istifadə məsələsi müzakirə olunur. 

Elektron informasiya resurslarının yaradılması və regional informasiya texnologiyaları xidmətlərinin verilməsində son 6 ayın uğurlarından biri də regional informasiya-hesablama mərkəzinin – DATA Mərkəzinin yaradılmasıdır. Mərkəzin istifadəyə verilməsi sentyabr ayına planlaşdırılıb. Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) bu DATA Mərkəzinin resurslarının təxminən 30 faizini MDB və Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı üçün istifadə edəcəyini planlaşdırıb və mərkəzin açılışında baş direktor səviyyəsində iştiraklarını bildirib. 

Kosmik sənayenin inkişafı istiqamətində “Azerspace-1” fəaliyyətini genişləndirib, 130-dan çox xarici televiziya kanalı, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya və bir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri peykin resurslarını kommersiya müqavilələri əsasında istifadə edir. Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan “Azərkosmos” ASC-nin səmərəli fəaliyyəti nəticəsində ötən il ixracdan 9 milyon ABŞ dolları gəlir götürülüb, bu il isə 16 milyon dollar gəlir götürülməsi planlaşdırılır. Təxminən 6-8 milyon ABŞ dolları da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir. “Azərkosmos” ASC-nin planlarına görə, 2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcək. 

Hesabat dövründə Yer səthinin müşahidə peyki “Azersky” bir neçə fransız peyki ilə qruplaşmaya daxil olub və artıq kommersiya fəaliyyətinə başlayıb. Hesablamalara görə, “Azərkosmos” ASC “Azersky” üçün kreditlərin verilməsində dövlət maliyyə resurslarına müraciət etməyəcək. 

Dövlət Sərhəd Xidməti artıq peyklərin xüsusi təyinatlı istifadəsinə başlayıb, digər güc strukturlarına isə xüsusi xidmətlərin verilməsi üzrə müzakirələr aparılır. Sayca üçüncü peykin – “Azerspace-2”-nin 2017-ci ilə planlaşdırılan buraxılışı istiqamətində işlər davam etdirilir. Ümumiyyətlə, kosmik fəzada fəaliyyətimizdə əsas tələblərdən biri rentabellilikdir və bu sahədə birinci Avropa Oyunlarında radio-televiziya yayımında istifadə olunan dörd peykdən birinin “Azerspace-1”in olması və onun, həmçinin Oyunların ehtiyat rabitə sistemində istifadə olunması “Azərkosmos” ASC-nin dünya kosmik bazarında rəqabətlilik qabiliyyətinə çox müsbət təsir edib.

Nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli “Qamma şüalanma kompleksi”nin qurulması işləri başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının arxeoloji axtarışına başlanılıb. Bu işlərdə məqsəd əgər kifayət qədər resurslar tapılarsa ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir. 

İqtisadiyyat və Sənaye Nazirliyinin tövsiyələri və əməkdaşlığı ilə texnoloji-tutumlu, innovativyönümlü məhsul və xidmətlərin istehsalı, əsasən qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə yönələn bir neçə layihəyə dair təkliflərin hazırlanması başa çatmaq üzrədir. Hesabat dövründə Sizin Fərmanınızla yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı, bu il istifadəyə verilməsi planlaşdırılan Pirallahı Yüksək Texnologiyalar Parkı, İKT-nin inkişafı üçün Dövlət Fondu digər müvafiq təşkilatlarla bərabər, xarici investorların diqqətini cəlb edib. Bu gün bizim əsas məqsədimiz İKT sektorunun inkişafı üçün qeyri-dövlət maliyyə resurslarının cəlb edilməsi və onların düzgün istifadəsidir. Məsələn, “Azərpoçt” MMC Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə poçt sistemində maliyyə və bank xidmətlərinin inkişafı layihəsi üzrə Dünya Bankından götürdüyü kreditləri bu layihənin tətbiqi nəticəsində əldə etdiyi gəlirlərin hesabına qaytarır. Digər bir misal kimi, “Aztelekom”un regionlarda genişzolaqlı internetin inkişafı üçün heç bir zəmanət olmadan Amsterdam TRADE bankından götürdüyü və uğurla ödədiyi kreditləri gətirmək olar.

Bir məqamı da qeyd etmək vacibdir ki, bazarda aktivlik var, özəl sektor çox fəaldır. Nazirlik öz səlahiyyətləri çərçivəsində rəqabət mühitinin normal səviyyədə saxlanılması üçün müvafiq tədbirlər görür. Kiçik və orta güclü şirkətlər, istedadlı gənclərdən ibarət start-uplar İKT sektorunda xüsusi aktivlik nümayiş etdirirlər və start-up şirkətlərinin inkişafı və vençur maliyyələşdirilməsi üçün özəl maliyyə mənbələrinin cəlb olunması istiqamətlərində hesabat dövründə ardıcıl işlər görülüb və ilin sonuna qədər təkliflər paketinin hazırlanması nəzərdə tutulur. 

Möhtərəm cənab Prezident, icazənizlə Sizi əmin edirəm ki, biz - rabitə və yüksək texnologiyalar sektorunda çalışan əməkdaşlar gələcəkdə də Sizin rəhbərliyinizlə vətənimizin, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilən işlərdə üzərimizə düşən vəzifələri var qüvvəmizlə yerinə yetirəcəyik.

Diqqətinizə görə sağ olun.

X X X

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim MÜSLÜMOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti bir tərəfdən ölkənin zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və Azərbaycanın gəlirlərinin sürətlə artmasına, digər tərəfdən isə bu gəlirlərin səmərəli idarə edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üzrə ardıcıl islahatların həyata keçirilməsinə, qısa müddətdə ölkə vətəndaşlarının rifah səviyyəsinin əsaslı surətdə yüksəlməsinə gətirib çıxarıb.

Cari ilin ilk 6 ayı ərzində sosial öhdəliklər vaxtında və tam yerinə yetirilib, işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin və sosial ödənişlərin artırılması üçün bir sıra tədbirlər həyata keçirilib. 

Ötən 6 ay ərzində respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni, ölkə əhalisinin 5 faizinə ünvanlı dövlət sosial yardımı verilib ki, bu da əvvəlki ilə nisbətən 20 faiz azdır. Hesabat dövründə 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. 

İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib. 

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də 165 mənzilin alınması işləri davam etdirilir. Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcəkdir.

Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası da cari ilin birinci yarısında diqqət mərkəzində olub. Belə ki, əlilliyi olan şəxslərdən 165 nəfəri Türkiyə Respublikasında bərpa müalicəsinə, 786 nəfəri isə ölkə ərazisindəki istirahət mərkəzlərinə göndərilib. Hazırda ölkəmizin müxtəlif regionlarında 18 qeyri-hökumət təşkilatı tərəfindən 1500 nəfər ehtiyacı olan uşağı əhatə edən 29 sosial xidmət layihəsi icra olunur. 

Əlilliyi olan şəxslər üçün cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılmasında idman tədbirlərinin xüsusi rolu vardır.

Cənab Prezident, ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan birinci Avropa Oyunlarında Azərbaycan yığmasının tarixi nailiyyətləri, xüsusilə paralimpiyaçılarımızın qızıl, gümüş və bürünc medallar qazanmaları paralimpiya hərəkatına və əlilliyi olan şəxslərin sosial müdafiəsinə Sizin güclü dəstəyinizin sübutudur. Oyunların açılış mərasimində məşəlin Olimpiya Stadionuna paralimpiyaçı İlham Zəkiyev tərəfindən gətirilməsi, ona qızıl medalı təqdim edərkən Sizin fəxri kürsüyə qalxmanız və eləcə də yarışlar zamanı əlil arabasında olan jurnalistə yaxınlaşıb foto çəkdirməyiniz təkcə Azərbaycana deyil, bütün dünyaya bu insanların eyni ilə bizim birimiz olduğu mesajı idi və biz qürur duyuruq ki, bunu məhz Azərbaycan Prezidenti etdi. Bu mesaj əlillərin cəmiyyətə inteqrasiyası üçün əvəzsiz əhəmiyyət kəsb edir. Eyni zamanda, paralimpiyaçıların çıxışlarını Oyunların proqramına daxil etdiyi üçün birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

Oyunlar zamanı nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 18 nəfər gənc, həmçinin əlilliyi olan şəxslərin internet televiziyasının kollektivi könüllü kimi iştirak edib, uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlar alıblar. 

Ölkəmizdə sosial xidmət sisteminin mövcud standartlara uyğun yenidən qurulması və bu sahədə ciddi islahatların aparılması vacib məsələlərdən biridir. Hazırda nazirliyin yerli orqanları tərəfindən əlilliyi olan şəxslərə həm stasionar, həm də səyyar sosial xidmətlər göstərilir. Belə ki, 9 sosial xidmət müəssisəsində ümumilikdə 1182 nəfər tam dövlət təminatında olmaqla stasionar sosial xidmətlə əhatə edilib və son 6 ay ərzində onlardan 32 nəfəri ailələrinə qayıdıb. 12853 nəfərə isə nazirliyin 1277 nəfər sosial işçisi tərəfindən səyyar qaydada, yəni, evlərində sosial-məişət xidməti göstərilib. Fikrimizcə, səyyar sosial xidmət göstərilməsi sosial sifariş kimi özəl sektora verilməli, sosial müdafiə mərkəzləri sifarişçi kimi monitorinq funksiyasını həyata keçirməli, sosial işçi ştatları isə ləğv edilməlidir. Cənab Prezident, razılığınız olacağı təqdirdə, yaxın vaxtlarda bu islahatları özündə əks etdirən hüquqi-normativ aktlara dəyişiklikləri Sizin diqqətinizə təqdim edə bilərik.

Cari ilin birinci yarısında tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üzrə görülən tədbirlər nəticəsində ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3 min nəfər azalıb. 

Aparılan təhlillər göstərir ki, reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə - I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə təkrar əlillik üçün müraciət etmələri həm bu kateqoriyadan olan vətəndaşlarımız arasında narazılıq doğurur, həm də məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini yüksəldir. Bunları nəzərə alaraq, cənab Prezident, Sizin təyinat üçün müraciətlərin dövrülük müddətinin artırılması və sayının azaldılması barədə tapşırığınıza uyğun olaraq təkrar müayinələrin I qrup üçün tamamilə ləğv edilməsi, digər qruplar üçün 5 ildə bir dəfə olmaqla II qrup üzrə sayının 3-ə, III qrup üzrə isə 4-ə endirilməsi barədə təkliflər hazırlanaraq diqqətinizə təqdim olunub. Bu institusional islahat tədbiri nəticəsində bir il ərzində müayinədən keçirilənlərin sayı 280 min nəfərdən 35-40 min nəfərə qədər azalacaqdır ki, bu da ilkin təyinat prosesinin avtomatlaşdırılmasına imkan yaradacaqdır. 

Cari ilin birinci yarısında 3 min 600 nəfər əlilliyi olan şəxsə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası və 216 ədəd eşitmə aparatı verilib.

Möhtərəm cənab Prezident, son 12 il ərzində Sizin reallaşdırdığınız müasir infrastrukturun qurulması, iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində Azərbaycanda işsizlik səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə - 5 faizə endiyi halda, bir çox Avropa ölkələrində bu göstərici yüksəlməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, 2015-ci ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olub. Bununla belə, son 6 ay ərzində ölkəmizdə aktiv məşğulluq tədbirləri davam etdirilib. Bu müddətdə məşğulluq xidməti orqanlarına müraciət edən 27,7 min nəfərdən 13,7 min nəfəri münasib işlə təmin olunub. Eyni zamanda, 2120 nəfərə işsiz statusu verilib, 2320 nəfərə işsizlik müavinəti təyin edilib, 1800 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. “Əmək Birjaları” tərəfindən 1480 nəfər, respublikanın 11 şəhər və rayonunda təşkil olunan əmək yarmarkalarında isə 650 nəfər işlə təmin edilib. 

Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu, 20,6 faizdir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib. Bununla belə, gənclərin məşğulluğunun artırılması üzrə xüsusi layihələrin hazırlanması, eləcə də onlara əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılması üçün aktiv məşğulluq tədbirlərinin artırılması zəruridir. Bunu nəzərə alaraq, möhtərəm cənab Prezident, ölkəmizdə ayrıca işsizlik sığortası sisteminin qurulmasına olan ehtiyacı diqqətinizə məruzə edir və bu barədə müvafiq tapşırıqlar verməyinizi xahiş edirəm.

MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaradıb. 2015-ci ilin 1 iyul tarixinə həmin sistemə 55 min işəgötürən tərəfindən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edilib.

Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa imkan verir. Belə ki, iqtisadi fəallığın və investisiya qoyuluşlarının azalması ilə bağlı əksər ölkələrdə baş verən iş yerlərinin böyük həcmli ixtisarı Azərbaycanda müşahidə olunmur və ölkəmizin əmək bazarı xaricilər üçün cəlbedici olaraq qalır. Cari ilin 6 ayı ərzində nazirliyə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən 9357 müraciət daxil olub ki, bu da ötən ilin ilk 6 ayına nisbətən 11,8 faiz çoxdur. Təəssüf ki, bu müraciətlərin yalnız 7 faizə yaxını yüksək ixtisaslı mütəxəssislərə aid olub. Cənab Prezident, Sizin 2014-cü il 24 dekabr tarixli Fərmanınıza uyğun olaraq yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlanıb və yaxın vaxtlarda diqqətinizə təqdim olunacaqdır. 

Cari ilin 6 ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 1 milyon 93 min dəfə istifadə olunub ki, bu da ölkə üzrə ən yüksək göstəricilərdən biridir.

Möhtərəm cənab Prezident, Sizin nazirliyin fəaliyyətinin bütün istiqamətləri, xüsusilə də ünvanlı sosial yardımların və əlilliyin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə tapşırıqlarınızın icrası sürətlə təmin edilir.

Hazırda nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri yekunlaşdırılıb. Bu sistemin tətbiqi ölkə vətəndaşlarına ailə üzvlərindən birinə verilən notarial və vəkalətnamədən başqa hər hansı sənəd toplamadan və yerli orqanlara getmədən istənilən internet bağlantısı olan nöqtədən ünvanlı sosial yardım üçün nazirliyə elektron müraciət etmək və 15 gün ərzində mobil telefonuna göndəriləcək sms vasitəsilə təyinat barədə məlumat almaq imkanı yaradacaqdır. Sistemin qurulmasını Ədliyyə Nazirliyində vəkalətnamələrin avtomatlaşdırılmış qeydiyyatı bazasının mövcudluğu son dərəcə asanlaşdırıb və bu dəstəyə görə Ədliyyə Nazirliyinə, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürümüzü bildirir və ümid edirik ki, digər dövlət orqanları da öz informasiya resurslarını bu məqsədlərdən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istifadəsi üçün açacaqlar. Çünki vətəndaşların müraciətlərindəki məlumatlar yalnız həmin informasiyalar əsasında dəqiq yoxlanıla bilər. Dünya Bankının mütəxəssislərinin fikrincə, belə bir sistemin qurulması bütün ölkələr üçün örnək ola bilər. 

Cənab Prezident, icazə verin Sizi əmin edim ki, həm ünvanlı sosial yardımların, həm də əlilliyin təyinatının avtomatlaşdırılması ilə vətəndaş-məmur təmaslarının minimuma endirilməsi barədə Sizin tapşırıqlarınız dəqiqliklə yerinə yetiriləcək və Azərbaycan Respublikasında səmərəli əmək və məşğulluq siyasətinin, həmçinin əhalinin güclü sosial müdafiəsi sisteminin müasir əsaslarla yenidən qurulması tam təmin olunacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Dövlətimizin başçısı iclasda yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

- Biz iqtisadi artımın yüksək templərini ilin sonuna qədər saxlamalıyıq. Əminəm ki, biz buna nail olacağıq. Çünki birinci altı ayda göstəricilər çox müsbətdir. Gələn altı ay ərzində elə işləməliyik ki, ili gözəl nəticələrlə başa vuraq. Əminəm ki, makroiqtisadi sabitlik də təmin olunacaq. Çünki bayaq dediyim kimi, inflyasiya cəmi 3,5 faiz təşkil edir və ümumiyyətlə hesab edirik ki, birrəqəmli inflyasiya hər bir ölkə üçün gözəl göstəricidir. Son illər ərzində bizdə inflyasiya çox aşağı səviyyədədir. Bu səviyyə əlbəttə ki, normal iqtisadi inkişafı təmin edir və insanların rifah halını yaxşılaşdırır. 

Dövlət investisiya proqramı icra edilir. Bu proqram çox konkret xarakter daşıyır. İnvestisiya proqramı ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitədir. İlin sonuna qədər bütün lazımi infrastruktur layihələrinin icrası davam etdirilməlidir və yeni layihələr icra edilməlidir. 

Bu yaxınlarda müxtəlif bölgələrdə kənd yollarının tikintisi ilə əlaqədar müvafiq sərəncamlar imzalanmışdır və yeni sərəncamlar da imzalanacaq. Kənd yollarının tikintisi üçün həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılmalıdır ki, ilin sonuna qədər bu proses sürətlə davam etsin. Deyə bilərəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilmişdir və bu diqqət hesabına bir çox kəndlərdə yeni yollar salınmışdır. Amma hələ elə kəndlər var ki, orada yollar bərbad vəziyyətdədir. Bizdə bütün informasiyalar var. Mən bölgələrdə olarkən yerli icra orqanlarının nümayəndələri ilə bu məsələləri müzakirə edirəm, göstərişlər verirəm. Onlar təkliflər verir və sonra bu təkliflər nəzərə alınır, məsələlər həllini tapır.

Qazlaşdırma davam etməlidir. Hər ay mənə məlumat verilir, hansı rayonda hansı kənd qazlaşdırılıb. Demək olar ki, hər ay bir neçə kənd qazlaşdırılır. Hesab edirəm ki, bu işlər daha da sürətlə aparılmalıdır. Qazlaşdırma Azərbaycanda çox yüksək səviyyədədir. Amma çalışmalıyıq ki, bu sahəni mümkün qədər daha da genişləndirək. Çünki buna böyük tələbat var. 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu il yaranıb. Cəmiyyətin qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır.

Bakıda da işlər davam edir. Baxmayaraq, bir neçə ildir ki, biz Bakıda təminatı artıq maksimum dərəcədə həll etmişik. Ancaq əlbəttə ki, şəhər böyüyür, əhali artır, yeni sənaye obyektləri, ictimai obyektlər, idman qurğuları yaradılır, “Ağ şəhər” kimi şəhər içində şəhər tikilir. Bütün bunlar əlavə enerji resursu almalıdır. Ona görə, yeni yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunur. Hazırda bizdə generasiya gücü kifayət qədərdir, ancaq biz gələcəyə baxmalıyıq. Generasiya gücü həmişə tələbatdan 10-15, bəlkə də 20 faiz artıq olmalıdır. Həm ehtiyat kimi saxlamalıyıq, həm də bizim ixrac potensialımız da var. Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə, ölkə daxilində, xüsusilə bölgələrdə, uzaq kəndlərdə bütün enerji infrastrukturu ən yüksək səviyyədə olmalıdır. 

İçməli su-kanalizasiya layihələri bir çox rayonlarda artıq başa çatıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur. Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirəm ki, ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və rayonlarımızda bu işlər aparılmalıdır. 

Son illər ərzində görülən tədbirlər nəticəsində Bakıda içməli su ilə dayanıqlı, yəni, fasiləsiz təminat əhalinin 78 faizini əhatə edir. Əlbəttə, əvvəlki dövrlə müqayisə etsək, bu, yaxşı göstəricidir. Ancaq bu göstərici bizi heç cür qane edə bilməz. Bakı kimi gözəl, müasir şəhərdə 100 faiz təminat olmalıdır, 24 saat içməli su olmalıdır. Bu, çox ağır məsələdir, çünki burada həm böyük investisiyalar olmalıdır, həm də texniki məsələlər kifayət qədər mürəkkəbdir. Əlbəttə, investisiyalar ayrılır, texniki məsələlər də öz həllini tapır və çalışmalıyıq ki, biz Bakını içməli su ilə tam şəkildə təmin edək. Bütün bölgələr üzrə hər bir rayon üçün xüsusi layihə var. Dediyim kimi, bir çox rayonlarda başa çatıb, bəzi yerlərdə davam edir, yaxud da ki, hazırlıq işləri aparılır. 

İçməli su ilə təminat əlbəttə ki, ilk növbədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Ancaq bununla bərabər qeyd etməliyəm ki, digər qurumlar da bu işlərlə məşğuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sutəmizləyici qurğuları quraşdırır. Məndə olan məlumata görə, bu il 90 min əhali təmin olunub, 48 məntəqədə qurğular quraşdırılıb, proqramın əvvəlindən isə 530 min insan çaylar boyu yerləşən kəndlərdə artıq bu qurğulardan istifadə edir. Bu proses davam etdirilməlidir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması davam edir. Hər il Prezidentin Ehtiyat Fondundan xüsusi vəsait ayrılır, bu barədə sərəncam mətbuatda dərc edilir və o sərəncamda həm kənd əhalisinin bunu bilməsi, eyni zamanda, nəzarət üçün bütün kəndlərin adları göstərilir. Bu il kəndlərdə 300 quyu qazılmalıdır. Onlardan 170-i artıq qazılıbdır və bu proqram artıq 630 min insanı əhatə edir. Beləliklə, “Azərsu” ilə bərabər, ekologiya və meliorasiya qurumları 1 milyon 160 min insanı təmiz içməli su ilə təmin ediblər. Bu, çox ciddi sosial məsələdir. İlk növbədə, sosial məsələdir, yəni buna ayrılan vəsait heç vaxt dövlət büdcəsinə qayıtmayacaq. Çünki bizdə suyun qiyməti çox aşağıdır. Ancaq biz bunu insanların sağlamlığı, normal yaşaması üçün edirik və etməliyik.

Suvarma ilə bağlı layihələr. Artıq onların böyük hissəsi başa çatıb. Şəmkirçay, Taxtakörpü su anbarları tikilib istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətimizdir. Hazırda yeni kanalların tikintisi gedir və bu məqsədlər üçün də ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılmalıdır. Xüsusilə, Şəmkirçay dəryaçasından əkin sahələrinə gedən kanallar sürətlə tikilməlidir ki, biz bu infrastrukturdan maksimum dərəcədə istifadə edək. 

Xızı rayonunda artıq kanallar tikilir. Taxtakörpüdən qidalanan torpaq sahələri müəyyən edilib və minlərlə hektar torpaq sahəsi bu il artıq suvarılacaq və oradan biz yaxşı məhsul gözləyirik. Beləliklə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox önəmli addımlar atılmış olur. 

Bu il Tovuzçay su anbarının tikintisi başa çatıb. Bu da çox önəmli layihədir. İyirmi min hektar torpaqda suvarma yaxşılaşdırılacaq və 300 hektarda yeni torpaq sahələri suvarılacaqdır. 

Əlbəttə ki, bunlar bilavasitə kənd təsərrüfatı ilə bağlı olan işlərdir. Giriş sözümdə qeyd etdiyim kimi, kənd təsərrüfatının inkişafı bizim üçün prioritetdir. Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq. 

Bütün lazımi tədbirlər görülüb – struktur islahatları aparılıb, müvafiq sərəncamlar imzalanıb. Biz öz potensialımızdan maksimum dərəcədə istifadə etməliyik və əhalimizi 100 faiz səviyyəsində ərzaq məhsulları ilə özümüz təmin etməliyik. Biz buna yaxınlaşırıq. Hər il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasını müzakirə edərək bu barədə xüsusi danışırıq. Bununla bərabər, biz ixrac bazarlarına çıxışı da əldə edirik. Çünki dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün ilk növbədə məhsul rəqabətqabiliyyətli olmalıdır. Digər tərəfdən, o bazarlarda bizim logistik imkanlarımız olmalıdır. Eyni zamanda, onu da qeyd etməliyəm, dost ölkələrlə əlaqələr yüksək səviyyədə olmalıdır. Çünki indi ölkələr öz daxili bazarlarını qoruyur və demək olar ki, inkişafda olan ölkələr daxili istehsalla ciddi məşğuldurlar. Bu da təbiidir. Necə ki, biz məşğuluq, başqaları da məşğuldur. Ona görə, gələcəkdə bazarlara çıxış problemi əsas problem ola bilər. Biz buna hazır olmalıyıq. 

Sənayeləşmə prosesi də uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artmışdır. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olmuşdur. Amma qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi. 

Biz, eyni zamanda, özümüzü tikinti materialları ilə tam təmin etməliyik. Bu sahədə də böyük irəliləyiş var və tikinti materiallarını artıq ixrac etməyə başlamışıq. Bu istiqamətdə iş davam etdirilməli, ərzaq məhsulları ilə yanaşı, tikinti materiallarının ixracı üçün yeni bazarlar aşkar edilməlidir.

İş yerlərinin yaradılması qeyd etdiyim kimi, daimi proses olmalıdır. Çünki bəzi başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhali artır. Bu da, əlbəttə ki, insanların yaşayış səviyyəsinin artması ilə bağlıdır. Belə olan halda iş yerləri daim diqqət mərkəzində olmalıdır. Bizdə hər il əhali orta hesabla təxminən 100 min nəfər artır. Yəni, bu, gələcəkdə 100 min iş yerinin açılması deməkdir. Biz bunu nəzərə almalıyıq. Burada əlbəttə ki, düşünülmüş strategiya olmalıdır, bilirəm, müvafiq qurumlar, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər qurumlar bu strategiyanı işləyiblər. Bu, daim diqqət mərkəzində olacaq.

Qeyd etməliyəm ki, qeyri-neft sektorunun inkişafı çox sevindiricidir, bu il 9,2 faiz artıb. Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb. 

Ancaq, eyni zamanda, əlbəttə ki, sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm. Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər. Mən burada heç bir tövsiyə də vermək istəmirəm. Ancaq tələblərə gəldikdə, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər. Əvvəlki dövrlərdə neftin qiyməti yüksək idi. Ölkəyə çox böyük valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalıb. Bu, təbiidir. Bunu hamı bilməlidir. Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar tam şəkildə icra edilir, amma bizim dövlət investisiyamız azalıbdır. Kapital qoyuluşu azalıbdır. 

Mən giriş sözümdə qeyd etdim ki, son bir neçə il ərzində bəlkə ilk dəfədir, xarici sərmayə daxili sərmayəni üstələyib. Nəyə görə? Ona görə ki, daxili investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda, əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir.

Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq. 

Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın. 

Biz ilin sonuna qədər sosial infrastrukturun yaradılması ilə məşğul olacağıq. Göstəriş vermişəm ki, məktəblərin, uşaq bağçalarının və tibb ocaqlarının tikintisinə əlavə vəsait ayrılsın. 

Köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu sahədə lazımi tədbirlər görülür, həm Dövlət Neft Fondunun xətti ilə vəsait ayrılır, yeni binalar tikilir, eyni zamanda, dövlət büdcəsində güzəştlər nəzərdə tutulub. Bu məsələ daim diqqət mərkəzindədir. Çalışmalıyıq ki, köçkünləri gələcəkdə də maksimum dərəcədə tezliklə yaxşı mənzillərə, evlərə köçürək. Bilirsiniz ki, hər il orta hesabla 20 min insan artıq yeni mənzillərə köçürülür. 

Mən bir məsələni də bildirmək istəyirəm. Həm ictimaiyyət bilsin, həm də ki, burada artıq bu məsələ uzun müddətdir müzakirə olunur, göstərişlər verilib. Bu da dərman preparatlarının bazarı ilə bağlı olan məsələdir. Əfsuslar olsun ki, uzun illər burada da çox xaotik vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalmışdır. Çünki biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Hər şey bazar tərəfindən tənzimlənir və təklif, qiymət, tələbat - yəni, bütün bunlar iqtisadi mexanizmlərdir. Hesab edirdik ki, indi bazar hər şeyi tənzimləyir, alıcılıq qabiliyyəti var, qiymətlər var. Amma sonra məsələni dərindən təhlil edərkən gördük ki, burada çox böyük ədalətsizliklər var. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib.

İqtisadiyyat və Sənaye Nazirliyi, digər qurumlar, Səhiyyə Nazirliyi məruzə ediblər və bir neçə aydır ki, bu məsələ ilə ciddi məşğuluq. Hesab edirəm ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır. Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır. Ona görə, indi bütün məsələ təhlil edilib. Artıq bir neçə aydan sonra tətbiq edilməyə başlayacaqdır. Hesab edirəm ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində olacaq. 

Hesab edirəm ki, biz sosial məsələləri müzakirə edərkən, əlbəttə, bu məsələlər sırf sosial xarakter daşıyır. Bu, mənəvi xarakter daşıyır. Dərman paltar, avtomobil deyil. Dərman insanların həyatıdır, onların sağlamlığıdır. Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar. Başa düşürsünüz nə edirlər? İnsanlar nə etsinlər? Ona resept yazırlar, o da gedir alır. Nəyi alır, hansı keyfiyyətdədir? O, onu qəbul etməlidir, yoxsa yox? O haradan bilsin? Dərd burasındadır. Ona görə, bax, biz bu sosial və mənəvi pozuntuları aradan götürəcəyik. 

Digər sosial məsələ ipoteka kreditləşməsi ilə bağlıdır. Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın.

Mən ekoloji vəziyyətlə bağlı dəfələrlə məsələ qaldırıram və şadam ki, Bakıda ekoloji vəziyyət yaxşılaşır. Son mühüm nailiyyət Böyükşor gölü ilə bağlıdır. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində yuxarıdan çəkiliş aparılarkən biz Böyükşor gölünün mənzərəsini də görürdük. Görürdük ki, bu, indi şəffaf, gözəl bir göldür. Vaxtilə bu, ekoloji fəlakət gölü idi. İkinci Dünya müharibəsi zamanı ondan açıq neft rezervuarı kimi istifadə edirdilər. Ondan sonra kanalizasiya, lay suları, bütün zir-zibil bu gölə tökülürdü və onun yanında dayanmaq mümkün deyildi. Artıq Böyükşor gölünün bir hissəsi təmizlənib, gözəl bulvar salınıb, göz oxşayır. Bu, göstərir ki, hər şeyi etmək mümkündür. Gərək, sadəcə, niyyət və istək olsun. 

Böyükşor gölünün ikinci hissəsinin təmizlənməsi davam etməlidir. Bu il və gələn il bu məqsədlər üçün vəsait ayrılmalıdır. Beləliklə, şəhərdə gözəl göl yaranacaq. Bilirsiniz ki, biz təmizləmə işləri aparmaq üçün bu gölü bəndlə ikiyə böldük. Eyni zamanda, bu bənd gələcəkdə yola çevriləcək və əlavə bir yol arteriyası kimi fəaliyyət göstərəcək.

Zığ gölünün təmizlənməsi prosesi də bu il başlamalıdır. Bu məqsədlər üçün də büdcədən vəsait tapın və biz bunu da yubatmayaq. 

Eyni zamanda, bu il Bakıda Ağ Şəhər bulvarı istifadəyə verilib. O da ekoloji fəlakət zonasında yaradılan bulvardır. Bayıl bulvarı neft buruqlarına qədər gəlib çatıb. Yəni, o tərəfə daha gedə bilmirik, çünki artıq orada neft hasil edilir, bu tərəfə də gedə bilmirik ki, orada neftayırma zavodu yerləşir. Ona görə, yəqin ki, bir neçə il gözləməli olacağıq. Heydər Əliyev adına neftayırma zavodunda böyük yenidənqurma işləri nəzərdə tutulur. Hesab edirəm ki, Ağ Şəhər bulvarına yaxın yerləşən neftayırma zavodu tədricən oradan köçürülməlidir. Bu, həm ekoloji cəhətdən lazımdır, həm də işin daha da səmərəli şəkildə qurulması bunu tələb edir. İndi o yerlərdə, o zonalarda olan insan oraya yaxınlaşdıqca dərhal havanın tərkibini hiss edir. Biz havanı təmizləməliyik, havanı çirkləndirən orada uzun illər fəaliyyət göstərən bir qurğudur. 

Əminəm ki, Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axını daha da artacaq. Buraya gələn qonaqlar Bakının gözəlliyinə, rahatlığına, təhlükəsizliyinə valeh olublar. Qeyd etməliyəm ki, bu məsələlər qonaqların daim diqqət mərkəzində idi. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər. 

Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək. İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib. Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompyuterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam. Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək.

 Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır. 

Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər.

Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün, Avropa üçün tarixi hadisə idi. Biz bu şərəfli missiyanı öz üzərimizə götürmüşük və bunu ən yüksək səviyyədə keçirmişik. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Bu, ölkəmizin gücüdür, potensialıdır. Ən sevindirici hal ondan ibarətdir ki, idmançılarımız bizi sevindirib və komanda hesabında ikinci yerə çıxıblar. Onlar 21-i qızıl olmaqla 56 medal qazanıblar və sübut ediblər ki, Azərbaycan idman dövlətidir, Azərbaycan güclü dövlətdir. Bütün qurumlar çox fəal işlədilər, təşkilat, təhlükəsizlik, nəqliyyat məsələləri, obyektlər, idman qurğuları, könüllülər, yəni, hər şey ən yüksək səviyyədə həll olunmuşdur. Bu, doğrudan da bizim böyük qələbəmizdir. 

Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlisilahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, sən müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fövqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlisilahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar - budur bizim dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliyə gedirik. Sağ olun.


Böyük ölçüdə



Böyük ölçüdə