İlham Əliyev Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib

11 avqust 2015, 15:20
İlham Əliyev Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində avqustun 11-də Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib.

Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilir. Bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin şəhər və rayonlarında mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən qurulması ümumilikdə regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı yolu da bu baxımdan vacib əhəmiyyət daşıyır.

Tikintisinə 2014-cü ilin mayında başlanılan bu yolun inşası yüksək səviyyədə və keyfiyyətlə aparılıb. Yolun istifadəyə verilməsi sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin kəndlərin inkişafında da mühüm rol oynayacaq.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verildi.

Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun inşası üçün dövlətimizin başçısının 2013-cü ildə imzaladığı Sərəncama əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Tikintinin davam etdirilməsi məqsədilə Prezidentin ötən il imzaladığı Sərəncamla isə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir. Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini - Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.

Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərdəki ara yolların müasir səviyyəyə çatdırılması bir daha sübut edir ki, respublikada gedən sürətli sosial-iqtisadi inkişaf hər bir ucqar kəndi də geniş əhatə edir və ölkəmizin bütün vətəndaşlarına bu tərəqqidən pay düşür.

Sonra Azərbaycan Prezidenti sakinlərlə görüşdü.

Görüş iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Mən sizi görməyimə çox şadam. Yenidən Cəlilabad rayonunda olmağımdan da çox şadam. Bilirsiniz ki, mən Prezident kimi dəfələrlə Cəlilabad rayonunda olmuşam. Bu, mənim yeddinci səfərimdir və bütün səfərlərdə çox yaxşı tədbirlərdə iştirak etmişəm.

Son illərdə Cəlilabadda həm iqtisadi, həm sosial sahədə çox böyük işlər görülür, gözəl obyektlər tikilir. Xatırlayıram ki, keçən dəfə burada olarkən Mərkəzi Rayon Xəstəxanasının açılışını etmişdik. Ondan əvvəl Müalicə-Diaqnostika Mərkəzinin, Olimpiya İdman Mərkəzinin, Gənclər Evinin, şahmat məktəbinin, yolların açılışında iştirak etmişəm, digər obyektlərdə olmuşam.

Cəlilabadda parklar, xiyabanlar salınır. Rayon sürətlə, uğurla inkişaf edir, həm sosial, həm iqtisadi məsələlər öz həllini tapır. İnsanların rahatlığı və iqtisadi inkişafın dərinləşməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilir ki, bu layihələr böyük əhəmiyyət daşıyır. Cəlilabad rayonu əhalisinin böyük əksəriyyətinin qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o cümlədən kənd yollarının yenidən qurulmasının xüsusi əhəmiyyəti var. Belə olan halda, əlbəttə ki, kənd yollarının tikintisi bəlkə də ən vacib məsələdir və bu gün açılan yol Cəlilabad rayonunda icra edilən dördüncü kənd yolu layihəsidir. Bu günə qədər üç layihə icra edilmişdir. Artıq 60-a yaxın yaşayış məntəqəsinə kənd yolları çəkilib və işlər yüksək səviyyədə icra edilmişdir. Bu qəsəbələrdə 100 minə yaxın əhali yaşayır.

Alar-Cəfərxanlı kənd yolunun açılışı da növbəti layihədir. Əlbəttə ki, gələcəkdə kənd yollarının tikintisi davam etməlidir, çünki hələ ki buna ehtiyac var və Cəlilabad böyük rayondur. Bir çox yaşayış məntəqələri var, əhali də böyükdür. Ona görə Cəlilabada daim yüksək səviyyədə diqqət göstəriləcəkdir.

Bu gün, eyni zamanda, iri fermer təsərrüfatının açılışını qeyd etmişik. Bu da çox gözəl hadisədir. Bu gün artıq Azərbaycanda 20-yə yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir və bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. Hektardan 50-60 sentner məhsul götürülür. Bax, budur yeni yanaşma və bizim siyasətimiz. Bir neçə il bundan əvvəl göstəriş verilmişdir ki, iri fermer təsərrüfatları yaradılsın və onlardan artıq 19-u yaradılmışdır. Biri də bu gün açılıbdır. Burada həm iş yerləri açılır, eyni zamanda, yeni bir kənd təsərrüfatı sistemi formalaşır.

Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir və şadam ki, bol məhsul götürülübdür. Bu il kənd təsərrüfatı 7 faizdən çox artmışdır. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin.

Mən tam əminəm ki, biz öz ərzaq təhlükəsizliyimizi yüz faiz səviyyəsində təmin edə bilərik. Hesab edirəm, bu məqsədə çatmaq üçün bizə bir neçə il lazımdır. Çünki bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Hesab edirəm ki, digər sahələrdə də eyni yanaşma olmalıdır, nəyi özümüz istehsal edə biliriksə istehsal etməliyik.

Tikinti materialları, ərzaq məhsulları və sənayenin inkişafı da əlbəttə ki, daim diqqət mərkəzində olmalıdır. Bir daha demək istəyirəm ki, Cəlilabad rayonunun inkişafı üçün əlavə tədbirlər görüləcək. Çox işlər görülüb, ancaq görüləsi işlər çoxdur. Hazırda içməli su və kanalizasiya layihəsi icra edilir və çalışacağıq ki, gələn ilin sonuna qədər Cəlilabad şəhərini tam şəkildə təmiz içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edək. Məktəb tikintisinə hələ ki, ehtiyac var. Düzdür son vaxtlar 30-a yaxın məktəb tikilib, təmir edilib, ancaq təmirsiz məktəblər əfsuslar olsun ki, var. Biz bunları bilirik, həll edəcəyik.

Cəlilabadda qazlaşdırma layihələri daha sürətlə getməlidir. Hələ ki, bu nə məni, nə də sizi qane edə bilməz. Çünki mənə verilən məlumata görə, Cəlilabadda qazlaşdırma orta hesabla təxminən 40 faiz səviyyəsindədir. Bu, çox aşağı səviyyədir və Dövlət Neft Şirkətinə, onun qurumu olan “Azəriqaz”a tapşırıq veriləcək ki, burada qazlaşdırmanın sürəti artırılsın. Çünki biz indi çalışırıq ki, ölkə üzrə qazlaşdırmanı 95 faizə çatdıraq, çatdıracağıq da. Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik. Belə olan halda, 40 faiz qazlaşdırma Cəlilabad üçün çox aşağı səviyyədir və əminəm ki, mənim sözlərimdən sonra bu sahədə işlər daha da sürətlə başlayacaq. Bir sözlə, insanlara lazım olan bütün məsələlər, layihələr icra edilir - içməli su, qazlaşdırma, elektrik enerjisi, kənd yolları, iş yerləri, sosial obyektlər, tibbi xidmət, təhsil. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün gərək iqtisadiyyatımız daha da sürətlə inkişaf etsin.

Bu il bizim iqtisadiyyatımız hələ ki, birinci yarımildə təxminən 6 faiz artıb. Dünya miqyasında bu, bəlkə də indiki dövrdə ən yüksək göstəricidir. Qeyri-neft sektorumuz 9 faizdən çox artıb. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi infrastruktur layihələri icra edilir. Bax, bugünkü layihə bunun bariz nümunəsidir. Bu layihələr bütün ölkə üzrə aparılır. Kənd yollarının tikintisi ölkə üzrə geniş vüsət almışdır, çünki buna böyük ehtiyac var. Bu sosial məsələdir, ilk növbədə, insanların rahatlığıdır və iqtisadi məsələdir, çünki kənd yolu olanda iş yeri də açılar, müəssisə də yaradılar, eyni zamanda, biz bir çox məsələləri də həll etmiş olarıq. Misal üçün, əvvəllər hər bir yaşayış məntəqəsində, yaxud da ki bir neçə məntəqənin ətrafında mütləq bir tibb müəssisəsi olmalı idi. Çünki mərkəzə gediş-gəliş o qədər də rahat deyildi. Ancaq indi 20-22 kilometrlik rahat yolu bir neçə dəqiqəyə gəlmək olar və burada, Cəlilabad şəhərində həm Müalicə-Diaqnostika Mərkəzi, həm Mərkəzi Rayon Xəstəxanası var. Ona görə, iqtisadi sahədə, yəni sosial və iqtisadi məsələlərin həlli üçün də kənd yollarının çox böyük əhəmiyyəti var. Amma yenə də deyirəm, bu, ilk növbədə, insanların rahatlığı üçündür.

Bu yol üzərində 6 kənd yerləşir, 20 mindən çox əhali yoldan istifadə edəcək. Bax, biz bu yolla gedirik və bu yol inkişaf yoludur. Bizim əldə etdiyimiz uğurlar onu sübut edir ki, Azərbaycan sürətlə, inamla inkişaf edir, gələcəyimiz də daha yaxşı olacaq.

X X X

Rayon sakini Baxış MUSTAFAYEV dedi:

- Cənab Prezident, Cəlilabad torpağına xoş gəlmisiniz. Sizin sayənizdə biz firavan yaşayırıq, rahat yatırıq, ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Respublikanın bütün bölgələrində olduğu kimi, Cəlilabadda da çoxlu binalar, obyektlər tikilib. Bütün bunlar Sizin sayənizdə, Sizin bizə göstərdiyiniz diqqət və qayğı nəticəsində mümkün olub.

Yol həyat deməkdir. Bəli, əgər bir yerdə yol yoxdursa, orada həyat da yoxdur. Sizin sayənizdə kənddən şəhərə yox, şəhərdən kəndə axın var. Niyə? Ona görə ki, indi şəhərlə kənd arasında başqa bir fərq yaranır. Şəhərdə su, qaz, işıq var. Kənddə isə su, qaz, işıq və torpaq var. Deməli, bizim şəhərdəkindən daha yaxşı yaşamağa imkanımız var. Bunların hamısı Sizin sayənizdədir.

Bizim Buravar kəndi Yardımlının yaxınlığında yerləşir. Həmin kəndə getmək üçün səhər tezdən evdən çıxanda bəlkə də saat 4-5-də oraya çatmaq mümkün olurdu. İndi isə Siz dediyiniz kimi, oradan maşınla çox qısa vaxtda Cəlilabad şəhərinə gəlib çatmaq olar. Bunlar Sizin gecə-gündüz çəkdiyiniz əziyyətlərin nəticəsidir. Allah Sizi qorusun!

Allah ulu öndərimiz Heydər Əliyevi necə qoruyurdu. Sizə, balaca Heydərimizə, Mehriban xanıma cansağlığı, uzun ömür arzulayırıq. İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi Mehriban xanım çox böyük işlər gördü. Siz Mehriban xanıma orden təqdim edəndə və onu təbrik edəndə əslində bütün Azərbaycanı təbrik etdiniz.

X X X

Rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə cəlilabadlılar adından dövlətimizin başçısına minnətdarlıq edən sakin Lyubov DANİLOVA dedi:

- Cənab Prezident, Sizin layiq olduğunuz sözləri tapmağa çətinlik çəkirəm. Qısaca, onu demək istəyirəm ki, biz Sizə çox minnətdarıq, Sizi çox sevirik. Çox sağ olun, İlham Heydər oğlu!

Prezident İlham ƏLİYEV: Sağ olun.

Lyubov DANİLOVA: Mən Sizi də atanızı sevdiyim kimi sevirəm. Siz atanızın yolunu layiqincə davam etdirirsiniz. Birinci xanım Mehriban Əliyevaya sağ ol deyirik ki, hər işdə də, idmanda da irəlidə gedirik, hər şey yaxşıdır. Bir daha demək istəyirik ki, bizdə - təkcə Bakıda yox, bölgələrdə də hər şey yaxşıdır. İşığımız, qazımız var, yollarımız qəşəngdir. Qoy qonaqlar, əcnəbilər bizə də gəlsinlər. Bizim çox gözəl şəhərimiz var. Mən Cəlilabadın köhnə sakiniyəm, vaxtilə komsomolda işləyərkən heç vaxt fikrimə də gəlməzdi ki, bir zaman Cəlilabad belə gözəl olacaq. Rəhbərlərimiz sağ olsunlar ki, xalqı sevirlər, hamımızı sevirlər. Sizə xoşbəxtlik, firavanlıq diləyirəm. Qoy bizim suveren Azərbaycan çiçəklənsin! Sizə isə cansağlığı və firavanlıq arzulayırıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən bir dəfə demişəm ki, bizdə Bakı ilə başqa şəhərlər arasında fərq azalmalıdır. Lakin bu fərq yalnız o hesaba azalmalıdır ki, başqa şəhərlər Bakıya oxşamalıdır. İndi biz bu həddə yaxınlaşırıq. Hələ o dərəcəyə çatmamışıq, çünki Bakıya çatmaq çətindir, Bakı günbəgün gözəlləşir, lakin Cəlilabad da Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu münasibətlə sizi təbrik edirəm.

X X X

Sakin Böyükxan BAĞIRLI dedi:

- Cənab Prezident, xoş gəlmisiniz.

Biz alarlılar həmişə ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişik. Biz qürur hissi duyuruq və sevinirik ki, Siz bu gün bu siyasəti uğurla davam etdirirsiniz. Biz bu siyasətin bəhrəsini hər addımda görürük, hər an hiss edirik. Bunu elə Cəlilabadın timsalında da görürük. Siz dəfələrlə Cəlilabada gələrkən, açılışlar edərkən biz hədsiz dərəcədə sevinirik ki, rayonumuz doğrudan da gündən-günə gözəlləşir. Bir dəfə Siz gözəl bir söz dediniz. Dediniz ki, siz bəlkə də bunlara öyrəşmisiniz, amma kənardan gələnlər bu yenilikləri dərhal hiss edirlər.

Cənab Prezident, bütün bu yeniliklərə görə Sizə minnətdarlığımızı bildiririk. Bu yaxınlarda Siz “Azərişıq”la bağlı bir Sərəncam imzalamışdınız. O Sərəncam bizi hədsiz dərəcədə sevindirdi. Həmin Sərəncamın bəhrələrini biz rayonumuzda, bax elə bu kəndimizdə görürük. Bizim Alar kəndi gecələr Bakını xatırladır.

Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarıq. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Təşəkkür edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10