16 fevral 2011, 18:40

Siddiqə Məmmədova, Fuad Əliyev, Xəlil Yusifli, Məmməd Alim və başqaları, Gəncə, Azərbaycan

Möhtərəm və əziz Prezidentimiz!

Biz - elm adamları, incəsənət və din xadimləri, sahibkarlar, Cəncə ziyalılarını təmsil edən digər insanlar şəhərimizə göstərdiyiniz xüsusi qayğının və diqqətin nəticəsi olaraq Nizami yurdunda görülən böyük işlərə görə Sizə dərin minnətdarlığımızı ifadə etmək üçün bu müraciəti yazmaq qərarına gəldik. Bizi Sizin Gəncəyə son səfərinizin xoş təəssüratlarını yaşayırıq. Digər səfərləriniz kimi bu səfəriniz də bizdə böyük ruh yüksəkliyi, qurmaq, yaratmaq əzmi yaratdı. Qürur duyuruq ki, bu Sizin son illərdə Gəncəyə 11-ci səfərinizdir. Bu bizim üçün böyük şərəfdir və Sizin Gəncəyə, gəncəlilərə olan qayğınızı, məhəbbətinizi nümayiş etdirir. Sizin hər səfəriniz tarixi bir hadisəyə çevrilərək şəhərimizi keyfiyyətcə yeni səviyyəyə çıxardır.

Son illər məhz Sizin diqqətiniz və qayğınız sayəsində Gəncədə geniş quruculuq, abadlıq işləri aparılmış, küçə və meydanların siması dəyişmiş, əhali artmış, yeni-yeni müəssisələr açılmış, iqtisadiyyatımız inkişaf etmiş, insanların yaşayış səviyyəsi yüksəlmişdir. Öz tarixi simasını saxlamaqla müasirləşən şəhərimiz hər sahədə yeni yüksəliş yoluna çıxmışdır. Müasir hava limanı, Diaqnostika Mərkəzi, beşulduzlu mehmanxana, gözəl yollar, meydanlar – bütün bunlara görə Sizə minnətdarıq. Sizin göstərişinizlə gəncəlilərin ən sevimli istirahət yerlərindən olan Xan bağı son iki yüz il ərzində ilk dəfə yenidən qurulub, Şah Abbas məscidi əsaslı təmir olunub, əsrlərin yadigarı İmamzadə kompleksi ilk dəfə olaraq əsaslı təmir olunur, yenidən tikilir. Şəhər günlərinin qeyd edilməsi bütün sakinlərin ürəyindən olan gözəl bir ənənəyə çevrilib, Gəncə gerbi bərpa olunub.

Son illər Sizin təşəbbüsünüz və Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xan məqbərəsi tikilib, Comərd Qəssab türbəsi öz tarixi yerində bərpa edilib, Gəncə darvazası ucaldılıb, şəhərin tarixi yaddaşının bərpası istiqamətində digər mühüm işlər görülüb. Sizin tapşırıq və tövsiyyələrinizə uyğun olaraq Gəncənin tarixinə həsr olunmuş elmi-praktik konfrans keçirilib və ilk dəfə olaraq qədim dövrdən bu günə qədər Gəncənin tarixini əhatə edən kitab hazırlanıb. Bütün bunlar Sizin tariximizə və dinimizə olan hörmətinizi və qayğınızı nümayiş etdirir. Bu gün Gəncə bəlkə də öz tarixinin ən xoş, ən layiqli günlərini yaşayır. Bu Sizin gördüyünüz böyük işlərin nəticəsidir. Biz Sizin iş üslubunuzu böyük heyranlıq və iftixar hissi ilə izləyirik. Siz yerlərdə olur, müvafiq tapşırıqlar verir, icrasını nəzarətdə saxlayır, sonra yerində işləri qəbul edirsiniz. Bu, ölkənin inkişafını təmin edən, onu tərəqqiyə doğru aparan ən mühüm amillərdən biridir. Biz Sizə Gəncəyə görə, onun inkişafına görə və bütün Azərbaycanda görülən işlərə görə dərin minnətdarlığımızı bildiririk. Bütün bu işlərə görə gəncəlilər Sizi böyük məhəbbətlə Qurucu İlham adlandırırlar və biz əminik ki, Siz tarixdə məhz belə qalacaqsınız.

Möhtərəm cənab Prezident!

Biz qürur duyuruq ki, sözün əsl mənasında müstəqil dövlətdə yaşayırıq. Dövlətimiz bəzi məlum ölkələr kimi kənardan idarə edilmir, xalqın və Prezidentin iradəsi ilə idarə edilir. Bu da Heydər Əliyev siyasətinin, Sizin yüksək peşəkarlığınızın, intellektinizin və möhkəm iradənizin nəticəsidir.

Cənab Prezident, əminik ki, Sizin rəhbərliyiniz altında ölkəmiz gələcəkdə də böyük qələbələr və uğurlar əldə edəcəkdir. Biz Sizinlə, Sizin dərin intellektinizlə, iradəniz və cəsarətinizlə qürur duyuruq, Sizə möhkəm cansağlığı, səadət diləyirik və vətənimizin inkişafı, xalqımızın gələcəyi naminə yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzu edirik.

Dərin hörmətlə,

Gəncə şəhər ziyalıları adından:
Siddiqə Məmmədova, Fuad Əliyev, Xəlil Yusifli, Məmməd Alim və başqaları

cəmi 121 imza.