Gerb

18 fevral 2011, 17:10

Möhtərəm cənab Prezident!

Hər bir millətin, hər bir dövlətin mənəvi dəyərlərinin əsas meyarlarından biri də onun mədəniyyət göstəriciləridir. Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, memarlıq, dekorativ-tətbiqi sənət, xalçaçılıq, musiqi, miniatür incilərindən ibarət milli incəsənət şedevrlərimiz dünya mədəniyyəti sırasında layiqli yer tutur. Bu mənəvi sərvətlərimizin qorunması, gələcək nəsillərə ləyaqətlə çatdırılması, çağdaş mədəniyyətimizin yeni-yeni zirvələr fəth etməsi üçün zəmin yaratmaq həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Xüsusən ulu öndərimiz Heydər Əliyev bu istiqamətdə misilsiz işlər görüb. Mədəniyyətimizin himayədarı olan ümummilli lider fəxrlə söyləyib: “Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir. Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə, elmimizə, mənəviyyatımıza əsaslanır”.

Cənab Prezident!

Sizin rəhbərliyiniz dövründə dövlətimiz çox vacib və əzəmətli ictimai-iqtisadi, sosial-siyasi nailiyyətlər qazanıb. Buna ən parlaq sübut son iki ildə dünyanı bürümüş maliyyə böhranının ölkəmizdən yan keçməsidir. Siyasi-iqtisadi uğurlarla yanaşı, mədəniyyətimizin daha dərindən araşdırılması, qorunması, bəşəri dəyərlər səviyyəsində qiymətləndirilməsi sahəsində böyük nailiyyətlər qazanılıb. 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi-mədəni, milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi sahəsindəki misilsiz işləri Sizin tərəfinizdən böyük uğurla, ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Son illər ərzində Azərbaycan mədəniyyəti özünün yüksəliş dövrünə, sözün əsl mənasında, intibah mərhələsinə qədəm qoyub. Həyatımızın bütün sahələrində sürətli inkişafa nail olunması, Azərbaycanın iqtisadi baxımdan qüdrətli bir ölkəyə çevrilməsi genişmiqyaslı, beynəlxalq əhəmiyyətli mədəni layihələrinin həyata keçirilməsinə əsaslı zəmin yaradıb. Bu gün qədim və zəngin ənənələrə malik olan Azərbaycan mədəniyyətinin milli özünəməxsusluğunun, bəşər sivilizasiyasına verdiyi əvəzsiz töhfələrin təbliği və tanıdılması yolunda görülən ardıcıl işlər, mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində bərpası və tikilməsi, ölkəmizdə beynəlxalq simpoziumların, konfrans və sərgilərin, musiqi festivallarının keçirilməsinin ənənə halını alması, incəsənət xadimlərimizin sorağının dünyanın ən müxtəlif ölkələrindən gəlməsi buna misaldır.
Azərbaycanın zəngin mədəniyyəti bütün qitələrdə ləyaqətlə təmsil olunur və bu nəhəng işlərin miqyası ilbəil genişləndirilir. Sizin rəhbərliyinizlə həyata keçirilən mədəniyyət siyasəti bilavasitə dövlətimizin və dövlətçiliyimizin təbliğinə, təşviqinə, tərəqqisinə xidmət edir. Respublikamızda Mədəniyyət Kanalının yaradılması təşəbbüsü bu istiqamətdə növbəti və son dərəcə dəyərli, qətiyyətli addımdır. Cəmiyyətin belə bir kanalı görmək arzusu uzun illərdir mövcuddur. Eyni zamanda, belə bir televiziya kanalının açılması zərurətini Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm mədəniyyət tədbirləri və layihələr gündəmə gətirmişdir. Onu məhz Sizin qətiyyətiniz, xalqın mədəni irsinə böyük ehtiramınız reallaşdırdı. Biz inanırıq ki, Mədəniyyət Kanalı mənəvi dəyərlərimizin qorunması və təbliğinin, Azərbaycan xalqının, Azərbaycan dövlətinin təkamülünün parlaq ifadəçisinə çevriləcəkdir. Mədəniyyət Kanalı, eyni zamanda, öz tamaşaçılarını dünya xalqlarının özəl mədəniyyətləri ilə daha yaxından tanış edəcəkdir. Əminik ki, bu tanışlıq yalnız qədimliklə bitməyəcək, çağdaş kino, teatr, musiqi, boyakarlıq, heykəltəraşlıq, memarlıq, dizayn və neçə-neçə digər incəsənət növlərinin nadir iciləri, bədii əsərlərin parlaq nümunələri Azərbaycan tamaşaçısına çatdırılacaqdır. Belə fəaliyyətin möhtəşəmliyi üçün ilkin zəmin Mədəniyyət Kanalının məhz dövlət təminatında olmasıdır.
Mədəniyyət Kanalının “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti”nin bazasında yaradılması təkcə rəmzi məna daşımır. Ölkəmizin ana televiziyasının zəngin arxivi, səriştəli yaradıcı heyəti, rejissor-operator kadrları, texniki imkanları özü buna zəmin yaradıb. Çəkilişlər zamanı özümüz əyani şəkildə görmüşük ki, Sizin qayğınız və hərtərəfli dəstəyinizlə Azərbaycan Televiziyasının bütün studiyaları dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, texnologiya ilə təchiz olunub. 

Cənab Prezident!

Mədəniyyət Kanalının açılmasına göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə dərin ehtiram və təşəkkürümüzü bildirir, Azərbaycan Respublikasının daha da inkişafı, dünyanın aparıcı dövlətləri sırasında layiqli və şərəfli yer tutması uğrunda cəsarətlə apardığınız inamlı siyasi xəttin yeni-yeni zirvələr fəth etməsini arzulayırıq. 

Hörmətlə,

Akademiklər Mahmud Kərimov, Ağamusa Axundov, Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, xalq yazıçısı Anar, xalq artistləri Firəngiz Əlizadə, Əlibaba Məmmədov, Arif Babayev və digər tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin üzvləri.

Cəmi 41 imza.
Azərbaycan Respublikası, Bakı şəhəri.