07 oktyabr 2015, 14:50

Razim Quliyev və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Gəncə sakinləri dövlətimizə qarşı şər-böhtanla dolu və qərəzli qətnamə qəbul etmiş Avropa Parlamentinin ikili standartlarla çıxış etməsini qəti şəkildə pisləyirlər. Bu yalanların kökündə həm də erməni fitnəkarlığı dayanır. Belə ki, torpaqlarımızın iyirmi faizini işğal etmiş işğalçılara "gözün üstündə qaşın var" deyən yoxdur. Amma bizə qarşı münasibətdə demokratiyadan danışırlar. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini indiyədək yerinə yetirməyən Ermənistan ölkəmizə qarşı xain mövqe tutaraq atəşkəsi mütəmadi pozur və dinc sakinləri qətlə yetirir.

Biz ölkəmizə qarşı qərəzli mövqe tutmuş Avropa Parlamentinin deputatlarından tələb edirik ki, Azərbaycanın haqq səsini eşitsinlər və BMT-nin qətnamələrinin tələblərinin nəyə görə yerinə yetirilməməsini işğalçı  Ermənistandan  soruşsunlar. İctimai asayişin, sabitliyin, tolerantlığın və multikulturalizmin hökm sürdüyü Azərbaycanda baş verənləri görsünlər, yalan və iftira ilə dolu qətnamələrini ləğv etsinlər. Azərbaycan xalqının müstəqilliyi əbədi və daimidir. Heç bir qurum və ya təşkilat bizi bu yoldan döndərə bilməz.

Möhtərəm Prezident, biz Sizə inanır və güvənirik. Siz ölkəmiz üçün ən yaxşı yolları seçir, Azərbaycanı inamla irəli aparırsınız. Yolunuz daim uğurlu olsun!

Hörmətlə,

Quliyev Razim Nazim oğlu

Əliyev Eldəniz Tahir oğlu

Cabbarov Arif Lətif oğlu

Quliyev Xanlar Kərim oğlu və başqaları (cəmi: 731 imza).

Azərbaycan Respublikası, Gəncə şəhəri. ​