İlham Əliyev Avropa “Fair Play” Hərəkatının prezidentini və vitse-prezidentini, Beynəlxalq “Fair Play” Komitəsinin prezidentini qəbul edib

08 oktyabr 2015, 15:20
İlham Əliyev Avropa “Fair Play” Hərəkatının prezidentini və vitse-prezidentini, Beynəlxalq “Fair Play” Komitəsinin prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyutini, Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqeri və vitse-prezidenti Erdoğan Arıpınarı qəbul edib.

Azərbaycanın artıq beynəlxalq idman yarışlarının yüksək səviyyəli təşkilatçısı kimi dünyada öz sözünü dediyini vurğulayan Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınar Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarını böyük hadisə kimi qiymətləndirdi. Erdoğan Arıpınar Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının ilk birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda təşkil olunmasına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer də birinci Avropa Oyunlarını maraqla izlədiyini qeyd edərək Oyunların ölkəmizdə uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, insanların yarışları böyük ruh yüksəkliyi ilə izləmələrinin və hər bir idmançıya səmimi dəstək nümayiş etdirmələrinin onda böyük təəssürat yaratdığını vurğuladı.

Birinci Avropa Oyunlarını Bakıda şəxsən izlədiyini məmnunluqla qeyd edən Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti də Oyunların yüksək səviyyədə təşkili və Azərbaycan idmançılarının qazandığı nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Ölkəmizdə idman sahəsinə, xüsusən ədalətli oyunlara göstərilən diqqəti yüksək qiymətləndirən Jeno Kamyuti Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının Bakıda ilk birgə konqresinin təşkil edilməsinin qarşılıqlı əməkdaşlığın uğurlu rəmzi olduğunu bildirdi. Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Azərbaycanın təşkilatın tədbirlərinə ev sahibliyini öz üzərinə götürdüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi, ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığı gələcəkdə də davam etdirmək arzusunda olduqlarını dedi. 

Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı burada çoxlu sayda nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq idman qurumları ilə əməkdaşlığın önəminə toxunaraq, tədbir zamanı maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd etdi. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük marağa səbəb olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan idmançılarının uğurlu çıxışlarını xatırladı.

Daha sonra Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalı ilə təltif olunduğunu dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalına layiq görüldüyünə görə təşəkkürünü bildirdi, dövlət başçısı, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti kimi gələcəkdə də idmanın inkişafına ardıcıl dəstəyi davam etdirəcəyini vurğuladı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10