24 oktyabr 2015, 18:00

Mirhaşım Talışlı və başqalarından, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

Leysan yağışları nəticəsində  Lənkəran şəhərinə dəyən ziyanın aradan qaldırılması, çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinə 4 milyon manat vəsaitin ayrılması barədə Sərəncamınız hər bir lənkəranlı ailəsinə sonsuz sevinc bəxş etdi. Məhz bu Sərəncamınız bir daha sübut etdi ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır, onun firavan yaşayışını, təhlükəsiz həyatını təmin etmək iqtidarındadır. Dövlətimizin gücü, qüdrəti hər bir Azərbaycan vətəndaşı üçün olduğu kimi, hər bir lənkəranlı üçün də qürurvericidir.

Xalqımızın sevimli və unudulmaz rəhbəri Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunun Sizin tərəfinizdən böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf dinamik xarakter alıb, hər yerdə genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır, çoxlu sayda sosial obyektlər istifadəyə verilir, yol infrastrukturu yenilənir, zavodlar, fabriklər tikilir, iş yerləri açılır, maaş və müavinətlər dəfələrlə artıb, ən əsası, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşır. Sizin uğurlu daxili və xarici siyasətiniz beynəlxalq ictimaiyyətdə ölkəmizə qarşı yüksək inam yaradıb. Bütün dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanda iqtisadi artım müşahidə olunur, qeyri-neft sektoru inkişaf edir. Bütün bu uğurlar, Sizin yorulmaz fəaliyyətiniz sayəsində həyata keçirilən sosial-iqtisadi və mədəni islahatlar, regionların inkişafı ilə bağlı dövlət proqramlarının parlaq nəticələri xalqımızı hədsiz sevindirir, onu daha uğurlu gələcəyə ruhlandırır.

Möhtərəm cənab Prezident, fəxr edirik ki, inkişafının ən uğurlu dövrünü ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz qayğısı ilə yaşamış Lənkəran bu gün Sizin diqqətinizlə tam əhatə olunub. Son illər şəhərimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı ardıcıl olaraq verdiyiniz sərəncamları Lənkərana, onun tarixi keçmişinə, bugünkü mədəni səviyyəsinə, yaradıcı vətənpərvər insanlarına göstərdiyiniz hörmət və ehtiramın, doğmalıq münasibətinin parlaq nümunələri hesab edirik. Məhz bu sərəncamların icrası nəticəsində Lənkəran sürətlə inkişaf edərək ölkəmizin ən gözəl şəhərlərindən birinə, cənub bölgəsinin iqtisadi-mədəni mərkəzinə çevrilib. Sizin xeyir-duanızla açılışları olan beynəlxalq hava limanı, Heydər Əliyev Xatirə Parkı, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, əzəmətli Bayraq Meydanı, əsaslı bərpa olunmuş Mədəniyyət Mərkəzi, tarixi əhəmiyyətli "Xan evi", gözəl parklar, bağlar, asfalt küçələr, müasir işıq dirəkləri hər bir qonağın diqqətini cəlb edən şəhərimizin bugünkü yaraşıqlı simasıdır.

Bir neçə gün bundan əvvəl şiddətli küləklə müşayiət olunan leysan yağışları Lənkəran şəhərində və rayonun bir çox yaşayış məntəqələrində şəhər təsərrüfatına, xüsusilə uzun illərdən bəri təmir olunmayan çoxmənzilli yaşayış evlərinə ciddi ziyan vurub, insanlar çətin vəziyyətə düşüblər. Sizin Sərəncamınız bu insanlara atalıq qayğısı kimi təskinlik verir, onlarda xoş əhval-ruhiyyə, təhlükəsiz həyata əminlik yaradır. Bu Sərəncam qış fəsli ərəfəsində çətin və çıxılmaz vəziyyətdə qalan neçə-neçə insana, ailə başçısına, uşağa sevinc gətirməklə onları bir daha inandırdı ki, hər bir vətəndaşın, hər bir ailənin taleyi Sizin diqqətinizdədir, xalqa xidmət Sizin amalınızdır. Məhz bu xidmətinizə görə Siz xalqımızın tükənməz məhəbbətini, hörmət və ehtiramını qazanmısınız.

Əziz Prezidentimiz, biz bu insanlar da daxil olmaqla, bütün lənkəranlıların dərin minnətdarlığını Sizin ali diqqətinizə çatdırmaqdan şərəf duyuruq və Sizi əmin edirik ki, xalqımızı xoşbəxt gələcəyə aparan Heydər Əliyev siyasi kursunun qələbəsi naminə həyata keçirdiyimiz möhtəşəm fəaliyyətinizdə bundan sonra da həmişə Sizin yanınızda olacaq, rəhbərliyiniz altında gündən-günə tərəqqi edən, şöhrəti dünyaya yayılan doğma vətənimiz Azərbaycana xidmət edəcəyik.

Sizə möhkəm cansağlığı, uzun ömür, ölkəmizə şan-şöhrət, xalqımıza başucalığı gətirən şərəfli işinizdə yeni-yeni qələbələr arzulayırıq.

Allah Sizi, xalqımızı və dövlətimizi qorusun!

Çox sağ olun.

 

Dərin hörmət və ehtiramla,

Talışlı Mirhaşım, şair, alim

Kamal Kələntərli, rayon ağsaqqallar şurasının sədri

Sərhad Məmmədov, ağsaqqallar şurasının sədr müavini

Siyavuş Süleymanlı, yazıçı-publisist

Siddiqə Rzayeva, təqaüdçü

Böyükxanım Əliyeva, Xalq Artisti

Əbülfəz Ağayev, alim-aqronom və başqaları (cəmi 17 imza).

Azərbaycan Respublikası, Lənkəran şəhəri.