30 oktyabr 2015, 12:00

Vidadi Söyübovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyevin və Sizin rəhbərliyiniz altında müstəqil ölkəmizin inkişafı üçün görülən bütün işləri, Vətən qarşısındakı xidmətlərinizi yüksək dəyərləndiririk.

Sadə bir bağban olaraq əkin-biçinə çox həvəslə yanaşıram. Bunun əsas səbəbi ölkəmizdə bütün sahələrdə çalışan insanlarla yanaşı, kənd təsərrüfatı sahəsində də fəaliyyət göstərənlərə münbit şəraitin yaradılmasıdır. Hamı tədarük etdiyi məhsulu sərbəst olaraq istədiyi bazara çıxara bilir. Alın təri və halallıqla əldə edilən qazanc ailədə mehribanlıqla qarşılanır.

Qarşıdan gələn parlament seçkilərində biz hamılıqla dövlətimizin siyasətini bəyənən, ölkəmizi və xalqımızı sevən namizədə səs verəcəyik.

Möhtərəm Prezident, Sizin xalq qarşısındakı xidmətlərinizi yazmaqla, deməklə qurtarmaq olmaz. Cəmiyyət içinə çıxdıqda söhbət əsnasında bu fikri tez-tez eşidirik: "Allah Prezidentimiz İlham Əliyevi qorusun!".

Həmişə qəlbimizdə yaşayan, heç vaxt unudulmayacaq ümummilli liderimiz Heydər Əliyevin ruhu qarşısında baş əyirik. Ulu öndərin layiqli davamçısına, dövlətimizi və xalqımızı daha da yaxşı günlərə aparmaq arzusu ilə çalışan Prezidentimizə - Sizə bu çətin işdə möhkəm iradə, dözüm və həyatda ən gözəl nemət olan möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Söyübov Vidadi Vahid oğlu

Azərbaycan Respublikası, Yevlax rayonu, Ərəbbəsrə kəndi.