İbrahim Cəfərov və başqalarından, Gəncə, Azərbaycan
09 dekabr 2015, 14:15
Möhtərəm cənab Prezident!
Sizin müdrik rəhbərliyinizin nəticəsidir ki, Azərbaycanımız bu gün ictimai-siyasi baxımdan dünyanın ən sabit ölkələrindən biridir. Ölkəmizdə bərqərar olan tolerantlıq və multikulturalizm mühiti xalqımıza qürur verən milli-mənəvi dəyərlərdəndir.
Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi “Müsəlman birliyi” adlı qondarma hərəkatın ölkənin ictimai-siyasi sabitliyinə qarşı yönəlmiş təxribatlarını, kütləvi iğtişaşlar törətmək cəhdlərini qətiyyətlə pisləyir, qarşıdurmanı təşkil edənlərin ciddi şəkildə cəzalandırılmalarını xahiş edir. Belə bir vaxtda ölkəmizdə bu hadisələrin baş verməsi, xüsusən insan tələfatının olması bizi çox sarsıtdı. Hadisə zamanı xidməti fəaliyyətini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarına Allahdan rəhmət diləyirik.
Universitetimizin professor-müəllim heyəti və tələbələri Azərbaycan dövlətinin ekstremistlərə, təxribatçılara öz gücünü və qətiyyətini nümayiş etdirməsini hər zaman alqışlayır.
Hörmətli cənab Prezident, biz alimlər milli maraqlarımıza xidmət edən uğurlu daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyir, bu siyasətin qələbəsi uğrunda birgə mübarizə aparmaqdan şərəf duyuruq. Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi naminə yeni-yeni nailiyyətlər arzu edirik.
Səmimi hörmətlə,
Cəfərov İbrahim
Hətəmov Anar
Seyidəliyev Nizami
Qurbanov Xalid və başqaları (cəmi 26 nəfər)
Azərbaycan Respublikası, Gəncə şəhəri.