Gerb

04 mart 2011, 18:25

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə əsasən qərara alır: 

Maddə 1. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 689; 2007-ci il, № 12, maddə 1218) aşağıdakı əlavələr edilsin: 

1.1. Aşağıdakı məzmunda 9.11-ci maddə əlavə edilsin:
“ 9.11. Hava limanlarında sərnişinlərin gediş-gəliş yerlərində, baqajların və yüklərin yoxlanılma məntəqələrində gətirilməsi və ya aparılması “Aviasiya haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı sərnişinlər üçün yaxşı görünən yerlərdə lövhələrdə yerləşdirilməlidir.
Həmin siyahıda əşyaların gətirilməsi və ya aparılmasına qadağa qoyan, məhdudlaşdıran və ya xüsusi icazə tələb edən qanunun və ya digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir.
Hava limanlarında həmin siyahıda göstərilməyən əşyaların gətirilməsinə və ya aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə cəlb edilirlər.
Hava limanlarında siyahıda göstərilən əşyaların gətirilməsinə və ya aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxs sərnişinə bu barədə müvafiq normativ hüquqi aktın adını, maddəsini (bəndini) və qəbul edilmə tarixini əks etdirən protokolun surətini verməlidir.”. 

1.2. Aşağıdakı məzmunda 46.2.8-ci maddə əlavə edilsin:
“46.2.8. hava daşımalarının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar hava gəmisinə aparılması qadağan edilən əşyaların siyahısı.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2011-ci il.