Gerb

09 noyabr 2015, 12:35
W1siziisijiwmtyvmdevmdyvd2oyzznrd3fox2ltywdllmpwzwcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=4e8f40699b1e3786

Hörmətli xanımlar və cənablar, əziz dostlar.

İlk növbədə, mən sizi və bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm. Biz bu əziz gündə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyini qeyd edirik. Bu münasibətlə də bütün Azərbaycan alimlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, nailiyyətlər arzulayıram.

Bu 70 ildə Akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər. 

Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. 

Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər. 

Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Akademiyanın işinə münasibət o qədər də müsbət deyildi. Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə o vaxtkı hakimiyyət hətta Akademiyanın bağlanması ilə bağlı təklif irəli sürmüşdü. Ümumiyyətlə, o vaxtkı rəhbərlik hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına ehtiyac yoxdur. 

Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son qoyuldu. Ulu Öndərin ictimaiyyətlə ilk görüşü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafına çox böyük diqqət göstərilir. Bu sahə bu gün də prioritet sahələrdən biridir. 

Əlbəttə ki, müstəqilliyimizin ilk illərində bizim maliyyə vəziyyətimiz indiki kimi deyildi. Azərbaycan çox ağır dövr yaşayırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi və iqtisadi tənəzzül, əlbəttə, imkan vermirdi ki, Akademiyanın inkişafına lazımi səviyyədə maliyyə vəsaiti ayrılsın. Ancaq o vaxt da imkan daxilində bu məsələlər öz həllini tapırdı. 

Əlbəttə, indiki dövrdə Azərbaycan artıq dünya miqyasında öz iqtisadi inkişaf modelini ortaya qoyub və iqtisadi inkişaf templərinə görə çox böyük rəğbətlə qarşılanır. Ona görə də bu gün biz Akademiyanın işinə daha da böyük həcmdə vəsait ayıra bilirik, bunu edirik. Onu da qeyd etməliyəm ki, bu sahədə alimlərin, elmi ictimaiyyətin təklifləri də nəzərə alınır. Mən xatırlayıram ki, dörd il bundan əvvəl bu binada, bu salonda çıxış edərək fikirlərimi bildirmişdim. O vaxt çıxış edən alimlər də təkliflərini irəli sürmüşdülər. O təkliflərin demək olar ki, hamısı ya icra edilibdir, ya da icra edilir. 

Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir. 

Bu gün bu salonda alimlər qarşısında çıxış edərkən ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolu ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm. 

Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır. 

Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir. 

Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək. 

Eyni zamanda, bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq. 

Ümumiyyətlə, son illər ərzində bizim siyasətimiz ondan ibarət idi ki, biz neft-qaz amilindən asılılığımızı maksimum dərəcədə aşağı salaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olaq, bölgələrdə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması məsələlərini həll edək. Hələ 2004-cü ildə birinci regional inkişaf proqramının qəbulu məhz bu məqsədi güdürdü. Şadam ki, bu proqramlar artıq ardıcıllıqla icra edilir və bölgələrin siması dəyişilib. Yeni müəssisələr, sosial obyektlər, infrastruktur layihələri ölkəmizi gücləndirir və neft-qaz amilindən asılılığımızı böyük dərəcədə azaldır. Əgər ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, hazırda neft-qaz sektoru burada təqribən 30 faiz təşkil edir, gələcəkdə bu rəqəm daha da aşağı düşməlidir. 

Ancaq bununla bərabər, bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük. Hökumətə, dövlət qurumlarına müvafiq göstərişlər verilmişdir və çox istərdim ki, bizim alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər. 

Əminəm ki, bizim iqtisadi inkişaf dinamikamız davam edəcəkdir. Çünki bunun təməlində həm artıq görülmüş işlər, infrastruktur layihələri, gözəl investisiya iqlimi dayanır, eyni zamanda, dünyanın mötəbər iqtisadi qurumları da fəaliyyətimizi yüksək qiymətləndirirlər. Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu hesab edir ki, bu bölgədə - Şərqi Avropada gələcək illərdə ən yüksək iqtisadi templərlə inkişaf edən ölkə Azərbaycan olacaqdır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Bu, çox böyük nəticədir. İki yüz ölkənin arasında 40-cı yeri tutmaq, bir çox inkişaf etmiş ölkələri qabaqlamaq doğrudan da böyük nailiyyətdir və bunu biz neftin, qazın hesabına əldə etməmişik. Düşünülmüş siyasət, iqtisadi islahatlar bunu mümkün etmişdir. Biz çalışmalıyıq ki, bu yüksək templəri növbəti illərdə də saxlayaq və beləliklə, iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı edək. 

Çünki bizim iqtisadi uğurlarımız və iqtisadi müstəqilliyimiz dövlət müstəqilliyimizin əsasıdır. Əgər biz başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq müstəqil siyasət apara bilməzdik. Bizim gücümüz məhz bundadır. Ona görə də biz çalışırıq ki, daxili resurslardan maksimum dərəcədə istifadə edək və heç kimdən asılı olmayaq. Asılı oldunsa, gərək başqasının sifarişlərini yerinə yetirəsən, yaxud da ki, əziyyət çəkəsən. Biz istəmirik ki, heç kimdən asılı olaq. İstəyirik ki, öz yolumuzla gedək, xalqımız daha da yaxşı yaşasın, dövlətimiz daha da güclənsin. Bir daha demək istəyirəm ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır. Ona görə hesab edirəm ki, alimlər bu yeni vəziyyətlə bağlı öz dəyərli təkliflərini verməlidirlər və verəcəklər. 

Bir məsələni də əlavə etmək istəyirəm. Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur. Bu da son illər ərzində ölkənin inkişafı ilə bağlıdır. Çünki əgər biz demoqrafiyanın statistikasına nəzər yetirsək, görərik ki, ölkəmiz üçün ən ağır illərdə demoqrafik vəziyyət çox mənfi idi. Ancaq ölkə iqtisadiyyatı inkişaf etməyə başlayandan, sabitlik tam bərqərar olandan sonra demoqrafik vəziyyət yaxşılaşdı. Bu gün Azərbaycan əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə çatacaqdır. Əlbəttə ki, bu, bizim böyük sərvətimizdir. Əhalimiz nə qədər çox olarsa, ölkəmiz də o qədər güclü olacaqdır. Ancaq bu vəziyyət, eyni zamanda bir çox məsələlərin həllini diktə edir. Artan əhali artan iş yerləri deməkdir. Biz son on il ərzində bir milyondan artıq daimi iş yeri açdıq. Ancaq bu proses davam etməlidir. İş yerlərinin açılması üçün həm dövlət investisiyaları, həm də xarici investisiyalar qoyulmalıdır. İndi bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin qiyməti 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşübdür. Biz gələn ilin dövlət büdcəsində ixtisarlar etmişik, bəzi investisiya layihələrini təxirə salmışıq. Ona görə iş yerlərinin yaradılması gələcəkdə investisiya iqliminin daha da yaxşılaşması ilə bağlı olmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə cəlb edək. Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni, yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir. Bunun üçün torpaq sahələri lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın yükü böyük olacaqdır. Yəni, bütün bunlar reallıqdır. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik. 

Bu günə qədər və hətta bu gün bizim əsas vəzifəmiz infrastruktur layihələri idi. Biz onları Bakıda və bölgələrdə icra edirik. Əlbəttə, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su, meliorasiya, kənd yolları, magistral yollar, təmir işləri bundan sonra da davam edəcək. Ancaq bunlarla bərabər, mütləq yeni yanaşma da olmalıdır. 

Son illər ərzində sənayenin inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Bunun nəticəsidir ki, bu ilin doqquz ayında bizim qeyri-neft sənayemiz 10 faizdən çox artıbdır. İndiki şəraitdə bu, tarixi nailiyyətdir. Hazırda Azərbaycanda reallaşan və planlaşdırılan böyük sənaye layihələri gələcəkdə qeyri-neft potensialımızı gücləndirəcək, ixrac potensialımızı böyük dərəcədə artıracaq. Texnoparklar yaradılır. Kimya Sənaye Parkının artıq təməli qoyulubdur. Orada artıq ilk müəssisələr yaradılıb. Azərbaycan alimləri bütün bu işlərdə fəal iştirak etməlidirlər. Əlbəttə ki, bütün bu istiqamətdə inşaat və mühəndislik işlərini xarici podratçılar icra edirlər. Ancaq müvafiq dövlət qurumlarına göstəriş verilmişdir ki, Azərbaycan alimlərini də bu işə cəlb etsinlər. Xahiş edirəm ki, alimlər özləri də bu işlərdə fəallıq göstərsinlər.

Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülübdür. Biz özümüzü bütün əsas ərzaq məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90 faiz təmin edirik. Bu proses davam etdiriləcəkdir. Son illər ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni, ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur, onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında alimlərin çox böyük zəhməti var. Nəzərə alsaq ki, əhalimizin təxminən 50 faizi aqrar bölgələrdə yaşayırlar, gələcəkdə kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm sosial məsələ kimi daim gündəlikdə olacaqdır. 

Təsadüfi deyil ki, bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu ilin 9 ayında kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bu da çox böyük göstəricidir. İndi Azərbaycan dövləti suvarma, meliorasiya işlərinə böyük sərmayə qoyur. İki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay su anbarları tikilib. Bu, tarixi nailiyyətdir. İndi suvarılan torpaqların sahəsi böyük dərəcədə artır və artacaq. Yeni suvarılan və suvarılması yaxşılaşdırılan torpaq sahələri 100 min hektarla ölçüləcək. Burada mütləq elmi yanaşma olmalıdır. Biz burada xaotik vəziyyətə imkan verə bilmərik. İşlər planlı şəkildə görülməlidir ki, hansı sahələrdə hansı məhsullar yetişdirilsin. O məhsulların yetişdirilməsi üçün dövlət hansı işləri görməlidir? Burada alimlərin sözü əsas olmalıdır. Müvafiq qurumlara - həm İqtisadiyyat və Sənaye Nazirliyinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, görüləcək bütün işlər elmi əsaslar üzərində qurulmalıdır. Xahiş edirəm, Azərbaycan alimləri də, Milli Elmlər Akademiyası da bu işlərə çox fəal qoşulsunlar. 

Biz ixrac potensialımızı böyük dərəcədə artıra bilərik. Yəni, biz dünya bazarlarına daha böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilərik. Beləliklə, fermerlərin həyat səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilərik. Bizim gələcək inkişafımızı sənaye və kənd təsərrüfatı sahələri müəyyən edəcək. Ona görə dövlət siyasəti birmənalıdır. Dövlət qurumlarına göstərişlər verilib. Alimlərdən xahiş edirəm ki, bu məsələ ilə çox ciddi məşğul olsunlar. 

Burada mənim son çıxışımdan ötən illər ərzində Azərbaycanda çox əlamətdar hadisələrdən biri də kosmik sənayenin yaradılması olmuşdur. Birinci telekommunikasiya peyki orbitə çıxarıldı. Ondan sonra Yer səthini müşahidə etmək üçün orbitə peyk buraxıldı. İndi biz üçüncü peykin buraxılması ilə məşğuluq. Doğrudan da ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılmışdır. Əlbəttə ki, bu sahədə ilk növbədə beynəlxalq əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq müxtəlif tədbirlər - seminarlar, konfranslar, elmi–praktik tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıbdır. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Çünki kadr potensialı güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun.

Azərbaycanda hərbi sənaye yaradılıbdır. Artıq 10 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıbdır. Əgər o vaxt bu qərar qəbul edilməsə idi, bu gün biz sənayenin bu sahəsinin inkişafından bəhrələnə bilməzdik. Biz hazırda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edirik.

Ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz müharibə şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik. Bəzi hallarda embarqolar var. Onların heç bir əsası yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür. Bilirəm, alimlər burada iştirak edirlər, amma daha da fəal iştirak etməlidirlər. Biz əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca biz o texnologiya ilə tanış oluruq. Bizə lazım olan bütün növ silahları gələcəkdə özümüz istehsal edə bilərik. Heç olmasa o nümunələrdən istifadə edə bilərik. Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün çox geniş bir meydan var. Azərbaycan dövləti də öz tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da böyük dərəcədə cəlb etsin. 

Əlbəttə ki, iqtisadi inkişafımızın ənənəvi neft-qaz sahəsi haqqında da bir neçə kəlmə demək istəyirəm. Alimlər yaxşı bilir ki, Xəzər dənizinin bütün neft-qaz yataqlarını Azərbaycan alimləri kəşf ediblər. Azərbaycanın elmi məktəbi olmasaydı, bu yataqlar kəşf edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf ediləcəkdi. Bu gün Azərbaycan alimləri ölkədə aparılan neft-qaz əməliyyatlarının uğurla həyata keçirilməsində mühüm rol oynayırlar. Həm xarici tərəfdaşlarla əməkdaşlıqda, həm də Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrdə iştirak edirlər. Əlbəttə, bizim üçün bu sahə də strateji sahədir. Bizim neft-qaz yataqlarımız kifayət qədər böyükdür. Qaz yataqlarımızın ehtiyatları azı 100 il özümüzə və tərəfdaş ölkələrə ixrac etmək üçün kifayət edəcək. Əlbəttə, bizim alimlərimiz də dünyada bu sahədə mövcud olan və yeni yaranan texnologiyalarla tanış olmalıdırlar. Çünki son illər ərzində bu sahədə böyük bir inkişaf müşahidə olunur. Əvvəlki illərdə qaza bilmədiyimiz dərinliklərə indi biz nəinki asanlıqla quyular qazırıq, hətta Bakıda, yerin ən dərin qatında qazma işləri apara biləcək böyük qazma qurğuları inşa edilir. Ona görə bu sahə həm bizim üçün, həm də tərəfdaşlarımız üçün strateji sahədir. 

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, neft-qaz sektorunda, bəzi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Bir neçə ildən sonra bizim tərəfdaşlarımızın sayı daha da artacaq. Çünki “Cənub” qaz dəhlizinin icrasından sonra 10-a yaxın, gələcəkdə ondan da çox ölkə Azərbaycan qazını əldə etmək üçün imkan qazanacaq. Ona görə ki, bu sahədə də Azərbaycan liderliyi öz üzərinə götürmüşdür. “Cənub” qaz dəhlizinin, TANAP layihəsinin nəinki təşəbbüskarı, aparıcı qüvvəsi də Azərbaycandır. Biz, eyni zamanda, öz maliyyə resurslarımızı da bu sahəyə yönəldirik.

Əlbəttə, alimlərin qarşısında duran vəzifələr çoxdur. Mən burada hər bir vəzifə haqqında öz fikirlərimi desəm yəqin ki, çox vaxt gedər. Hesab edirəm ki, dediklərim kifayətdir. Çünki mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir.

Çıxışımın sonunda humanitar elmlər haqqında bir neçə kəlmə demək istəyirəm. Bu sahə daim diqqət mərkəzindədir. Azərbaycanda son illər ərzində keçirilən müxtəlif tədbirlər – Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki, biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ – ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik. Əfsuslar olsun ki, biz bütün bunları hər gün televizorlarda görürük. Azərbaycan bu sahədə də öz modelini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla bilər. Hesab edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox faydalı olacaqdır.

Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır.

Sonda tarix elmləri ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır. 

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər. Onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır. 

Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər.

Əziz dostlar, Akademiya üzvləri, alimlər, mən sizi bir daha salamlayıram, Akademiyanın 70 illiyi münasibətilə təbrik edirəm. Sizi əmin edirəm ki, mən gələcəkdə də Akademiyanın inkişafına daim diqqət göstərəcəyəm və Akademiya qarşısında duran bütün vəzifələrə daim dəstək olacağam. Sağ olun.



Böyük ölçüdə