10 mart 2016, 13:00

Telman Məmmədovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

İndiki dövrdə dünyanın əksər yerlərində iqtisadi böhran, siyasi qarşıdurmalar, amansız terror hadisələri müşahidə edilir. Qadınlar, uşaqlar, yaşlı insanlar qaçqın düşür, sığınacaq üçün başqa ölkələrə üz tuturlar. Vaxtilə bunu biz də görmüşük. Ermənistanın təcavüzkar və işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün düşmüşdür. Həmin insanların sosial vəziyyəti və yaşayış şəraiti heç vaxt Azərbaycan dövlətinin diqqətindən kənar qalmamışdır. Hazırda da Sizin sayənizdə bu qayğını ən yaxşı şəkildə görürük.

Möhtərəm Prezident, Sizin ölkəmizdə yaratdığınız əmin-amanlıq, ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf, beynəlxalq aləmdə qazandığınız nüfuz və hörmət bəzi daxili və xarici qüvvələri narahat edir. Onlar çox vaxt çalışırlar ki, Azərbaycanda da yenidən qarşıdurma yaratsınlar və ölkəmizi münaqişələrə təhrik etsinlər. Ancaq, bu, heç zaman olmayacaq. Çünki, xalqımızın Sizə olan inamı tükənməzdir.

Hörmətli cənab Prezident, əminik ki, belə bir çətin şəraitdə yürütdüyünüz uzaqgörən və düşünülmüş siyasət nəticəsində ölkəmiz daha yüksək zirvələri fəth edəcək. Buna görə şəxsən öz adımdan və ziyalılarımız adından Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı, uzun ömür arzulayıram.      

Hörmətlə,

Telman Məmmədov

Zəngilan rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.