Gerb

04 iyun 2010, 20:10
W1siziisijiwmtuvmdyvmtuvnguxnjn2mhc1n18yndguanbnil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=c7f893d9c9a6b704

“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi ziyafət verilmişdir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunan Prezident İlham ƏLİYEV əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edərək demişdir: “Bu gün səfər çərçivəsində ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək bir neçə mühüm sənəd imzalanmışdır. Bizim yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri isə bizim münasibətlərin dinamikasına dəlalət edə bilər. Son beş ildə dörd belə səfər olmuşdur. Bu fakt özü bizim ikitərəfli münasibətlərə nə qədər böyük əhəmiyyət verməyimizi göstərir. İqtisadi cəhətdən 2009-cu ilin böhran ili olmasına baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasını müşahidə etmişik. Yəqin ki, bu, 2009-cu ildə nadir hadisələrdən biridir. Biz bu il də əmtəə dövriyyəsinin artdığını görürük”.

Dövlət başçısı Belarusun əldə etdiyi uğurların ölkəmizdə maraqla izlənildiyini diqqətə çatdıraraq bildirmişdir: “Belarusda baş verən prosesləri biz Azərbaycanda böyük maraqla müşahidə edirik. Sizin uğurlarınıza sevinirik. Bütün bu uğurların əsasını Belarusun lideri, Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun çox böyük əməyi təşkil edir. Onun rəhbərliyi altında Belarus inkişafda çox böyük uğurlar qazanmışdır”.

Prezident İlham Əliyev Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri barədə danışaraq demişdir: “Biz Sizin əsl dostlarınız kimi, uğurlarınıza sevinirik. Öz tərəfimizdən çalışırıq ki, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün nəzərdə tutduğumuz bütün sahələr dərin məzmun kəsb etsin. Əminəm ki, nəzərdə tutduqlarımıza nail olacağıq. Hər halda, münasibətlərimizin inkişafının tarixi, son illərdə bu münasibətlərin dinamik inkişafı bunu deməyə imkan verir”.

X X X

Azərbaycan-Belarus münasibətləri ilə bağlı söylədiyi fikirlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Prezident Aleksandr LUKAŞENKO ötən səfərindən keçən dövrdə Bakıda çox böyük inkişaf proseslərinin şahidi olduğunu bildirərək dedi: “Mən sözümə ona görə bu məqamdan başlayıram ki, hətta dünən axşamdan xeyli keçmiş, son üç ildə olmadığım bu gözəl şəhərə daxil olarkən Bakının axşam mənzərəsinin gözəlliyinə heyran qaldım. Bunu hamı hiss etdi”.

Belarus Prezidenti paytaxtımızda əldə edilən bütün bu inkişaf proseslərində, bütövlükdə Azərbaycanın qazandığı uğurlarda Prezident İlham Əliyevin böyük xidmətlərini qeyd edərək bildirdi: “Bu, Sizin torpağınızın hər kilometrində, hətta hər metrində görünür. Mən əminəm ki, yalnız nəinki bu işə, həm də öz xalqına vurğun insan, bu xalqın firavanlığını istəyən insan paytaxtda və bütün ölkədə bu cür quruculuq işləri apara, onun simasını bu cür dəyişə bilər”.

Prezident Aleksandr Lukaşenko Azərbaycan xalqına firavanlıq və xoşbəxt gələcək arzulayaraq dedi: “Dünən axşam dəniz kənarında şən, mehriban gəncləri gördüm. Bütün azərbaycanlılar bu cür mehriban, xoşbəxt olacaqlar. Biz belaruslar sizə bunu arzulayırıq. Sizi əmin edə bilərəm ki, biz sizin hətta ən kişik uğurunuza da sevinirik. Biz sizin uğurlarınızı həyəcanla izləyəcək və sizə həm də ona görə yalnız səadət arzulayacağıq ki, əgər siz güclü və xoşbəxt olsanız, biz də sizin etibarlı dostlarınız kimi güclü və xoşbəxt olacağıq”.