29 mart 2016, 17:10

Türkan Qocayevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bir çox məktəbli kimi mən də Sizin təşəbbüsünüzlə təşkil edilən “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarından biri oldum. Dünyaya bir çox dahilər bəxş etmiş, ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu qədim Naxçıvan torpağını görmək mənim çoxdankı arzum idi. Azərbaycanın dilbər guşələrindən biri olan, öz təbii sərvətləri ilə tanınan muxtar respublikanı gəzmək, onun tarixi məkanlarında olmaq, relyefini, iqlimini görmək hər bir şagird kimi məni də çox sevindirdi. Səfər zamanı biz Möminə Xatun türbəsində, Açıq Səma Altında Muzeydə, Naxçıvan Biznes Mərkəzində, Xan sarayında, Naxçıvan Dövlət Universitetində, Naxçıvan Universitetində, 2 və 3 saylı məktəblərdə, Naxçıvan Avtomobil Zavodunda və digər gəzməli-görməli yerlərdə olduq.

“Ölkəmizi tanıyaq” tur-aksiyasının təşkil olunması biz şagirdlərin dünya görüşünü daha da artırdı. Bu layihəyə görə şəxsən öz adımdan, valideynlərim və kollektivimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qocayeva Türkan Rahil qızı, 288 saylı tam orta məktəbin 9-cu sinif şagirdi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.