01 aprel 2016, 19:25

Osman Əhmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin ölkəmizə rəhbərlik etdiyiniz illər Azərbaycan üçün çox mühüm dövr hesab edilir. Çünki bu illər ərzində ölkəmizdə əmin-amanlıq, sabitlik və firavanlıq hökm sürür. Ölkəmizin dünya miqyasında tanınması üçün reallaşdırdığınız layihələr, keçirdiyiniz görüşlər Azərbaycanın dünyada özünəməxsus yer tutmasına gətirib çıxarıb. 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları buna bariz nümunədir. Bu Oyunlarda iştirak edən Avropa idmançılarının və azarkeşlərinin ölkəmiz haqqındakı fikirləri Sizin müdrik və uzaqgörən siyasətinizin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi. 

Azərbaycan gəncliyinin inkişafı üçün həyata keçirdiyiniz layihələr ölkəmizin inkişafını daha da gücləndirir. Mən də bu gəncliyin bir parçası olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Gənclər sahəsində həyata keçirilən layihələrdən biri olan “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edərək, Vətənimizin dilbər guşələrindən biri olan Naxçıvan Muxtar Respublikasına səfər etdim. Səfər zamanı Sizin qayğınızın Vətənimizin hər bir guşəsində, həmin yerlərdə yaşayan insanların, xüsusən gənclərin həyatında artıq dərəcədə hiss edildiyinin şahidi oldum. Gənclik dövlətin ən böyük dayaqlarından biridir. Sizin bizə olan qayğınız bu sütunun daha da güclənməsinə ən böyük töhfədir.

Möhtərəm cənab Prezident, şəxsən öz adımdan, eyni zamanda, bir parçası olduğum Azərbaycan gəncliyi adından Sizə bir daha dərin hörmət və təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

Əhmədov Osman Nəbi oğlu.  

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.