02 aprel 2016, 16:30

Elgün Həsənovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Ulu Tanrı cənnət məkanı xatırladan Odlar Yurdu, doğma Azərbaycanımıza dünyadakı bütün gözəllikləri bəxş edib. Min illər bundan əvvəl dünyanın böyük səyyahları, alimləri, tarixçiləri, sərkərdələri bu bölgə haqqında geniş məlumatlar veriblər, ölkəmizin gözəlliyindən bəhs ediblər. Bütün bunlar haqqında yalnız dərsliklərdən, ədəbiyyatlardan oxumuşdum, müəllimlərimizin dediklərindən eşitmişdim. Ona görə də uşaqlıqdan Azərbaycanımızın bölgələrində olmaq, o bölgələri yaxından tanımaq ən böyük arzularımdan biri olub.

Düşünürəm ki, doğma elindən, torpaqlarından, çayından, əzəmətli dağlarından uzaq düşmüş bir insanın bundan böyük arzusu ola bilməz. Lakin müxtəlif səbəblərdən bunları reallaşdıra bilməmişdim. Məktəbimizin rəhbərliyi Sizin təşəbbüsünüzlə keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında mənim də iştirak edəcəyimi bildirəndə sevincimin həddi-hüdud olmadı. Üç gün ərzində şimal bölgəsində olduq, ərazinin tarixi, mədəniyyət abidələri, milli adət-ənənələri, flora və faunası ilə əyani tanışlıq həyatımda xoş silinməz xatirələr kimi qalacaq.

 Bütün bunlara görə Sizə hədsiz hörmət və ehtiramımı bildirirəm. Sizi xalqımızın əziz bayramı Novruz bayramı münasibətilə təbrik edir, xalqımıza xoş gələcək arzu edirəm.

Hörmətlə,

Həsənov Elgün Rövşən oğlu,

Qubadlı rayon Xələc kənd tam orta məktəbinin şagirdi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.