08 aprel 2016, 12:30

Ceyhun Mehdiyevdən, Sumqayıt, Azərbaycan

Cənab Ali Baş Komandan,

Sizin uğurlu siyasətiniz və son günlər cəbhə xəttində Silahlı Qüvvələrimizin qalibiyyəti hər kəsdə tezliklə doğma torpaqlarımıza qayıdacağımıza əminliyi daha da artırıb.

Möhtərəm Prezident, mən bu məktubu həyəcanla və gözü yaşlı yazıram. Mən ehtiyatda olan zabitəm. Türkiyədə 5 il ali hərbi təhsil almışam, xidmət dövrümün 4 ilini Füzuli istiqamətində ön cəbhədə keçmişəm. O əraziləri əlimin içi kimi tanıyıram. Sizdən çox xahiş edirəm, məni bu dövlət bu günlər üçün oxutdurub, peşəkar zabit kimi kənarda qalmaq məni öldürür. Cənab Prezident, mən Vətənim üçün könüllü döyüşmək, əsgərlərimizə hərbi qaydaları daha mükəmməl öyrətmək, düşməni torpaqlarımızdan qovub çıxarmaq arzusundayam. Xahiş edirəm, məni bu müqəddəs vəzifədən kənarda qoymayın. Peşəkar zabit olaraq bu, mənim namus və şərəf borcumdur. Əmr verin, cəbhəyə yollanım.

Allah Sizə uzun ömür, cansağlığı versin!

Hörmətlə,

Mehdiyev Ceyhun Həsrət oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.