Rəna Mirzəzadədən, Bakı, Azərbaycan
08 aprel 2016, 13:45
Möhtərəm Ali Baş Komandan,
Əziz Prezidentim,
Sizin ABŞ-da IV Nüvə Sammitində keçirdiyiniz uğurlu görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sahəsində yeni strateji mərhələdir. Bu görüşlərədək Siz G-20 Ankara Sammitində, Almaniyada Münhen Beynəlxalq Təhlükəsizlik Konfransında da ölkə maraqları baxımından ona yeni siyasi prioritetlər qazandırdınız.
Məkrli və mənfur qonşu yenə həsəd hissini boğa bilmədi, xaincəsinə atəşkəs rejimini pozub, hücuma keçdi. Bütün Xalq Sizə və sözünüzə təşnə idi, yolunuzu dualarla gözləyirdi. Gecə yarı Təhlükəsizlik Şurasının təcili iclasını keçirdiniz, xalqın öz liderinə olan inamı bir daha yüksəldi.
Reallıqdır ki, hər bir müharibənin sonu sülhlə bitir. Siz, Ali Baş Komandanımız, işğal altında olan torpaqlarımızın qaytarılmasının ilkin variantı kimi daim sülh çağırışları edirsiniz. Dünən də, bu gün də Azərbaycan vətəndaşları tam yekdilliklə Sizin sülh niyyətinizi alqışlayır. Siz torpağını sevən, ən böyük vətənpərvər, sülhsevər ulu öndər Heydər Əliyev məktəbinin layiqli yetirməsisiniz!
Bu gün məhz ulu öndər Heydər Əliyev siyasətinin ideologiyası olan azərbaycançılıq, dövlət-xalq, ordu-vətəndaş vəhdəti Azərbaycanda əsas istiqamətdir.
Addım-addım qələbəyə doğru gedirik. Bu yeni addımınız mübarək əziz Prezidentim! Sizin Təhlükəsizlik Şurasındakı qətiyyətli, cəsarətli çıxışınız bizi qürurlandırdı. “Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin” sözlərinizdə ürək ağrısı ilə yanaşı, qələbə təşnəsi də var idi. Var olun!
Arzu edərdim ki, torpaqlarımızın işğal günləri 2-5 aprel tarixi kimi qələbə günləri ilə əvəzlənsin!
Möhtərəm Ali Baş Komandan, düyünlənmiş qətiyyətli yumruğunuz, əzəmətli sərt bəyanatınızla xalqa cəsarət, qüvvət verdiniz, igidliyə, torpaqsevərliyə səslədiniz, 1990-cı illərdə olan təşvişi insanların düşüncəsindən sildiniz.
Addım-addım əldə olunan qələbəmiz bir daha mübarək, Şuşada Azərbaycan bayrağını öz əlinizlə yüksəldəsiniz!
Hörmətlə,
Rəna Mirzəzadə
AMEA, fəlsəfə elmləri doktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.