10 aprel 2016, 14:25

Sübhan Əhədzadədən, Kazan, Rusiya

Hörmətli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev.

Tatarıstan Respublikasında fəaliyyət göstərən “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Regional-İctimai Təşkilatı və Ümumrusiya Azərbaycanlılar Konqresinin Tatarıstan nümayəndəliyi bu respublikadakı bütün azərbaycanlılar adından Sizə tam dəstək göstərir, Sizin siyasətinizlə və Azərbaycanın inkişafı naminə səylərinizlə, o cümlədən Qarabağda son hadisələr ilə bağlı qətiyyətli addımlarınızla həmrəy olduqlarını bildirirlər. Ermənistan hakimiyyət orqanlarının və onları qızışdıranların doğma Azərbaycanımızda əmin-amanlığı pozmağa hesablanmış rəzil cəhdləri bizi dərindən hiddətləndirdi.

Biz Sizin Qarabağ münaqişəsi ilə bağlı siyasətinizi və bu istiqamətdə fəaliyyətinizi tam dəstəkləyirik. Demək istəyirik ki, biz həmişə Vətənimizin sədaqətli oğulları olmuşuq və olaraq qalacağıq. Qətiyyətlə bildiririk ki, biz Azərbaycan əsgəriyik, Vətən qarşısında müqəddəs borcumuzu yerinə yetirməyə hazırıq və qürur hissi ilə hər bir əmrinizə müntəzirik.

Artıq yüz ildən çoxdur ki, düşmən Vətənimizi məhv etmək, onu dünya xəritəsindən silmək istəyir. Yalnız həqiqi azərbaycanlı ruhu, cəsur Azərbaycan oğullarının alovlu ürəyi, döyüşçülərimizin mərdliyi məkrli və alçaq düşmənlərimizin əsl nasist planlarının həyata keçməsinə imkan vermir. Biz, Tatarıstan azərbaycanlıları 1918-1920-ci illərin hadisələrini də, Sovet İttifaqı dövründə milli eyniyyətimizi məhv etməyə çalışdıqlarını da və əlbəttə, 1988-1994-cü illərin dəhşətli faciəli hadisələrini də xatırlayırıq. Bu hadisələri nə unutmaq, nə də bağışlamaq mümkündür. Vətənimizin ərazilərinin beşdə bir hissəsi işğal altındadır. İşğalçıların törətdikləri dəhşətləri yalnız Böyük Vətən müharibəsi illərində nasist işğalının dəhşətləri ilə müqayisə etmək olar. Ev-eşiyini, əmlakını, doğmalarını itirən bir milyondan çox dinc azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Hörmətli cənab Prezident, artıq bir neçə ildir ki, Kazanda Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri keçiririk. Biz icma daxilində tədbirlər keçirməklə kifayətlənmirik, Xocalı həqiqətlərini Tatarıstanın hər bir sakininə çatdırmağa çalışırıq. 2014-cü ildən anım tədbirləri Kazanın mərkəzi kinoteatrlarından birində keçirilir. Filmlər nümayiş etdirilir, fotosərgilər açılır, KİV-lərdə yazılar verilir, minlərlə buklet və disklər paylanır. Bu tədbirlər ictimai əks-səda doğurur. Çünki tədbirlərimizə sadə Tatarıstan vətəndaşları, müxtəlif millətlərin nümayəndələri qatılır. Bizi kütləvi informasiya vasitələri, məsələn, Tatarıstanın əsas informasiya portalı olan “Tatarinform” dəstəkləyir. “Vesti.az” və “Atv.az” kimi internet nəşrləri də bizə tam dəstək göstərir. Kazanda təqdim olunan filmlərin Heydər Əliyev Fondunun və Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nümayiş etdirildiyini vurğulamaq yerinə düşər. Bu tədbirlərdə həmin qurumların nümayəndələri də iştirak edirlər.

Cənab Prezident, Azərbaycan Respublikası hökumətinin bizə, tarixi Vətənimizin hüdudlarından kənarda yaşayan Azərbaycan icmalarına göstərdiyi dəstəyə görə də Sizə təşəkkür etmək istəyirik. Biz həqiqətən fəxr edirik ki, Vətənimizin Sizin kimi lideri var. Eləcə də məkrli düşmən qarşısından geri çəkilməyən, öz qəhrəmanlığı ilə qadınları, qocaları və uşaqları – xanımlarımızı, analarımızı, bacılarımızı və babalarımızı müdafiə edən rəşadətli Silahlı Qüvvələrimizlə qürur duyuruq. Biz şəhidlərin doğmalarına başsağlığı veririk. İnanırıq ki, bu qurbanlar əbəs olmayıb, doğma torpağımızda sülhü və əmin-amanlığı bərqərar etmək naminə verilib. Biz Vətənimizin gələcəyinə ümidlə baxırıq və Qarabağın işğaldan azad ediləcəyi anı gözləyirik. Bundan sonra müxtəlif xalqların nümayəndələri bu torpaqda sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.

Hörmətlə,

Sübhan Əhədzadə

Tatarıstan Respublikasının “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Regional-İctimai Təşkilatının sədri

Rusiya Federasiyası, Kazan şəhəri