Gerb

18 aprel 2011, 16:13
W1siziisijiwmtuvmdyvmtuvnw1nddq3b3dny181mdk4lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=dcc63a7971315b7b

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli qonaqlar, əziz dostlar!

Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Cənab Prezident, Sizin səfəriniz böyük əhəmiyyət daşıyır. Əminəm ki, səfərin çox uğurlu nəticələri olacaqdır. Səfərdən sonra Rumıniya-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdir. Əlaqələrimizin çox böyük tarixi vardır və çox gözəl gələcəyi olacaqdır. Çünki bütün sahələrdə aramızda əlaqələr dostluq və səmimiyyət üzərində qurulubdur. Biz siyasi sahədə tərəfdaşıq və bu gün imzalanmış sənəd bir də onu göstərir ki, aramızda sözün əsl mənasında, strateji tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər gələcəkdə bütün sahələrdə bütün istiqamətlər üzrə güclü inkişafa təkan verəcəkdir. Bizim Sizinlə siyasi sahədə görüşlərimiz də mütəmadi xarakter daşıyır. Biz tez-tez görüşürük - həm Rumıniyada, həm Azərbaycanda, həm də başqa ölkələrdə. Bir sözlə, bizim aramızda siyasi dialoq çox güclüdür. Bu, imkan verir ki, siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərsin.

Bu gün aramızda iqtisadi sahədə yaxşı perspektivlər açılır. Əminəm ki, siyasi əlaqələrimizin güclü olması həm sərmayə qoyuluşu, həm də müxtəlif şirkətlərin səmərəli fəaliyyəti üçün müsbət rol oynayır və oynayacaqdır. Enerji sahəsində əməkdaşlıq inkişaf edir, Azərbaycandan Rumıniyaya xam neft ixrac edilir. Azərbaycanın Dövlət Neft Şirkəti Rumıniyada fəaliyyətini genişləndirir. Qaz sahəsində də uğurlu əməkdaşlıq üçün gözəl şərait mövcuddur. Bildiyiniz kimi, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub qaz dəhlizi” üzrə bəyannamə imzalanmışdır. Avropanın enerji təhlükəsizliyi məsələləri, bu bəyannamə əsasında, o cümlədən Azərbaycan resursları hesabına ödəniləcəkdir. Azərbaycanın zəngin qaz ehtiyatları vardır və bu resurslar müxtəlif yollarla dünya bazarına çıxarılır. Rumıniya-Azərbaycan əlaqələri bu baxımdan müstəsna xarakter daşıyır. Çünki Rumıniya həm Nabukko layihəsinin fəal üzvüdür, eyni zamanda, AGRİ layihəsinin də təşəbbüskarıdır.

Sizin təşəbbüsünüzlə AGRİ layihəsinə start verilmişdir. Keçən ilin sentyabr ayında Bakıda Sizin iştirakınızla keçirilmiş AGRİ üzrə zirvə görüşü konkret nəticə vermişdir. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün konkret işlər görülür.

Mən ümid edirəm ki, Rumıniya-Azərbaycan əlaqələri Azərbaycan-Avropa əlaqələrinə də güclü təsir göstərəcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında hazırda “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq qurulmuşdur. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın gözəl perspektivləri vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında bütün başqa sahələrdə əlaqələrin inkişafı üçün gözəl şərait vardır. Bu əlaqələr bərabərhüquqlu əlaqələrdir, dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurulur və qurulmalıdır.

Ölkələrimiz arasında əlaqələr təkcə iqtisadi, enerji və siyasi sahələrlə kifayətlənmir. Humanitar sahədə yaxşı əməkdaşlıq nümunələri vardır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi Buxarestdə ucaldılmışdır. Rumıniyanın görkəmli bəstəkarı Corce Eneskunun abidəsi Bakıda ucaldılmışdır. Biz Sizinlə bərabər bu tədbirlərdə iştirak etmişdik. Bu, insanlar arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.

Bir sözlə, münasibətlərimiz, əlaqələrimiz çoxşaxəlidir, hansısa bir sahə ilə məhdudlaşmır. Bu əlaqələrin inkişafı üçün hər iki tərəfdə güclü siyasi iradə mövcuddur.

Mən əminəm ki, əlaqələrimizin inkişafı, eyni zamanda, Qara dəniz və Xəzər dənizi regionlarının əməkdaşlığına da müsbət təsir göstərəcəkdir. Buna da böyük ehtiyac vardır. Xəzər dənizi və Qara dəniz bölgələrini birləşdirən nəqliyyat, enerji layihələri və iqtisadi layihələr dəstəklənməlidir. Bu istiqamətdə Rumıniya və Azərbaycan əlaqələri xüsusi əhəmiyyət daşıyır. Bu əlaqələrin hazırda ən yüksək zirvədə olması bizi çox sevindirir.

Bir də demək istəyirəm ki, aramızda çoxlu sənədlər imzalanmışdır, o cümlədən bu gün. Onların içində strateji tərəfdaşlıq sənədi xüsusi əhəmiyyət daşıyır. Sənədin icrası nəticəsində əminəm ki, əlaqələrimiz müxtəlif istiqamətlər üzrə daha da sürətlə inkişaf edəcəkdir.

Cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, Sizin səfəriniz həm uğurlu, həm də Sizin üçün xoş keçəcəkdir.

Rumıniya Prezidenti Trayan Beseskunun bəyanatı

- Mən də öz növbəmdə, cənab Prezident, məni ölkənizə dəvət etdiyinizə görə Sizə dərin təşəkkürümü ifadə etmək istəyirəm. Hər vaxt görüşlərimiz zamanı biz böyük tərəqqiyə nail oluruq. Bu gün də istisna olmamışdır. Bu gün hökumətlər səviyyəsində bir sıra sənədlərin imzalanması, eyni zamanda, strateji tərəfdaşlıq sahəsində imzalanmış sənəd əlaqələrimizdə böyük bir sıçrayış deməkdir.

Azərbaycan ilə əməkdaşlıq etmək bizim üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan Xəzər hövzəsinə bir körpü rolunu oynayır. Eyni zamanda, Rumıniya da Azərbaycan üçün Avropa bazarlarına bir körpü rolunu oynayır. Zənnimcə, biz əməkdaşlığımızı başladığımız vaxtdan bu günə qədər bütün təşəbbüslərimiz reallığa çevrilmişdir. Bu, onu sübut edir ki, siyasi iradəmiz güclüdür və əməkdaşlığımız çox sürətlə həyata keçirilir. Bu, aydın göstərir ki, siyasi iradəmiz artıq iqtisadi sahədə əməkdaşlığımıza da töhfəsini verir. Çox sevindiricidir ki, biz bu gün AGRİ layihəsində də böyük uğura nail olmuşuq. Artıq müvafiq şirkət seçilib və dəyərləndirmə işləri həyata keçirilir. Bu onu göstərir ki, sentyabrdakı zirvə görüşündən sonra biz vaxtımızı boşa xərcləməmişik. AGRİ təşəbbüsünü dəstəklədiyinizə, eyni zamanda, Nabukkoya dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, Rumıniya da bu layihəni var gücü ilə dəstəkləməkdədir.

Biz çox şadıq ki, əməkdaşlığımızı digər sahələrə də şamil edə bilmişik. Xüsusilə də informasiya texnologiyaları sahəsində. Artıq Rumıniya şirkəti bu sahədə fəaliyyət göstərir. Əminəm ki, biz bu sahədəki əməkdaşlığımızı gələcəkdə də genişləndirəcəyik.

Bu gün biz Sizinlə digər imkanları da müzakirə etdik. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyanın iqtisadi inkişafında yaxından iştirak edir. Rumıniyada həyata keçirilən özəlləşdirilmə prosesində ARDNŞ-in yaxından iştirakı da bizim üçün çox istənilən və arzuedilən olardı. Zənnimcə, ARDNŞ kimi mühüm bir şirkət Rumıniya bazarında artıq yanacağın paylanması şəbəkəsi yaratmaq imkanına malik olmuşdur. Hesab edirəm ki, bu, çox vacib bir məsələdir. Bu, öz növbəsində Rumıniyada rəqabətin yaranmasına xidmət edir və yanacağın qiymətinin aşağı düşməsinə səbəb olmuşdur.

Onu da qeyd etmək istərdim ki, imzalanmış sənədlərdən başqa, biz müdafiə və hərbi sənaye sahələrində də əməkdaşlığımızı artırmalıyıq. Zənnimcə, bu ilin ikinci yarısında biz Rumıniya ilə Azərbaycan arasında müvafiq sahədə sazişin müzakirəsini yekunlaşdıracağıq.

Son olaraq xahiş edirəm ki, bir neçə kəlməni də söyləməyimə icazə verəsiniz. Qeyd etmək istərdim ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın böyük səbir və danışıqlarda səmimilik nümayiş etdirməsini çox yüksək qiymətləndiririk. Çünki Rumıniya dondurulmuş bu münaqişənin həllinin uzanmasından çox böyük narahatlıq hissi keçirir. Bu münaqişə Qara dəniz hövzəsinə yaxın bir regionda yerləşir. Zənnimcə, bu region NATO, Avropa İttifaqı və Rumıniya üçün də çox əhəmiyyətli regiondadır. Əminəm ki, bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət başlıca prinsip olmalıdır. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi məhz bu prinsiplər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmazlığı və beynəlxalq hüququn hörməti çərçivəsində öz həllini tapacaqdır.


Böyük ölçüdə



Böyük ölçüdə