12 aprel 2016, 15:30

Arzu Qasımovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Dostum, qardaşım, millətimin şanlı, şöhrətli, qəhrəman igid oğlu!

Bu məktubu Sizə böyük qürur və fəxr hissi ilə yazıram. Son günlər bütün cəbhə bölgələrində erməni quldurların növbəti dəfə torpaqlarımıza hücumu zamanı cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevin – Sizin şəxsi rəşadətiniz və Milli Ordumuzun misilsiz döyüş sücaəti nəticəsində igid, qəhrəman oğullarımızın düşmənə verdiyi layiqli cavab, bütün Azərbaycan xalqında, biz müharibə veteranlarında, o cümlədən bir zabit kimi məndə də düşmənə qarşı torpaqlarımız uğrunda vuruşmaq, döyüşmək və lazım gələrsə, ölmək əzmimizi artırdı. Cəbhədə torpaqlarımız uğrunda döyüşlərdə şəhid olanların hamısı bizim doğmalarımız, qardaş və övladlarımızdır. Allah şəhidlərimizə rəhmət eləsin! Məkanları cənnət olsun! Bütün Azərbaycan xalqının başı sağ olsun! Yaralılarımıza da tez sağalmaqlarını o bir Allahdan diləyirəm.

 Bəli, torpaq bölünməzdir. Bunu artıq bu son günlərdə düşmən də gördü. Gördü ki, sülh yolu ilə, masa arxasında da, danışıqlar yolu ilə də və lazım gələrsə qan və can bahasına da olsa, torpaqlarımızı düşməndən gec-tez geri alacayıq. İnsallah! Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü ordusu var. Bu ordu İlham Əliyevin əmrinə müntəzir dayanıb, lazım gələndə ərazi bütövlüyümüzü qoruyub saxlamaq üçün bütün maneələri böyük əzmkarlıqla, asanlıqla dəf etməyi bacarır. Bu ordu ermənilərin illər öncə gördüyü ordu deyil, müasir silahlarla təchiz olunmuş, müasir döyüş taktikalarına uyğun döyüş əzmi yüksək olan nizami ordudur. Bu günlərdə bütün cəbhə bölgələrində əldə olunmuş qələbə nailiyyəti bütün Azərbaycan xalqının, döyüş yolu keçmiş bütün müharibə veteranlarının, o cümlədən mənim Ali Baş Komandanımız olan Sizin şəxsiyyətinizə, Milli Ordumuza olan inam, etibar, güvənc və etimadın ən parlaq təzahürüdür. Bizə bu xoşbəxt günləri, anları, coşqunu yaşatdığınız üçün Ali Baş Komandanımız olaraq Sizə, Milli Ordumuza şəxsən öz adımdan, silahdaşlarım olan müharibə veteranları adından öz dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, varsınız! Halal olsun! Sizinlə qürur duyuruq!

Cənab Ali Baş Komandan! Vətənim olan doğma Azərbaycanım üçün yaxşı mənada 58 yaşlı bir zabit əsgəriniz olaraq bacara bilmədiyim heç nə yoxdur. Sizin üçün, Vətənim üçün, tərəqqi təcəssümü olan daim gözəlləşən, möhkəmlənən dövlətimiz üçün uğrunda döyüşməyə, vürüşmağa, lazım gələrsə ölməyə belə hazıram. Mən və keçmiş silahdaşlarım olan müharibə veteranları əmrinizi gözləyirik, hər an, hər zaman sizinləyik! Qoy bu günlər gecə-gündüz yatmayıb, böyük əzmkarlıqla torpaqlarımızı qoruyan əsgər və zabitlər bilsinlər ki, onlar bizim canımız, qanımız və doğmalarımızdır. Biz Sizinləyik əziz balalarımız, əziz qardaşlarımız! Qoy düşmənlə vuruşanda silah tutan əliniz əsməsin! Hamı sizinlə fəxr edir! Sizinlə qürur duyuruq! Sağ və salamat evlərinizə dönün! Siz bizim ümidimiz, qürurumuzsunuz!

Hörmətlə,

Qasımov Arzu Adil oğlu,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.