13 aprel 2016, 17:50

Fitat Əliyevadan, Tərtər, Azərbaycan

Möhtərəm Ali Baş Komandan.

Sizi Qarabağ döyüşlərində və ideoloji cəbhədə qazandığımız qələbəyə görə səmimi qəlbdən təbrik edirəm.

Biz Tərtər rayonunun Qapanlı və Qaradağlı kəndlərinin sakinləri bu günlərdə Azərbaycan Ordusunun gücünə, qüdrətinə bir daha inandıq. Yaşadığımız Qapanlı kəndi düşmənin bir addımlığındadır. Düşmən kəndimizdə gedən sosial tərəqqini öz gözləri ilə görərək, mənəvi cəhətdən ölür. Sizin diqqət və qayğınız nəticəsində kəndimizə qaz xətti çəkilib, yollarımız asfaltlanıb. Telefon, işıq, su sarıdan qayğımız yoxdur. Kəndimizin küçələri gecələr işıqlandırılır. Yeni məktəbimiz, tibb məntəqəmiz var. Qapanlı kəndinin sakinləri bu günədək bir gün də öz ev-eşiklərini tərk etməyiblər. Kəndimiz düşmənə göz dağıdır.

Möhtərəm Prezident, biz Sizə inanır, daxili və xarici siyasətinizi dəstəkləyirik. Tanrı Sizi və Ordumuzu qorusun.

Hörmətlə,

Əliyeva Fitat, Qapanlı kənd tam orta məktəbinin direktoru. 

Azərbaycan Respublikası, Tərtər rayonu.