Rasim Əliyevdən, Yekaterinburq, Rusiya
13 aprel 2016, 19:00
Hörmətli cənab Prezident.
Mən Yekaterinburq şəhərindəki “Parasels” çoxprofilli tibb klinikasının baş həkimi və sahibiyəm. Vətənimdən uzaqlarda yaşamağıma baxmayaraq, mən öz ölkəmin - böyük Azərbaycan Respublikasının vətənpərvəriyəm.
Yekaterinburqda və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarının qarşısını almaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə cavab tədbirlərini dəstəkləyir, strateji əhəmiyyətli bir neçə yüksəkliyin və yaşayış məntəqəsinin azad edilməsi barədə xəbərlərə sevinir.
Azərbaycanın həlak olmuş hərbi qulluqçularına və mülki şəxslərinə görə “Parasels” klinikasının işçiləri adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Düşmənlərimizə qarşı rəşadətlə savaşan bu insanlar əsl qəhrəmandırlar. Biz qüdrətli ordumuzun uğurları ilə fəxr edir, igidliyinə, qəhrəmanlığına, fədakarlığına, Vətənə sədaqətinə, Vətəni erməni təcavüzkarından müdafiə etdiyinə görə əsgərlərimiz və zabitlərimiz qarşısında baş əyirik.
İndi bütün dünya birliyi Azərbaycandakı vəziyyəti diqqətlə izləyir, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması və insan itkiləri barədə xəbərlər ciddi narahatlıq doğurur.
Şəxsən mən və klinikanın əməkdaşları çox istərdik ki, bas həkimi olduğum “Parasels” tibb ocağının mütəxəssisləri yaralılara, hərbçilərə və dinc əhaliyə yüksək ixtisaslı tibbi yardım göstərək.
Biz Rusiyanın Yekaterinburq şəhərində yerli əhali ilə dostluq münasibətlərimizi inkişaf etdirir, Azərbaycanda sülhün bərqərar edilməsi və ərazi bütövlüyünün qorunması məqsədi ilə onlara daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında doğru-dürüst informasiya veririk. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi hər birimizin müqəddəs borcudur.
Biz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi Sizin diplomatik və hərbi siyasətinizi dəstəkləyirik. Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və siyasi çəkiniz məsələləri düzgün həll etməyinizə kömək edəcək. Biz qalib gələcəyik, Qarabağ bizim torpağımızdır!
Hörmətli cənab Prezident, mən Sizin ilk əmrinizlə doğulub boya-başa çatdığım Vətənimə gəlməyə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədə iştirak etməyə, yaralılara təxirəsalınmaz tibbi yardım göstərməyə hazıram. Bizim “Parasels” klinikamız müharibədən zərər çəkmiş insanlara istər Azərbaycanda, istərsə də Yekaterinburq şəhərində təmənnasız tibbi xidmət göstərməyə hazırdır.
Cənab Prezident, Azərbaycan Respublikasının dinc əhalisinə, yaralı əsgərlərə təcili tibbi yardımın, onların ailələrinə psixoloji yardımın təşkili və Ural Federal Dairəsinin “Parasels” çoxprofilli tibb klinikasının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə təmənnasız əsasda qarşılıqlı fəaliyyət göstərməsi məqsədi ilə kömək və dəstəyimizi qəbul etməyinizi xahiş edirəm.
Dərin hörmətlə,
Əliyev Rasim Əli oğlu,
“Parasels” çoxprofilli tibb klinikasının baş həkimi
Rusiya Federasiyası, Yekaterinburq şəhəri