Gerb

14 aprel 2016, 12:00

Hörmətli cənab Prezident,

Quba rayon Ağsaqqallar Şurasının üzvləri ağsaqqallar, ictimaiyyət nümayəndələri, xüsusən gənclərlə görüşlərdə Ermənistan–Azərbaycan qoşunlarının təmas xəttində ordumuzun uğurundan söhbət açır, bu istiqamətdə atılan bütün addımları birmənalı dəstəkləyirlər. Ordumuzun düşmənin təxribatçı əməllərinin qarşısını mərdliklə alması və onlara sarsıdıcı zərbələrin endirilməsi hər birimizdə tükənməz qürur hissi yaratmış, hərbi vətənpərvərlik duyğularını daha da gücləndirmişdir.

Cənab Ali Baş Komandan, biz Sizə uğurlu siyasətinizə görə minnətdarlığımızı bildirir və inanırıq ki, həlli çətin olan məsələnin ilk uğurunu artıq qazanmısınız. Əzmli və qüdrətli Azərbaycan xalqı Sizinlə qürur duyur və fəxr edir. Bu gün bizim haqq səsimiz dünyanın bütün aparıcı dövlətləri tərəfindən dəstəklənir. Son hadisələr bir daha sübut etdi ki, Azərbaycan xalqı Sizin müdrik, uzaq görən siyasətinizi bəyənir və dəstəkləyir. Biz Quba ağsaqqalları bundan sonra da Sizin ətrafınızda daha sıx birlik nümayiş etdirəcəyik. Əminik ki, Azərbaycan əsgəri – vətənpərvər övladlarımız tezliklə işğal olunmuş ərazilərimizi düşməndən tamamilə azad edəcək, qələbə bayrağımızı bütün qədim yurd yerlərimizdə ucaldacaqlar.

Hörmətlə,

Həsən Cəlal oğlu Günəşli

Quba Rayon Ağsaqqallar Şurasının sədri

Azərbaycan Respublikası, Quba rayonu.