Gerb

14 aprel 2016, 12:30

Çox hörmətli və əziz Prezidentim,

Bu günlərdə cəbhədə yenidən düşmən təxribatının artması və gələn şəhid xəbərləri ölkəmizin hər bir vətəndaşı kimi, məni də dərindən narahat etdi və üzdü. Amansız düşmənin törətdiyi cinayətlər, hərbi məntəqələrlə yanaşı, mülki obyektlərin də atəşə tutulması bizə bir daha erməni vandalizminin iç üzünü göstərdi.

Cənab Prezidentim, Silahlı Qüvvələrimizin Sizin komandanlığınız altında cəbhədə düşmənə endirdiyi layiqli cavab zərbəsi, həmçinin bir neçə yüksəkliyin və yaşayış məntəqəsinin azad olunması igid, qəhrəman hərbçilərimizin Vətən uğrunda rəşadətini, ölümün gözünə dik baxaraq, erməni işğalçılarına bu müqəddəs torpaqlara heç vaxt sahib ola bilməyəcəklərini göstərdi. Bu, Sizin uğurlu daxili və xarici siyasətinizin, Vətən təəssübünü hər şeydən üstün tutmağınızın, milli maraqlarımızı qürurla qorumağınızın nəticəsidir. Bəli, bu mənzərə hər bir vətəndaşımızı sevindirdiyi kimi, məni də fərəh və iftixar, qürur göz yaşlarına qərq etdi. Axı, mənim bu sevinci yaşamağa, qürurlanmağa hamıdan daha çox haqqım çatır. Çünki bu gün Vətənimi şərəflə, uğurla idarə edən, ölkəmizin dünyanın inkişaf etmiş ölkələri sırasında adını yazdıran Prezidentin müəllimiyəm. Bunu hər yerdə fəxrlə deyirəm.

Möhtərəm Prezidentim, Ulu Tanrıdan yeganə diləyim var. Siz başda olmaqla, Silahlı Qüvvələrimizin hər bir hərbçisini Allah qorusun! Millətimə, bu gözəl Vətənimə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Sevimli müəlliməniz

Emma Əlihəsən qızı Kazımova       

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.