İlham Əliyev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb

14 aprel 2016, 22:45
İlham Əliyev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb

Prezident İlham Əliyev İstanbulda BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyi bildirildi. Azərbaycanın BMT ilə birgə bu il Bakıda təşkil edəcəyi Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu əməkdaşlığın yaxşı göstəricisi kimi səciyyələndirildi. Foruma hazırlıq prosesinin başa çatmaqda olduğu vurğulandı, tədbirlə bağlı bir sıra təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı BMT-nin Baş katibi Pan Gi Munun VII Qlobal Forumda iştirakının mühüm əhəmiyyət daşıyacağı, bunun Azərbaycan və region üçün önəmli hadisə olacağı qeyd edildi. BMT Baş katibinin Azərbaycana səfərinin sülh, sabitlik, təhlükəsizlik məsələləri ilə bağlı dünyaya mühüm mesaj olacağı da vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı. Pan Gi Munun Bakıda bu münaqişənin həlli, habelə Ermənistanın təxribatçı əməllərinin qarşısının alınması ilə bağlı verəcəyi mesajın mühüm əhəmiyyət kəsb edəcəyi diqqətə çatdırıldı.

gallery-photogallery-photo