15 aprel 2016, 11:00

Fərid Cəbrayılov, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Baxın, bütün xalq Sizin bir sözünüzə bənddir ki, ərazi bütövlüyümüz bərpa etsin. Xalqın sadə nümayəndəsi kimi Sizdən xahişim odur ki, göydə Allaha, yerdə ilk növbədə Azərbaycan əsgərinə, sonra isə bütöv Azərbaycan xalqına arxalanın. Bilirik, bu sülh danışıqları, səmərəsiz qurumların səmərəsiz qərarları Sizi də boğaza yığıb bizim kimi, ona görə də bizə qalan, bizə yanan yenə də bizik. Xalqın bu istəyini, bu ruh yüksəkliyini cavabsız qoymayın, gedək torpaqlarımızı azad edək. Əvvəl deyilirdi ki, türkün türkdən başqa dostu yoxdur. Lakin bu günlər ərzində gördük ki, müxtəlif xalqların nümayəndələrindən ibarət Azərbaycan Xalqı necə möhkəm, necə birdir. Mən də türkəm, türkçüyəm, ancaq bu birlik türk birliyindən də öndədir. Çünki əsrlərdir bir qabdan çörək yemişik, bir Vətənin övladlarıyıq və bu, sübuta yetdi. Cənab Prezident, bu xalq Sizin və Ordunun arxasındadır və bu gündən sonra artıq bu milləti bu ideologiyasından heç nə, heç kim ayıra bilməz. Əmrinizə hazırıq. 

Hörmətlə,

Cəbrayılov Fərid Möhübbət oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.