Yeganə Mədətova və başqalarından, Bakı, Azərbaycan
25 may 2010, 14:54
Möhtərəm cənab Prezident!
Son illərdə respublikamızda, xüsusən də Bakı şəhərində aparılan tikinti, yenidənqurma və bərpa işləri ölkəmizin digər vətəndaşları kimi bizi də ürəkdən sevindirir. Son illər ərzində Bakı şəhəri günü-gündən cavanlaşır və gözəlləşir. Bizim yaşadığımız Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 5 ünvanında (“Yaşıl teatr”dan yuxarı) yerləşən bina da şəhərin bir çox binaları kimi yeni təmir olunmuşdur. Həmin bina sovet dönəmindən qalmışdı və heç bir arxitektur üsluba, gözəlliyə malik deyildi. Yüzlərlə oxşar binalardan heç nə ilə fərqlənmirdi. Bu gün isə binamız öz gözəlliyi ilə seçilir. Binanın öz arxitektur üslubu var və dünyanın istənilən paytaxtının yaraşığı ola bilər. Təmirdən sonra mənzillərimiz daha da geniş və işıqlı olub. Mənzillərimizin və balkonlarımızın sahəsi də artırılıb. Binanın şəhərin mərkəzində yerləşdiyini və həmin ərazidə yaşayış sahəsinin çox bahalı olmasını nəzərə alsaq, bizim üçün mənzilimizin sahəsinin nəzərə çarpacaq dərəcədə artmasının nə demək olduğunu təsəvvür etmək çətin deyil.
Cənab Prezident!
Sizin göstərişiniz və müdrik rəhbərliyiniz altında bütün Azərbaycan vətəndaşları kimi bizim də yaşayış şəraitimizin və sosial rifahımızın yaxşılaşmasına görə binamızın sakinləri adından Sizə öz dərin minnətdarlığımızı çatdırır və bu cür layihələrin gələcəkdə də mütəmadi olaraq həyata keçiriləcəyinə ümidvar olduğumuzu bildiririk.
Hörmətlə,
Mədətova Yeganə Mehbalı qızı və başqalarından.
Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 5 saylı binanın sakinləri.