16 aprel 2016, 15:45

Bəkir Əbdürrəhmanovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident.

Mən doqquz nəfərlik ailəmlə birlikdə Sizin apardığınız daxili və xarici siyasəti tam dəstəkləyirik və fəxr edirik ki, ulu öndər Heydər Əliyevin qurduğu, yaratdığı müasir Azərbaycan dövləti etibarlı əllərdədir. Sizin gördüyünüz işlər sayəsində respublikamız gündən-günə inkişaf edir və gözəlləşir.

Bir hərbiçi-zabit ailəsi kimi bizi bu müraciəti Sizə yazmağa ruhlandıran məqamlar aprelin 1-dən 5-dək cəbhədəki qələbələrimiz, Sizin bu hadisələrə qəti münasibətiniz, düşmənlə üz-üzə qəhrəmancasına vuruşan Azərbaycan Ordusunun gücünü düşmənə göstərən və şəhid olan Azərbaycan övladlarına verdiyiniz qiymət, döyüşdə yaralanan hərbiçilərimizə göstərdiyiniz qayğı olmuşdur.

Möhtərəm Prezident, son hadisələr zamanı cəbhədə şəhid olan hərbiçilərimizin izdihamlı dəfn mərasiminə baxdıqda şəhidlik zirvəsinin necə müqəddəs olduğunu bir daha hiss etdim. Mən də o şəhid atalarının sırasında olsaydım, qürur hissi keçirərdim.

Lakin əfsuslar olsun ki, oğlum – mayor Elnur Əbdürrəhmanov Bakı şəhərində hərbi hospitalda əməliyyat olunduğu üçün bu hadisələrdə iştirak edə bilmədi. Biz ailəliklə buna çox təəssüflənirik və qətiyyətlə bildiririk ki, inşallah, oğlum sağalaraq yenidən hərbi xidmətini davam etdirəcək və Azərbaycan bayrağının Xankəndidə sancılmasında fəal iştirak edəcək.

Biz hərbi hospitalda oğlumuzun yanında olarkən buranın necə abadlaşdırıldığını, hərbiçilərimizin müalicəsi üçün necə şərait yaradıldığını, hərbiçilərimizə göstərilən qayğı və diqqəti görəndə nə qədər sevindiyimi sözlə çatdıra bilmirəm. Bir daha əmin oldum ki, bu, Sizin bir Ali Baş Komandan kimi Milli Ordumuza, onun əsgər və zabitlərinə göstərdiyiniz diqqət və qayğının təzahürüdür.

Fürsətdən istifadə edərək, həmin hospitalda çalışan həkimlərə ailəmiz adından dərin təşəkkürümüzü bildiririk. Bu insanlar oğlumuzu yenidən həyata qaytardılar, onun Sizin komandanlığınız altında Vətənə fəxrlə xidmət etməyinə imkan yaratdılar.

Əbdürrəhmanovlar ailəsi adından hörmətlə,

Əbdürrəhmanov Bəkir Əhməd oğlu. 

Azərbaycan Respublikası, Bakı şəhəri.