18 aprel 2016, 16:15

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin məhbusları adından

Cənab Ali Baş Komandan, hörmətli Prezident İlham Əliyev.

Biz məhbuslar şanlı Ordumuzun qüdrətini və erməni qəsbkarlarına sarsıdıcı zərbələr vuraraq işğal olunmuş torpaqlarımızdan qovulmasını televiziya ilə izləməkdəyik, həmçinin beynəlxalq ictimaiyyətin mövqeyini də nəzərdən qaçırmırıq. Ölkəmiz təcavüzə məruz qalıb, Xocalı faciəsi bütün dünyaya məlumdur. Erməni qəsbkarlarının heç bir şərt qoymadan Azərbaycan torpaqlarını tərk etməsi barədə BMT-nin 4 qətnaməsi 20 ildən çoxdur ki, kağız üzərində qalıb. Minsk Qrupunun heç bir nəticə olmayan, vaxtı uzadan, get-gələ Zəngəzur, Göyçə və digər Azərbaycan əraziləri kimi, Qarabağı ermənilərə “peşkəş”  vermək siyasəti yürütməsi göz qabağındadır.

Hörmətli Prezident, cənab Ali Baş Komandan, biz məhbuslar bir əmrinizlə silahlanıb erməni qəsbkarlarını İrəvana  kimi təqib etməyə hazırıq. Eyni zamanda, bacardığımızı və hərbi hissələrin  istər artilleriya, istər  quru qoşunları, istər kəşfiyyat və digər sahələr üzrə mütəxəssislərimizin şücaətini və döyüş qabiliyyətini  göstərməyə can-başla hazırıq. Vətən anadır, Vətən namusdur. Dinimiz də Vətəni müdafiə edərək həlak olanları şəhid  hesab edir. Vətən, ana, namus uğrunda şəhid olanlar ölmürlər, əbədi yaşayırlar.

Biz bilirik ki, bütün Azərbaycan xalqı, eləcə də digər çəzaçəkmə müəssisələrində olan məhbuslar bu müraciətə dəstək olacaqlar.

Sizə dərin hörmətlə,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin məhbusları adından

Yaqubov Kamal Yaqub oğlu, Məmmədov Əsəd Ramiz oğlu, Rzayev Ramiz Sahib oğlu, Əliyev Süleyman Edison oğlu, Məmmədov Yasin Firdovsi  oğlu, Məmmədov Ramin Allahverən oğlu, müharibə veteranı Bayramov Şahin Xanhüseyn oğlu və başqaları .