Gerb

12 aprel 2016, 16:45
W1siziisijiwmtyvmdqvmtkvota0mmc3agw1mf9bbwvyawtpyv8xlkpqryjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=b1da3104b4c6899f

Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşməkdən çox məmnunam. Bilirəm ki, Palataya daxil olan şirkətlər və üzvlər uzun illərdir Azərbaycanda işləyirlər, ölkəmizin müsbət istiqamətdə iqtisadi inkişafına böyük töhfə verirlər. Əvvəlcə, mən bu cür mühüm töhfələrinə və uzunmüddətli tərəfdaşlığına görə şirkətlərə minnətdarlığımı bildirmək istəyirəm.

Mənə verilən məlumata görə, Palata 20 il öncə təsis edilib. Bu, məhz Azərbaycanın sürətli iqtisadi inkişafının başladığı dövrə təsadüf edir. Çünki həmin vaxtdan əvvəl, vəziyyət çox mürəkkəb idi. Ciddi iqtisadi çətinliklər, iqtisadi tənəzzül, durğunluq müşahidə olunurdu. 1996-cı il iqtisadiyyatımızın inkişafa başladığı il oldu və bu artım 20 ildir ki, davam edir.

Bilirəm ki, nəinki Amerika şirkətləri, o cümlədən yerli şirkətlər və digər ölkələrin şirkətləri Palatanın üzvləridir. Lakin əlbəttə ki, Palata məhz ABŞ şirkətləri tərəfindən təsis edilib. Buna görə, o, Amerika Ticarət Palatası adlanır.

Bildiyiniz kimi, bu yaxınlarda mənim Birləşmiş Ştatlara olduqca uğurlu səfərim baş tutub. Mən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdim və eyni zamanda, ABŞ-ın siyasi rəhbərliyi, vitse-Prezidenti, dövlət katibi ilə görüşlər oldu. Biz ikitərəfli gündəliyimizə aid mühüm məsələləri, siyasi, təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığı müzakirə etdik. İqtisadi əməkdaşlığımız əsasən ticarət naziri ilə görüşüm zamanı müzakirə olundu. Əslində, biz sizin də Azərbaycanda fəaliyyətinizi müzakirə etdik və razılığa gəldik ki, ölkələrimiz arasında iqtisadi iş birliyi respublikamızın, regionumuzun inkişafına, ABŞ-ın Azərbaycandakı maraqlarına və ölkəni inkişaf etdirmək, Azərbaycanda davamlı inkişafı yaratmaq planlarımıza uyğun olan eyni ölçüyə malik olmalıdır.

Siz ölkəmizdə uzun illərdir ki, çalışırsınız. Reallığı, vəziyyəti və nailiyyətləri bilirsiniz. Ona görə də, bu barədə çox danışmaq istəməzdim. Planlarımız haqqında bir neçə söz söyləsəm daha yaxşı olar. Bu planlarımız ictimaiyyətə, həmçinin biznes dairələrinə yaxşı məlumdur. Çünki bildiyiniz kimi, mən Azərbaycanın işgüzar dairələri ilə tez-tez görüşlər keçirirəm. İldə bir dəfə geniş konfransımız olur. Həmin tədbirdə il ərzində əldə olunmuş nailiyyətlər, o cümlədən rayonların inkişafı müzakirə edilir, bütün mühüm məsələlər nəzərdən keçirilir. Həmçinin Nazirlər Kabinetinin toplantılarında görülmüş işlərə, nailiyyətlərə, çatışmazlıqlara və gələn rüb üçün planlara nəzər salırıq.

Bu səbəbdən, indi söyləyəcəyim bəlkə də sizin üçün sirr deyil. Lakin hesab edirəm ki, sizin özünüz bunu birbaşa eşitsəniz daha yaxşı olar. Bu gün dünyadakı iqtisadi vəziyyəti və regiondakı siyasi durumu nəzərə alsaq aydın olur ki, heç bir ölkə uzun perspektivdə yalnız öz resurslarına əsaslana bilməz. Müxtəlif ölkələrdə fərqli resurslar var. Keçmiş sovet məkanındakı ölkələrə gəldikdə, onlar əsasən resurslara əsaslanır. Bəzi hallarda, söhbət neft və qazdan, digər hallarda başqa resurslardan gedir. Lakin ola bilər ki, başlanğıcda bu, təbii hal idi, çünki həmin vaxt biz iqtisadiyyatı dəyişməli, ilkin kapitalı yaratmalı və əsas iqtisadiyyatlara hansı şəkildə inteqrasiya haqqında düşünməli idik.

Hazırda həmin dövr artıq sona çatıb. Bu, əsasən neft qiymətlərinin sürətlə, üç–dörd dəfə aşağı düşməsi ilə bağlıdır. Bu, bir növ siqnal oldu ki, biz islahatlar sahəsində daha çox işlər görməliyik. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların təxminən hamısı neft və qazla zəngin olmayan ölkələrdir. Lakin innovasiya, biznes mühiti, texnologiya - bunlar inkişafa səbəb oldu və bu gün dünya iqtisadiyyatının aparıcı qüvvəsidir. Bunun qarşımızda yaxşı nümunələri var və biz olduqca dərin, ciddi islahatlara sadiqik.

Bizim üçün bir nömrəli məsələ neft və qazdan asılılığı azaltmaqdır. Baxmayaraq, neft və qaz iqtisadiyyatımız, region, enerji təhlükəsizliyi üçün mühüm rolunu davam etdirəcək. Bildiyiniz kimi, Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Neft və qaz sahəsinə yatırılan sərmayələr ölkəmizin, eləcə də digər ölkələrin gələcəyinə yönələn sərmayələrdir. Lakin iqtisadiyyatımız üçün bu, artıq prioritet deyil. Mən Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm. Hasilat, nəql etmək, geniş həcmdə qaz hasilatına başlamaq yalnız Neft Fondumuzda daha çox vəsaitlərin toplanması üçün zəruridir. Ümid edirəm ki, vaxt gələcək biz Neft Fondundan büdcəyə vəsaitlərin köçürülməsini kəskin şəkildə azaldacağıq. Bu köçürmələr hazırda baş verir və bu, neftin qiymətləri ilə bağlıdır. Lakin hesab edirəm ki, bu vəziyyət də iqtisadiyyatımızı şaxələndirmək üçün yaxşı fürsətdir. Bir nömrəli vəzifə neftdən, qazdan asılılığı azaltmaq və şaxələndirmədir. Biz bunun üzərində çalışırıq və son on ildən artıq dövrdə bir milyondan çox daimi iş yeri açmağa, regional infrastrukturun, xidmətlərin inkişafına müvəffəq olduq.

Həmçinin sənaye potensialı yaradılmışdır. Lakin bu, kifayət deyil, çünki bizə iqtisadiyyatımızın qeyri-neft sektorunda daha surətli artım lazımdır. Bu səbəbdən, şaxələndirmə bir nömrəli məsələdir. Bununla yanaşı, yeni iş yerləri açılmalıdır. Çünki Azərbaycanın müsbət demoqrafik vəziyyəti ilə əlaqədar, biz hər il minlərlə, hətta on minlərlə iş yeri yaratmalıyıq, belə ki, əhali iş yerlərinin açılmasına nisbətdə daha sürətlə artır. Əhali artımı isə birmənalı olaraq, iqtisadi inkişafla bağlıdır. Əgər siz əhali artımının dinamikasına baxsanız, görərsiniz ki, o, Azərbaycanın iqtisadi vəziyyətinə tam uyğundur. Əlbəttə ki, gələcəkdə daha sürətli iqtisadi inkişafı planlaşdırırıq. Bu səbəbdən, iş yerlərinin açılması da təhsil islahatları ilə əlaqələndirilməlidir. Çünki hökumətin daha çox iqtisadi fəaliyyəti planlaşdırdığı sahələrdə bizə mütəxəssislər lazım olacaq. Bu vaxta qədər bizdə həmin əlaqələndirmə olmayıb. Bu səbəbdən müəyyən qeyri-tarazlıq müşahidə olunur. Bəzi sektorlarda mütəxəssislərimizin sayı lazım olmayan dərəcədə çoxdur və bizə lazım olan sahələrdə isə onlar çatışmır.

İdxaldan asılılığın azaldılması, həmçinin prioritetlərdən biridir. Biz əsas istehlak sahələri üzrə asılılığı azaltmağa nail olmuşuq. Lakin yenə də asılı vəziyyətdəyik. Bu səbəbdən milli valyutamızın neftin qiymətləri və qonşuluqda baş verənlər baxımından qaçılmaz olan devalvasiyası inflyasiyaya, əlbəttə ki, təsir göstərdi. Əgər biz bütün istehlak sahələri üzrə özümüzü 100 faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı. Lakin, bu, eyni zamanda, daha rəqabətcil olan yerli istehsalı stimullaşdırmaq üçün fürsətdir.

İxrac təmayüllü istehsal hazırda əsas prioritetlərdən biridir. Bu, əvvəlcə prioritet deyildi, çünki açıq desək, neftdən əldə edilən nağd vəsaitlərin həcmi büdcə profisitini və gözəçarpan valyuta ehtiyatlarını təmin etmək üçün kifayət idi. Hazırda neftin qiyməti aşağı düşdükdən sonra biz onu digər ixrac təmayüllü məhsullarla kompensasiya etməliyik. Bunu etmək üçün biz düzgün marketinq, fəal diplomatiya aparmalıyıq. Beynəlxalq bazarlara yeni məhsullarla daxil olmaq asan deyil. Xüsusən də indiki dövrdə, cari geosiyasi vəziyyətdə. Bu halda ənənəvi istehsalçılar ənənəvi bazarlara daxil olmaqda çətinlik çəkirlər.

Bir sözlə, biz xarici bazarlara nəyi təqdim edə bilərik? Söhbət əsasən asan satıla bilən məhsullardan gedir. Bu səbəbdən iqtisadiyyatın həmin sektorlarına diqqətin yönəldilməsi, xüsusən də infrastruktur sahəsinə diqqət hazırda bir nömrəli məsələ olmalıdır. Biz ixracın stimullaşdırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmışıq. Odur ki, ixraca yönəlmiş iqtisadiyyatı yaratmaq üçün bu sahədə hansı işlərin görülməsini sizdən eşitsək yaxşı olar. Biznes mühitinin yaxşılaşdırılması, əlbəttə ki, əsas prioritetlərdən biridir. Sərmayə mühitinin də təkmilləşdirilməsi bu məqsədlə bağlıdır. Enerji sektorunda çox münbit investisiya mühiti var, çünki bütün pay bölgüsü sazişləri parlament tərəfindən təsdiqlənir və qanun formasını alır. Lakin, əlbəttə, biz eyni vəziyyəti iqtisadiyyatımızın bütün digər sektorlarında da təmin etməliyik ki, investorlar sərmayələrinin qorunmasına tam əmin olsunlar, şərtlərin dəyişdirilməsi, müdaxilələr olmasın. Proqnozlaşdırılan investisiya mühiti mövcud olmalıdır. Biz yalnız bu halda hazırkı şəraitlər əsasında investisiyaları cəlb edə bilərik. Bu, bizə lazımdır. Lakin bunu etmək üçün, - siz daha yaxşı bilirsiniz, – müvafiq şəraitlər olmalıdır. Qanunverici əsaslar, qanunun aliliyi, sərmayələrin qorunması, bürokratik maneələrin, istər yerli, istərsə də xarici şirkətlərin fəaliyyətinə hər hansı qeyri-qanuni müdaxilələrin aradan qaldırılması vacibdir. Fikrimcə, xarici şirkətlər daha yaxşı şəraitdədirlər, çünki bəzən qeyri-qanuni müdaxilə olan halda, onlar birbaşa və ya hökumətləri vasitəsilə məlumat verə bilir və həmin məsələlər öz həllini tapır.

Lakin bəzən yerli şirkətlər ümidsiz, köməksiz qalır. Bu, davamlı iqtisadi inkişafa ən böyük maneələrdən biridir. Bir sözlə, biz islahatlara, yaxşı idarəçiliyə, biznes üçün daha çox imkanların yaradılmasına, o cümlədən investisiya mühitinə, ixrac potensialının stimullaşdırılmasına və sərmayələrin cəlb edilməsinə olduqca bağlıyıq. Görüləcək iş çoxdur. Fikrimcə, biz məqsədlərimizə nail olacağıq. Eyni zamanda, iqtisadiyyatın elə sektorları var ki, bizim üçün prioritet təşkil edir. Əlbəttə, investisiyaların həmin sektorlara cəlb edilməsi yaxşı olar. Onlardan biri əlavə potensialı, o cümlədən ixrac məhsullarını yarada biləcək kənd təsərrüfatıdır. O, həmçinin məşğulluq məsələlərinə də yardım edə bilər, çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Biz kənd yerlərində artıq müvafiq infrastrukturu yaratmışıq. Qaz, elektrik enerjisi və su ilə təchizatı təmin etmişik. Yollar çəkmişik. Bütün bu layihələr ya tam reallaşıb, yaxud da başa çatmaq üzrədir.

Həmçinin yüksək texnologiyalar sektoru bizim üçün prioritetdir. Bu sahədə də Azərbaycan və ABŞ şirkətləri arasında yaxşı əməkdaşlıq var. Kənd təsərrüfatı sahəsində, həmçinin sizin texnologiyadan istifadə edərək biz eyni torpaq sahəsində daha çox məhsul becərə bilərik.

Turizmə gəldikdə, biz bu sahəyə fəal şəkildə sərmayələr yatırırıq. Hazırda əlavə addımlar atılır ki, xarici turistlər Azərbaycana daha asan səfər etsinlər. Xüsusən, coğrafi mövqeyi, xalqımızın qonaqpərvərliyini, təhlükəsizliyi, dostluq mühitini və istər Bakıda, istərsə də rayonlarda artıq mövcud infrastrukturu, o cümlədən müxtəlif iqlim şəraitlərini nəzərə alsaq, turistləri daha çox cəlb edə bilərik. Əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir. Biz turizm sənayesini yaratmalıyıq. Bu, bizdə yoxdur. Turizmin, əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik. Hazırda, dünyada tanınan otellər ölkəmizdə var. Fikrimcə, şirkətlər bu işdə bizə yardım edə bilərlər.

Əlbəttə, əvvəldə qeyd etdiyim kimi, məşğulluq hər zaman gündəliyimizdə olacaq. Bu sahədə heç vaxt işimizi bitirmiş kimi hesab etmirik. Bu səbəbdən iqtisadiyyatın sənaye sektorlarının, ağır sənayenin, toxuculuq sənayesinin yaradılması da resurslarımızla bağlıdır. Böyük dəmir filizi ehtiyatlarını nəzərə alsaq, poladəritmə sənayesinin böyük potensialı var. Pambığın yetişdirilməsi üçün müvafiq olan iqlim şəraitini nəzərə alsaq, toxuculuq sənayesinin imkanları da mövcuddur və sair.

Bu haqda çox danışa bilərəm və bütün vaxtımızı şərhlər üçün istifadə etmək istəməzdim. Lakin sizə planlaşdırdığımız işlər barədə məlumat vermək istədim və nəyin edilməsi ilə əlaqədar fikir söyləyə bilərsiniz. Daha fəal sərmayələr, yerli və xarici şirkətlərin fəaliyyəti üçün maneələr nədən ibarətdir? Fikrinizcə, hökumət çalışdığımız vəziyyəti yaratmaq üçün hansı əlavə işləri görməlidir? Bunları nəzərə alaraq, sizi çıxış etməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.



Böyük ölçüdə