Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

20 may 2016, 22:02

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80, № 3, maddə 235; 2007, № 9, maddə 870; 2008, № 11, maddə 970; 2009, № 5, maddə 323; 2011, № 2, maddə 85; 2012, № 3, maddə 198) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nə aşağıdakı məzmunda 14.3-1-ci bənd və 23-cü hissə əlavə edilsin:

“14.3-1. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir.”.

“23. Orqanda, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı orqanın və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2016-cı il.