XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında İlham Əliyevin nitqi

01 iyun 2016, 10:45
XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında İlham Əliyevin nitqi

Hörmətli xanımlar və cənablar, əziz qonaqlar.

Mən sizin hamınızı salamlayıram. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. XXIII Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayır. Bu sərginin təşkilində rol oynayan bütün insanlara, qurumlara öz minnətdarlığımı bildirmək istəyirəm.

Sərginin Azərbaycanda keçirilməsi ölkəmizin ümumi inkişafı üçün çox mühüm rol oynayır. Bildiyiniz kimi, birinci sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt Azərbaycanı demək olar ki, dünyada tanımırdılar. Azərbaycan gənc müstəqil dövlət idi. Xüsusilə nəzərə alsaq ki, müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, Azərbaycanda iqtisadi, siyasi və hərbi böhran hökm sürürdü. Ermənistan torpaqlarımızı işğal etmişdir, 1993-cü ildə vətəndaş müharibəsi başlamışdır. Yəni, bütün bu amilləri nəzərə alsaq, bir daha görürük ki, sərginin nə qədər böyük əhəmiyyəti olmuşdur. Çünki o vaxt bu sərgi vasitəsilə Azərbaycan öz neft potensialını dünyaya təqdim etdi. Azərbaycan bəyan etdi ki, o, investisiyalara açıq bir ölkədir. Azərbaycan inkişaf yolu ilə getmək, müasir dövlətə çevrilmək istəyir. Buna nail olmaq üçün əlbəttə ki, ilk növbədə ölkəmizə xarici sərmayə qoyulmalı idi. Xarici sərmayə üçün ən cəlbedici sahə təbii ki, neft sahəsi idi.

Azərbaycan qədim neft dövlətidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilmişdir. XX əsrdə isə ilk dəfə olaraq, dünyada dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil edilmişdir. Ancaq 1990-cı illərin əvvəllərində yaranmış vəziyyət, əlbəttə, o qədər də ümidverici deyildi. Ölkə çox böyük çətinliklərlə üzləşmişdi və Azərbaycanın, ümumiyyətlə, uzunmüddətli inkişaf perspektivləri çox qaranlıq idi.

Məhz belə bir şəraitdə birinci sərginin keçirilməsi, bir daha demək istəyirəm, çox önəmli bir hadisə idi. Bir daha bu fürsətdən istifadə edərək, bu sərgini uzun illər keçirən təşkilata minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, o şirkətlərə minnətdarlığımı bildirmək istəyirəm ki, bizə inandılar və bizimlə əməkdaşlıq etməyə başladılar. İlk növbədə, mən BP şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq 22 ildir ki, BP və SOCAR etibarlı tərəfdaşlar kimi birgə işləyirlər. Bir çox layihələrdə - ölkəmiz üçün ən önəmli layihələr olan “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Cənub Qaz Dəhlizi” layihələrində, neft və qaz kəmərlərinin tikintisində birgə işləyirlər və bu əməkdaşlığın çox gözəl gələcəyi vardır. Çünki qeyd etdiyim layihələrlə yanaşı, digər perspektiv layihələr üzərində də birgə iş aparılır.

Bu illər ərzində SOCAR – Azərbaycan Dövlət Neft Şirkəti də beynəlxalq enerji şirkətinə çevrilib. İlk növbədə ona görə ki, Azərbaycanda belə genişmiqyaslı böyük layihələr icra edilmişdir. Artıq SOCAR həm ölkə daxilində, həm xaricdə fəal iş aparır, böyük investisiyalar qoyur. Vaxtilə Azərbaycana yatırılan milyardlarla investisiyaları indi Azərbaycan xarici məkanlara qoyur. Beləliklə, həm bizim iqtisadi maraqlarımız təmin edilir və eyni zamanda, əlbəttə ki, xarici ölkəyə qoyulan investisiya o ölkə ilə bütün əlaqələrin inkişafına xidmət göstərir.

1994-cü ildən bu günə qədər Azərbaycan bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də çox uğurlu və şərəfli yol keçmişdir. Qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir. Planlaşdırdığımız bir dənə də layihə yarımçıq qalmamışdır. Biz bütün layihələri icra etdik. Bu layihələri icra etmək üçün çox böyük səylər, həmçinin siyasi səylər göstərildi, eyni zamanda, böyük maliyyə resursları ayrıldı. Bu böyük layihələr bir çox ölkələrlə razılıq əsasında icra edildi. Çünki ilk növbədə qarşıda nefti Xəzər dənizindən çıxarmaq, sahilə gətirmək, onu dünya bazarlarına nəql etmək məsələləri dayanmışdı. Burada əlbəttə ki, beynəlxalq əməkdaşlıq olmadan bu məsələləri həll etmək mümkün olmazdı. Eyni zamanda, regionda sabitlik olmalı idi. İnvestorların inamı artmalı idi ki, bu layihələr icra edilsin. Əks təqdirdə, nə beynəlxalq maliyyə qurumları, nə də ki, şirkətlər öz vəsaitlərini qoymazdılar. Məhz bu istiqamətdə çox ciddi iş aparılmışdır və 1990-cı illərin ortalarında Azərbaycanda sabitlik tam təmin edilmişdir. İnvestorlar bizə inandılar və Azərbaycana milyardlarla dollar məbləğində sərmayə qoyulmağa başlanmışdır.

Biz də bu imkanlardan səmərəli şəkildə istifadə etdik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltdik. Ölkə iqtisadiyyatını şaxələndirmək üçün böyük səylər göstərildi və bu gün Azərbaycanın ümumi daxili məhsulunda neft amili təxminən 30 faizdən bir qədər çoxdur. Ümumi gəlirlərimizin əksəriyyəti qeyri-neft sektoru hesabına formalaşır. Ona görə vəsaitin şəffaf saxlanması və idarə edilməsi üçün Dövlət Neft Fondu yaradılmışdır. Bu gün bu Fond dünya miqyasında ən şəffaf, suveren neft fondlarından biridir. Aparılan bütün infrastruktur və yenidənqurma işləri bir məqsədi güdürdü ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları genişlənsin, neftdən və qazdan asılılıq daha da aşağı düşsün. Biz bu istiqamətdə bu gün də işləyirik. Bizim üçün bu gün ən önəmli vəzifə məhz bundan ibarətdir ki, uzunmüddətli dayanıqlı iqtisadi inkişaf konsepsiyamızı icra edək və gələcəkdə, ümumiyyətlə, neftin qiymətindən asılı olmayaq.

1990-cı illərin ortalarında isə qarşımızda tam başqa vəzifələr dururdu. O vəzifələr ki, biz həm neft, həm qaz potensialımızı maksimum dərəcədə dünya bazarlarına çıxarmalı idik. Təsadüfi deyil ki, 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanmasından iki il keçməmiş – 1996-cı ilin iyununda “Şahdəniz” qaz yatağı üzrə hasilatın pay bölgüsü kontraktı imzalanmışdır. Bu gün “Şahdəniz” qaz yatağı dünya miqyasında ən böyük qaz yataqlarından biridir. Artıq “Şahdəniz”dən hasil olunan qaz regional bazarlara çıxarılır. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası bizə imkan verəcək ki, həm “Şahdəniz” qazı, həm digər qaz yataqlarından hasil olunacaq Azərbaycan qazı dünya bazarlarına çıxarılsın və beləliklə, biz həm neft, həm qaz proqramlarımızı tam şəkildə icra edək.

Təbii ki, bu gün “Cənub Qaz Dəhlizi” haqqında danışarkən biz 1990-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsə idi, onda əlbəttə ki, bu dəhliz də yaranmazdı. Bakı-Tbilisi-Ceyhan kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. İndi Azərbaycan qazı həmin dəhliz vasitəsilə dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz neftdən əldə olunan gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək, çox ciddi nəqliyyat bağlantıları yaratmışıq. Şərq-Qərb nəqliyyat dəhlizi bu gün reallaşır və əminəm ki, bu ilin sonuna qədər tam istifadəyə veriləcək. Beləliklə, neft, qaz, nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçəcək. Bu müddətdə biz elektrik enerjisinin ixracı ilə də bağlı lazımi addımlar atmışıq və bu gün Azərbaycan elektrik enerjisi də ixrac edir.

Yəni, bizim coğrafi vəziyyətimiz, qoyulan sərmayə və düşünülmüş siyasət, tərəfdaşlarla apardığımız birgə fəaliyyət bax, bu reallıqları yaradıbdır. Bu reallıqlar həm Azərbaycan dövlətinə, xalqına xidmət edir, həm qonşu dövlətlərin maraqlarını təmin edir və geniş coğrafiya baxımından beynəlxalq əməkdaşlığı gücləndirir. Beynəlxalq əməkdaşlıq olmadan, əlbəttə ki, biz heç bir layihəni icra edə bilmərik. Çünki Azərbaycanın açıq dənizlərə, dünya bazarlarına çıxışı yoxdur. Məhz buna görə neft və qaz kəmərlərinin tikintisinə böyük vəsait yönəldilir və beynəlxalq əməkdaşlığın təşəbbüskarı da biz olmuşuq. Bu da təbiidir. Çünki bu, bizə lazım idi ki, neft-qaz kəmərləri tikilsin, bu resurslar dünya bazarlarına çıxsın. Tranzit, istehlakçı ölkələr də bu layihələrə böyük maraq göstərirlər. Əlbəttə ki, onlar da bu layihələrdən bəhrələnirlər. Tranzit ölkələr onilliklər bundan sonra böyük mənfəət götürəcəklər, istehlakçı ölkələr əlavə alternativ qaz mənbələrinə çıxış əldə edəcəklər. Yəni, burada bütün tərəflər ancaq qazanır və əlbəttə, bu beynəlxalq əməkdaşlığı formalaşdırmaq üçün, ilk növbədə, Azərbaycan öz səylərini göstərməli idi və göstərdi. Əgər 1990-cı illərin ortalarında üçtərəfli format yaranıbdısa, – Azərbaycan-Gürcüstan-Türkiyə, - bu gün bu format genişlənir və “Cənub Qaz Dəhlizi”nin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər. Yenə də Azərbaycan-Gürcüstan-Türkiyə və Avropa İttifaqına üzv ölkələr – Bolqarıstan, Yunanıstan, İtaliya və Albaniya - artıq 7 ölkə “Cənub Qaz Dəhlizi”nin üzvüdür və Balkan ölkələri də bu layihəyə maraq göstərirlər. Bəzi Balkan ölkələri ilə artıq memorandumlar da imzalanmışdır ki, gələcəkdə biz “Cənub Qaz Dəhlizi”nin qollarını açaq. Çünki indi əsas xətt Bakıdan İtaliya sahillərinə qədər uzanan bir xətdir. Ancaq bu xətdən kənara çıxan qollar da olmalıdır. Biz bu məsələlər üzərində də işləyirik.

Bizim kifayət qədər qaz resurslarımız var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Hazırda “Abşeron”, “Ümid” yataqlarının işlənilməsi ilə bağlı hazırlıq işləri aparılır. Əminəm ki, bu layihələr də uğurla nəticələnəcək və beləliklə, Azərbaycanın qaz hasilatı daha da artacaq. “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarında böyük qaz yataqları var və biz onların da hasilatı ilə bağlı ciddi addımlar atırıq. Yəni, onu demək istəyirəm ki, biz öz fəaliyyətimizi “Cənub Qaz Dəhlizi”nin mövcud formatı ilə məhdudlaşdırmaq istəmirik. Biz istəyirik ki, daha da geniş coğrafiyaya çıxaq. Buna nail olmaq üçün qaz resursları var və artıq beynəlxalq əməkdaşlıq formatı da yaranıbdır.

Siz yaxşı bilirsiniz, artıq ikinci dəfədir ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilib. Bu ilin fevralında keçirilən ikinci iclasda bütün üzv ölkələrin nümayəndələri yüksək səviyyədə təmsil olunub. Avropa Komissiyasının iki vitse-prezidentinin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələrinin iştirak etdikləri iclasda Yekun Bəyannamə imzalanmışdır. Bu Bəyannamədə Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında liderlik rolu qeyd edilir. Əlbəttə, bu, bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Məşvərət Şurasının yaradılması da məhz bizim təşəbbüsümüz idi. Mən şadam ki, Avropa Komissiyası da bu təşəbbüsə öz dəstəyini göstərdi. Beləliklə, biz artıq çox ciddi koordinasiya formatı çərçivəsində işləyirik və şadam ki, bütün hədəflərə çatırıq.

Yadımdadır, keçən il bu sərginin açılışında iştirak edərkən demişdim ki, 2015-ci ildə TANAP layihəsinin təməli qoyuldu. Bu gün məmnunluq hissi ilə qeyd etməliyəm ki, keçən ay, iki həftə bundan əvvəl TAP layihəsinin təməli qoyuldu. Yəni, biz öz hədəflərimizə çatmaq üçün ardıcıllıqla irəliyə gedirik və bütün hədəflərə çatırıq. Əgər həyata keçirdiyimiz işlərin xronologiyasına baxsaq görərik ki, biz öz hədəflərimizə çatmaq üçün çox böyük ardıcıllıqla, məqsədyönlü, planlı şəkildə irəliləyirik.

1994-cü ildə “Əsrin kontraktı”nın, 1996-cı ildə “Şahdəniz” layihəsi üzrə kontraktın imzalanması, 1997-ci ildə “Çıraq” yatağından ilk neftin çıxarılması, 1999-cu ildə Qara dəniz limanları ilə bizi birləşdirən Bakı-Supsa neft kəmərinin tikilməsi, 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimi, 2006-2007-ci illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi, 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP layihəsinin imzalanması, ondan sonra 2014-cü ildə “Cənub” qaz dəhlizinin təməl daşının qoyulması, 2015-ci ildə TANAP-ın təməlinin qoyulması və nəhayət, 2016-cı ildə TAP layihəsinin təməlqoyma mərasimi. Bax, budur xronologiya. Yəni, bugünkü vəziyyət öz-özünə yaranmayıb. Əldə edilmiş bu uğurlar göydən düşməyib. Bu, gərgin, məqsədyönlü iş nəticəsində mümkün olub. Bir daha demək istəyirəm ki, biz ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində bu nailiyyətlərə çata bilərdik.

Bu gün vəziyyət ondan ibarətdir ki, “Cənub” qaz dəhlizinin icrası qrafik üzrə gedir. Hazırda enerji sahəsində qarşımızda duran əsas vəzifə “Cənub” qaz dəhlizinin icrasıdır. Əminəm ki, bu proses qrafik üzrə gedəcək. “Cənub” qaz dəhlizinin bütün 4 seqmentində də - “Şahdəniz”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələrində işlər gedir və əminəm ki, vaxtında icra ediləcək.

“Cənub Qaz Dəhlizi” iqtisadi layihədir, eyni zamanda, təhlükəsizlik layihəsidir. Çünki bu gün dünyada enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Hər kəs artıq başa düşür ki, enerji təhlükəsizliyi olmadan ölkələrin milli təhlükəsizliyi haqqında danışmaq mümkün deyil. O ölkələr ki, enerji resursları ilə zəngin deyillər, əlbəttə, onlar digər resurslardan asılıdır. Bizim vəzifəmiz həmişə ondan ibarət olub ki, əməkdaşlığı dərinləşdirmək üçün enerji amilindən istifadə edək. Azərbaycan heç vaxt öz potensialından başqa məqsədlər üçün istifadə etməyib. Bizim istəyimiz və arzumuz ondan ibarət olub ki, əməkdaşlığı dərinləşdirək, qonşuluğumuzda vəziyyət sabit olsun. Bu sabit vəziyyət imkan versin ki, biz transmilli layihələri icra edək və Azərbaycan xalqının rifah halını yaxşılaşdıraq, ölkəmizin qüdrətini artıraq. Buna görə də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında müzakirə olunan məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Nəyə görə? Ona görə ki, orada bütün maraqlar təmin edilir. İstehsalçı ölkənin – Azərbaycanın maraqları, tranzit ölkələrin maraqları və istehlakçı ölkələrin maraqları. Biz ancaq bu maraqların uzlaşması şəraitində istədiyimizə nail ola bilərik. Əgər bu üç tərəfdən hər hansı biri ancaq öz maraqlarını güdsəydi, biz bu uğura nail ola bilməzdik. Bu, çox gözəl bir nümunədir. Enerji siyasəti və bu sahədə uzunmüddətli əməkdaşlıq ancaq bu sağlam zəmində qurulmalıdır. Enerji amilindən heç vaxt başqa məqsədlər - şantaj, hansısa sahədə imtiyazlara nail olmaq üçün alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, burada Azərbaycanın mövqeyi artıq dünya miqyasında rəğbət qazanıb.

Digər tərəfdən, bu mövqe öz haqqını artıq nümayiş etdirir və göstərir ki, ancaq belə yanaşma uğur gətirə bilər. Biz istəyirik ki, Azərbaycanda inkişaf daha da sürətlə getsin. İstəyirik ki, bölgədə sabitlik möhkəmlənsin. Bu gün dünyada baş verən hadisələr, təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdurmalar, ziddiyyətlər, toqquşmalar baş verir. Əlbəttə ki, bu, arzuolunan mənzərə deyil.

Biz isə çalışırıq ki, bölgəmizdə sabitlik olsun. Ancaq ölkələr sabitlik şəraitində inkişaf edə bilər. Ancaq ölkələrə sabitlik şəraitində investisiya qoyula bilər. Ancaq sabitlik şəraitində xalqlar rahat, təhlükəsizlik, rifah içində yaşaya bilər. Azərbaycan nümunəsi, hesab edirəm ki, bir çox ölkələr üçün maraqlı ola bilər.

Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. İyirmi beş il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər, yaxşı yaşaya bilər, öz taleyinin sahibi ola bilər, bütün ölkələr ilə normal münasibətlər qura bilər. Ən əsası ondan ibarətdir ki, bizim gələcəyə də çox dəqiq və aydın baxışlarımız var.

Biz hazırda “Cənub” qaz dəhlizinin icrası ilə ciddi məşğuluq. Bununla bərabər, biz iqtisadiyyatın şaxələndirilməsi ilə daha da ciddi məşğuluq ki, neft amilindən asılılığı tam aradan götürək və Azərbaycan iqtisadiyyatı uzunmüddətli dayanıqlı iqtisadiyyat ola bilsin. Bu istiqamətdə görüləsi işlər hələ çoxdur. 2016-cı il bizim üçün, neftlə zəngin olan bütün ölkələr üçün sınaq ilidir. Neftin qiyməti bir neçə dəfə aşağı düşüb, təbii ki, bu, bütün ölkələr üçün sınaqdır. Ancaq hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. 2016-cı il sabitləşmə ili olmalıdır və artıq biz bunu görürük. Əminəm ki, gələn ildən iqtisadi artım bərpa ediləcək.

Biz son 10 il ərzində çox yüksək iqtisadi artım şəraitində yaşamışıq. Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıbdır. Əlbəttə, bizim iqtisadiyyatımız, əhalimiz buna öyrəşib, indi yeni dövr başlayıb. Ancaq biz istənilən şəraitdən üzüağ çıxa bilərik və çıxırıq. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dünyada yaranmış bu böhrandan Azərbaycan xalqı əziyyət çəkməsin. Ona görə də bütün sosial proqramlar icra edilir. Maaşlar, pensiyalar bu il 10 faiz qaldırılıbdır. Bütün sosial infrastrukturun yaradılması istiqamətində işlər gedir və əlbəttə ki, gələcək illər üçün gözəl zəmin yaradılır. Neftin qiymətinin aşağı düşməsi bir stress vəziyyəti yaratmışdır və hesab edirəm ki, bu, bizim xeyrimizə oldu. Bir çox qurumlar, o cümlədən dövlət qurumları öyrəşmişdilər ki, müxtəlif layihələrin icrası üçün onlara çox böyük həcmdə vəsait ayrılır. İndi biz bu məsələlərə daha qənaətlə yanaşırıq. Ancaq prioritet məsələlərə dövlət vəsaiti ayrılır. Əsas vəsait isə özəl sektordan gəlməlidir. Daxili və xarici investorlar vəsait qoyurlar, bizə inanırlar və hesab edirəm ki, bu illər ərzində biz etibarlı tərəfdaş kimi gözəl reputasiya qazanmışıq. Bilirsiniz ki, neft sahəsində bütün kontraktlar hasilatın pay bölgüsü əsasında imzalanıbdır və biz orada bir nöqtəni və vergülü belə dəyişə bilmərik və dəyişmək fikrimiz də yoxdur. Bu, inamı artırır. Neft sahəsində olan şəffaflıq və proqnozlaşdırma meyilləri bütün başqa sahələrdə daha da güclənməlidir.

Mən sərgidə iştirak edən bütün şirkətlərin nümayəndələrini bir daha salamlayıram. Sərgi həm Azərbaycan, həm dünya üçün doğrudan da çox önəmli, mötəbər tədbirdir. Ona görə ki, sərgi 23-cü dəfədir keçirilir. Ona görə ki, sərgiyə maraq artır. Eyni zamanda və ən başlıcası ona görə ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri bu sərgiyə çox böyük diqqət göstərirlər. Amerika Birləşmiş Ştatlarının Prezidenti, Böyük Britaniyanın Baş naziri sərgiyə öz səmimi təbriklərini göndəriblər. Bu təbriklərə görə mən həm Amerika Birləşmiş Ştatlarının Prezidentinə, həm Böyük Britaniyanın Baş nazirinə minnətdaram. Onların təbrikləri bir daha sərginin əhəmiyyətini göstərir. Sərgiyə uğurlar arzulayıram. Sağ olun

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10