Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurasının üzvü, Olimpiya çempionu Sergey Bubkadan

08 iyun 2016, 18:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Xahiş edirəm, milli bayramınız – Respublika Günü münasibətilə Ukrayna Milli Olimpiya Komitəsi, Ukrayna Olimpiya ailəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Azərbaycan qədim tarixi, zəngin mədəni irsi, gözəl idman ənənələri və nailiyyətləri olan ölkədir. Azərbaycanın dünyanın qabaqcıl idman ölkələri ilə bir araya gəlmək cəhdləri yüksək qiymətləndirilir. Müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışlarda qazanılan uğurlar, “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycan atletlərini yeni rekordlar qazanmağa, gənc nəsli idmana və sağlam həyat tərzinə ruhlandırır. Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələri bundan sonra da Beynəlxalq Olimpiya Hərəkatının təbliğinə və Olimpiya ideallarının daha geniş yayılmasına xidmət edəcək.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə cansağlığı, Azərbaycan xalqına davamlı sülh, xoşbəxtlik və tərəqqi diləyirəm.

Ən xoş arzularla,

Sergey Bubka

Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti,

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurasının üzvü,

Olimpiya çempionu