20 iyun 2016, 14:15

Vasif Əliyevdən, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycana rəhbərlik etdiyiniz dövrdə uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində ictimai həyatımızın bütün sferalarında dinamik və davamlı inkişaf əldə olunub, ölkəmiz regionda lider dövlətə çevrilib, dünya miqyasında qüdrətli ölkələrin sırasına daxil olub. Ölkəmizin bir çox nüfuzlu beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi bütün dünyanın Azərbaycan reallıqlarını qəbul etməsi kimi səciyyələndirilir.

Azərbaycanın bütün bölgələrində aparılan quruculuq işləri bizim Neftçala rayonunda da uğurla həyata keçirir. Sizin rayonumuza göstərdiyiniz diqqət və qayğı, Neftçalaya tarixi səfərləriniz rayon ictimaiyyəti tərəfindən hər zaman minnətdarlıqla qarşılanır.

Bu günlərdə paytaxtımızda start götürən “Formula-1” üzrə Avropa Qran-prisi bu yarışın həvəskarı kimi məni də hədsiz sevindirdi. Artıq 20 ildir ki, mən bu yarışları böyük həvəslə izləyirəm. Əvvəllər “Mclaren”  komandasına azarkeşlik edirdimsə, indi “Mersedes” komandasının, xüsusilə Luis Hamiltonun azarkeşiyəm. Doğurdan da onları doğma Bakımızda görmək sevindiricidir, bütün dünyanın diqqətinin Bakıya yönəlməsi qürurvericidir. Təəssüf ki, bu dəfə də yarışı ekran başında izləməli oldum. Növbəti illərdə “Formula-1” həyəcanını canlı izləyəcəyimə ümid edirəm.

Bu qürurverici hissləri biz “Formula-1” həvəskarlarına yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildirir, yorulmaz fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Vasif Əliyev Vaqif oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu.