“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası

22 iyun 2016, 18:15

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 22 iyun tarixli 940 nömrəli

Fərmanı ilə təsdiq edilmişdir

Əlavə 2

 

1. Ümumi müddəa

Bu Qayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin (bundan sonra – ipoteka krediti) verilməsinə dair tələbləri, ipoteka kreditinin verilməsi prosedurunu, ipoteka krediti üzrə hüquqların əldə olunmasını və geri alınmasını, habelə ipoteka kreditləşməsi ilə bağlı digər məsələləri müəyyən edir.

2. Əsas anlayışlar

2.0. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. ipoteka krediti - yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;

2.0.2. müvəkkil bank - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Cəmiyyət ilə müvafiq müqavilə bağlamış bank;

2.0.3. baş saziş - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan razılaşma;

2.0.4. xidmət müqaviləsi - Cəmiyyət tərəfindən tələb hüquqları əldə olunmuş ipoteka kreditinə xidmət göstərilməsinə dair Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan müqavilə;

2.0.5. borcalan - müvəkkil bankdan ipoteka krediti almış Azərbaycan Respublikası vətəndaşı;

2.0.6. ipoteka kreditinin ilkin maliyyələşdirilməsi - Cəmiyyətin müəyyən etdiyi şərtlərlə müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsi;

2.0.7. ipoteka kreditinin yenidən maliyyələşdirilməsi - müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Cəmiyyət tərəfindən əldə olunması;

2.0.8. Cəmiyyətin kotirovka dərəcəsi - Cəmiyyət tərəfindən tələb hüquqları əldə olunan ipoteka kreditinin yenidən maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi.

3. İpoteka kreditinin verilməsinə dair tələblər

3.1. Cəmiyyətin vəsaiti hesabına verilən ipoteka krediti aşağıdakı tələblərə cavab verməlidir:

3.1.1. kredit Azərbaycan manatı ilə verilməlidir;

3.1.2. kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

3.1.3. kredit 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilməlidir;

3.1.4. kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;

3.1.5. kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilməlidir;

3.1.6. kreditin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilir (maksimal məbləğ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi Bakı şəhəri üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalıdır);

3.1.7. kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunur;

3.1.8. güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);

3.1.9. güzəştli ipotekaya aid olmayan kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır (ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);

3.1.10. ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır;

3.1.11. kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır;

3.1.12. kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;

3.1.13. ipoteka ilə yüklü edilən yaşayış sahəsini müstəqil qiymətləndirici qiymətləndirməlidir;

3.1.14. ipotekasaxlayanın hüquqları qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;

3.1.15. kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;

3.1.16. borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.

3.2. Aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

3.2.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

3.2.2. elmlər doktoru elmi dərəcəsi olan şəxs;

3.2.3. ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

3.2.4. ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

3.2.5. ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

3.3. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

3.4. Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsait hesabına, habelə dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitin güzəştli ipoteka kreditinə yönəldilən hissəsi hesabına verilir. Dövlət büdcəsindən ayrılan vəsait yalnız güzəştli ipoteka kreditinin maliyyələşdirilməsinə yönəldilir.

3.5. Cəmiyyət müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi ilə alır. Kotirovka dərəcəsi Cəmiyyətin Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə müəyyən olunan illik faiz dərəcələrinin 70 faizi səviyyəsində müəyyənləşdirilir.

3.6. Kotirovka dərəcəsi barədə məlumatı Cəmiyyət müvəkkil banklara yazılı olaraq göndərir, öz rəsmi saytında yerləşdirir və kütləvi informasiya vasitələrində dərc etdirir.

3.7. Cəmiyyət hər bir müvəkkil bankdan alınacaq ipoteka kreditinin həcminə limit tətbiq edir. Limitin müəyyənləşdirilməsi qaydasını Cəmiyyətin Müşahidə Şurası təsdiq edir.

4. İpoteka kreditinin verilməsi proseduru

4.1. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir.

4.2. İpoteka kreditinin verilməsi “Elektron hökumət” portalında olan “Elektron ipoteka” sistemi (bundan sonra – elektron sistem) vasitəsilə həyata keçirilir.

4.3. İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.

4.4. İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:

4.4.1. şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;

4.4.2. nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

4.4.3. şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

4.4.4. şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər;

4.4.5. şəxs fərdi sahibkar olduqda:

1. sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;

2. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

4.4.6. şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

4.5. Bu Qaydanın 4.4-cü bəndində nəzərdə tutulmuş hər hansı sənədin elektron sistem vasitəsilə alınması mümkün olmadıqda, ipoteka krediti almaq istəyən şəxs həmin sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədi elektron sistemdə həmin gün yerləşdirməlidir.

4.6. Müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.

4.7. İpoteka krediti almaq istəyən şəxs, müvəkkil bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, müvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir.

4.8. Qiymətləndirmə aktı elektron sistemdə yerləşdirildikdən sonra müvəkkil bank 5 iş günü müddətində kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.

4.9. Müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 10 iş günü müddətində ipoteka kreditinin rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir.

4.10. İpoteka kreditinin verilməsi zamanı bu Qaydanın 4.7-ci və 4.9-cu bəndlərində nəzərdə tutulmuş müddətlərə ipoteka krediti almaq istəyən şəxs tərəfindən riayət edilmədikdə (qiymətləndirici tərəfindən bu Qaydanın 4.7-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətin ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir.

4.11. Bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz.

4.12. İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün təkrar müraciət etmək hüququ vardır.

5. İpoteka krediti üzrə hüquqların əldə olunması

5.1. İpoteka kreditinin maliyyələşdirilməsi və onlara xidmət Cəmiyyət və müvəkkil bank arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir.

5.2. Müvəkkil bank verilmiş ipoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi üçün Cəmiyyətə müraciət edir və tələb olunan sənədlərin surətlərini Cəmiyyətə təqdim edir.

5.3. İpoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi qaydasını, o cümlədən təqdim edilməli sənədlərin siyahısını Cəmiyyətin Müşahidə Şurası müəyyən edir.

5.4. Cəmiyyət ipoteka kreditinin bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və müvəkkil banka ilkin maliyyələşdirmə üzrə qərarını 3 iş günü, yenidən maliyyələşdirmə üzrə qərarını isə 10 iş günü müddətində bildirir.

5.5. Cəmiyyət ipoteka krediti üzrə hüquqların əldə edilməsinə razılığını bildirdiyi təqdirdə, müvəkkil bank kredit sənədlərinin əsli ilə Cəmiyyətin tanış olmasını təmin edir.

5.6. Yenidən maliyyələşdirilməsinə razılıq verilmiş ipoteka krediti, ipoteka kağızının üzərində qanunla müəyyən olunmuş qaydada indossamentlə verilmə qeydi aparılaraq, Cəmiyyətə ötürülür.

5.7. Cəmiyyət ipoteka kreditini ipoteka kağızında göstərilən qiymətlə yenidən maliyyələşdirir.

5.8. Müvəkkil bank Cəmiyyət tərəfindən əldə edilmiş ipoteka kreditini bu Qaydanın 6-cı hissəsində müəyyənləşdirilmiş qaydada geri almaq öhdəliyi götürür.

5.9. Tərəflər arasında imzalanmış sənədlər əsasında yaranmış hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra müvəkkil bank baş sazişdə müəyyən olunan sənədləri təhvil-təslim aktı ilə Cəmiyyətə təhvil verir.

5.10. Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan müqavilələrin təsdiq edilməsi və ipoteka saxlayanın hüquqlarının əlavə dövlət qeydiyyatına alınması ilə bağlı xərcləri müvəkkil bank ödəyir.

5.11. Müvəkkil bankların Cəmiyyət qarşısında öhdəliyi onların borcalanlarla münasibətlərindən asılı deyildir. Borcalanların müvəkkil banklar qarşısında öhdəliklərini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil bank Cəmiyyət qarşısında öz öhdəliklərini yerinə yetirməlidir.

6. Müvəkkil bank tərəfindən ipoteka kreditinin geri alınması

6.1. Aşağıdakı hallarda Cəmiyyət müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir:

6.1.1. borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə;

6.1.2. qəbul edilmiş sənədlərin bu Qaydaya uyğun olmadığı müəyyənləşdirildikdə.

6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bildirişə geri alınmalı ipoteka krediti barədə məlumat əlavə edilir.

6.3. İpoteka kreditinin geri alınması zamanı təhvil-təslim aktına əsasən sənədlərin əsli müvəkkil banka qaytarılır.

6.4. Müvəkkil bank Cəmiyyətdən ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır.

7. Keçid müddəalar

7.1. Elektron sistem fəaliyyətə başlayanadək:

7.1.1. ipoteka krediti almaq istəyən şəxs Cəmiyyətin rəsmi internet səhifəsi vasitəsilə və ya birbaşa müvəkkil banka gəlməklə ipoteka kreditinin verilməsi üçün müraciət edə bilər;

7.1.2. bu Qaydanın 4.6-cı, 4.8-ci və 4.10-cu bəndlərində nəzərdə tutulmuş qərarlar müvəkkil bank tərəfindən ipoteka krediti almaq istəyən şəxsə həmin qərarlar qəbul edildiyi gündən 2 iş günü müddətində rəsmi qaydada göndərilməli və ya təqdim edilməlidir;

7.1.3. bu Qaydanın 4.7-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş müddət bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulmuş ilkin razılıq qərarını ipoteka krediti almaq istəyən şəxsin rəsmi qaydada aldığı gündən hesablanır;

7.1.4. bu Qaydanın 4.8-ci bəndində nəzərdə tutulmuş müddət qiymətləndirici tərəfindən qiymətləndirmə aktının müvəkkil banka təqdim edildiyi gündən hesablanır;

7.1.5. bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş müddət bu Qaydanın 4.8-ci bəndində nəzərdə tutulmuş qərarı ipoteka krediti almaq istəyən şəxsin rəsmi qaydada aldığı gündən hesablanır.

7.2. Cəmiyyətin Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55