28 aprel 2011, 12:00

Laçınlı məcburi köçkün gənclərindən, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Sizin müasir Azərbaycan dövlətini dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəltməyiniz ölkə gəncləri kimi, laçınlı məcburi köckün gənclərin də Sizə olan məhəbbətini daha da yüksəltmiş, bizdə qürur və iftixar hissi yaratmışdır.

Möhtərəm Prezident! Fəaliyyətə başladığınız ilk gündən “Gəncliyə qayğı dövlətin gələcəyinə qayğıdır” prinsipini rəhbər tutaraq bu istiqamətdə bir sıra ardıcıl və düşünülmüş dövlət proqramlarını qəbul etmisiniz və həmin proqramların icrası nəticəsində gənclərimizin nəinki ölkə daxilində, eləcə də beynəlxalq aləmdə öz bacarıq və qabiliyyətlərini uğurla nümayiş etdirilmələrinə hərtərəfli şərait yaradılmışdır.

Bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal rol oynayır, dövlətimizin idarə olunmasında yaxından iştirak edirlər.

Cənab Prezident! Ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək üçün bu il aprelin 6-da imzaladığınız “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında” Sərəncamınızı, gəncləri narahat edən bütün məsələlərin öz əksini tapacağı proqramın hazırlanması barədə verdiyiniz tapşırıqları dövlət gənclər siyasətinin yeni mərhələsi kimi qiymətləndirir, buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Bu günlərdə respublikamızın müxtəlif sahələrində uğur qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatları nümayəndələrini qəbul edərək geniş görüş keçirməyiniz, xüsusilə Azərbaycanda yeni Gənclər Fondu və Bakı şəhərində beynəlxalq standartlara cavab verəcək Gənclər Mərkəzinin yaradılması barədə verdiyiniz tapşırıqlar hər birimizdə gələcəyə böyük inam və nikbinlik hissi yaratmışdır.

Görüşdə gənclərin məşğulluğunun, yaşayış şəraitinin, sağlamlığının və intelektual səviyyəsinin daha da yaxşılaşdırılması, ölkəmizdə yaradılmış çoxsaylı sənaye müəssisələrində və digər beynəlxalq səviyyəli müasir obyektlərdə işləyəcək gənc və hərtərəfli hazırlığa malik texniki kadrların hazırlanması, idmanın inkişafına yüksək önəm verilməsi istiqamətində verdiyiniz tapşırıqlar respublika gəncləri kimi biz laçınlı məcburi köçkün gəncləri də ürəkdən sevindirdi.

Birmənalı olaraq bildiririk ki, gənclərlə görüşünüzdə Dağlıq Qarabağ probleminə dair qəti və dəyişməz mövqeyinizi yenidən açıqlamağınız beş Milli Qəhrəmanı olan Laçının gənclərini də işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər zaman hazır olmağa səfərbər etdi.

Laçınlı məcburi köçkün gənclər qəti olaraq əmindirlər ki, tezliklə Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında zəfər bayrağımız Şuşada, Laçında və işğaldan azad ediləcək bütün torpaqlarımızda dalğalanacaqdır.

Bu gün hər bir azərbaycanlı kimi, gənclər də Sizinlə fəxr edir, Sizin rəhbərliyinizlə ölkəmizin daha da çiçəklənməsi naminə bütün qüvvə və bacarığımızı sərf etməyə daim hazırıq.

Dərin hörmətlə,

Məcburi köçkün gənclər adından Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident Təqaüdçüsü Gülnar Əliyeva, Laçın rayon Təcili Yardım Stansiyasının müdiri Orxan Cəbrayılov, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Gənclər birliyinin sədri Xalid Musayev və başqaları. Cəmi: 7nəfər

Azərbaycan Respublikası, Ağcabədi rayonu