Gerb

28 aprel 2011, 20:00
W1siziisijiwmtuvmdyvmtuvm3dobddrdjm4mv81mjizlmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=2f87269d3f64642d

Prezident İlham Əliyevin adından ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviçin şərəfinə rəsmi ziyafət verilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Çox hörmətli Viktor Fyodoroviç!

Əziz qonaqlar, əziz dostlar!

Bütün qonaqlarımızı Azərbaycanda bir daha salamlamağa şadam. Bu gün münasibətlərimizin tarixində çox əlamətdar gündür. Ukrayna Prezidenti Viktor Fyodoroviç Yanukoviç Prezident kimi ilk dəfə Azərbaycana rəsmi səfər edir.

Biz Viktor Fyodoroviçi çoxdan tanıyırıq. Azərbaycan xalqı onu dostumuz kimi tanıyır, o, əvvəlki illərdə də ölkəmizdə olmuşdur, lakin Prezident kimi ilk dəfə gəlir.

Təbii ki, biz Viktor Fyodoroviçi çox böyük ümidlərlə və səbirsizliklə gözləyirdik. Bildiyiniz kimi, keçən ilin axırlarında mən Ukraynaya səfər etmişəm. Bu səfər çox uğurlu olmuşdur. Bu gün Viktor Fyodoroviç bizim qonağımızdır. Bu, münasibətlərimizə xas olan və münasibətlərimizin gündəliyindəki mühüm məsələləri operativ və konkret həll etməyə imkan verən dinamizm göstəricisidir. Xalqlarımızı uzun illər boyu, onilliklər, yüzilliklər boyu dostluq, əməkdaşlıq münasibətləri bağlayır. Çox vacibdir ki, bu il 20 illiyini qeyd edəcəyimiz müstəqillik illərində də xalqlarımızı əlaqələndirən və birləşdirən yaxşı nə varsa hamısını qoruyub saxlaya bilmişik. Müstəqillik illərində Ukrayna və Azərbaycan tərəfdaşlar, dostlar, bütün sahələrdə strateji tərəfdaşlar kimi fəaliyyət göstərir. Bu gün biz münasibətlərimizin geniş gündəliyini nəzərdən keçirdik. Bir daha razılıq hissi ilə qeyd edirik ki, siyasi münasibətlərimiz, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və fəal əməkdaşlıq yüksək səviyyədədir.

Bizim nəzərdə tutduğumuz səmərəli iqtisadi əməkdaşlıq gələcəkdə daha ciddi hiss olunacaqdır. Əmtəə dövriyyəsinin artımı, xüsusən keçən il münasibətlərimizin tarixində ən yüksək səviyyədə olmuşdur. Humanitar sahədə, energetika sahəsində əməkdaşlıq, çox geniş əhatəli məsələlər üzrə əməkdaşlıq da qarşılıqlı maraq doğurur. Bütün istiqamətlərdə aramızda tam qarşılıqlı anlaşma, fəal işləməyə, əməkdaşlıq etməyə və irəliləməyə qarşılıqlı səy vardır.

Bu gün biz energetika sahəsində əməkdaşlıq məsələlərini çox müfəssəl müzakirə etdik. Çox şadıq ki, bu istiqamətdə konkret addımlar atılır. Biz niyyətlərdən, bəyanatlardan konkret işlərə keçmişik və bunun nəticəsini ilk növbədə əmtəə dövriyyəsinin artmasında görürük. Azərbaycan nefti Ukraynaya daxil olur və ümidvarıq ki, bu müsbət meyillər davam edəcəkdir. Bizim neft şirkəti Ukrayna bazarında fəal iş aparır, sərmayələr qoyur və investisiya layihələri üzrə böyük planlarımız vardır. Əminəm ki, həmin layihələr qarşılıqlı faydalı olacaqdır.

Biz nəqliyyat sahəsində əməkdaşlığa böyük ümid bəsləyirik, müvafiq olaraq Xəzər dənizi və Qara dəniz regionlarında həyata keçirdiyimiz nəqliyyat, infrastruktur layihələri ölkələrimizi təkcə etibarlı nəqliyyat yolları ilə birləşdirməyəcək, həm də Xəzər-Qara dəniz hövzəsində, gələcəkdə isə Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regional əməkdaşlığı üçün yaxşı zəmin yaradacaqdır. Bunun üçün bütün əsaslar, yetərincə siyasi iradə vardır. Energetika, nəqliyyat sahələrində, digər sahələrdə bu təşəbbüslər ölkələrimizi yaxınlaşdırır. Biz neft sahəsində əməkdaşlıqdan qaz sahəsində əməkdaşlığa keçməyi planlaşdırırıq. Cari ilin əvvəlində müvafiq sənəd imzalanmışdır, o, ikitərəfli əməkdaşlığın əvvəlki illər heç vaxt olmayan prinsipcə yeni elementidir. Bu gün Azərbaycanın öz qaz potensialını genişləndirdiyi və iri qaz istehsalçısı və ixracçısına çevrildiyi vaxtda bu sahədə əməkdaşlıq ölkələrimiz arasında xüsusi əhəmiyyət, mahiyyət kəsb edir. Burada qarşılıqlı səylər və siyasi iradə bu prosesləri irəli aparır, əlbəttə, həlledici rol oynayır.

Bu gün mən Viktor Fyodoroviçə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin vəziyyəti barədə məlumat verdim. Bildiyiniz kimi, bu münaqişə onilliklərlə davam edir və Azərbaycan xalqına böyük ağrı-acılar, iztirablar gətirmişdir. Bir milyon azərbaycanlı doğma yurd-yuvasından qovulmuşdur. Xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş, ərazimizin 20 faizi işğal olunmuş və BMT kimi beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, - BMT Təhlükəsizlik Şurası işğalla əlaqədar 4 qətnamə qəbul etmişdir, - münaqişə indiyədək nizama salınmamışdır. Bu isə regional sülhə, sabitliyə böyük təhlükə törədir, regional əməkdaşlıq proqramlarını tam miqyasda həyata keçirməyə imkan vermir. Bu münaqişənin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyat artır, iri sərmayə layihələri həyata keçirilir. Təkcə ötən il ölkəmizin iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Bunun da əksər hissəsi daxili sərmayədir. Biz Ukraynada sərmayə layihələri məsələlərini fəal nəzərdən keçiririk və bunun üçün maliyyə ehtiyatları, ən başlıcası isə siyasi iradə vardır. Başqa sözlə, əməkdaşlıq sahələrini uzun-uzadı sadalamaq olar və Azərbaycanda yaşayan ukraynalıların, Ukraynada yaşayan azərbaycanlıların münasibətlərimizin möhkəmlənməsi işində rolunu qeyd etməyə bilmərəm. Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar.

Bu badəni Ukrayna Prezidenti, Azərbaycanın böyük dostu Viktor Fyodoroviç Yanukoviçin sağlığına, Ukraynanın çiçəklənməsi, Ukrayna və Azərbaycan xalqları arasında dostluğun şərəfinə qaldırmaq istəyirəm.

X X X

Ukrayna Prezidenti Viktor Yanukoviçin nitqi

- Çox hörmətli İlham Heydər oğlu!

Hörmətli həmkarlar, dostlar!

Mən bu gün artıq demişəm, Bakını görmədiyim beş il çox sürətlə keçmişdir. Əgər bu sürəti nəzərə almasaq biz sanki sehirli çubuğun təsiri ilə Bakının nə qədər dəyişdiyini, çox gözəlləşdiyini, deyərdim ki, Avropa şəhərinə çevrildiyini gördük.

İlham Heydər oğlu, bu gün Sizin adamlar mənə söylədilər ki, Siz 17 kilometrlik sahil zonasını parka çevirməyi, bütün sənaye müəssisələrini Bakının hüdudlarından kənara çıxarmağı planlaşdırırsınız. Mən belə başa düşürəm ki, Sizin hələ çox möhtəşəm planlarınız vardır.

Viktor Yanukoviç Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə bir daha ehtiramını bildirdi və qeyd etdi ki, dostluğa yüksək qiymət verməyi bacaran Heydər Əliyev Ukraynaya və Ukrayna xalqına da böyük məhəbbət bəsləyirdi:

-Mən Heydər Əliyevi tanıyırdım, əlbəttə onunla İlham Heydər oğlu ilə olduğu qədər yaxın deyildik. Heydər Əliyevin Azərbaycanı necə görmək arzusunda olması, ölkəni necə görmək istəməsi barədə bəzi söhbətlərimiz yadımdadır. Əgər o sağ olsaydı, əlbəttə, çox sevinərdi. Lakin, necə deyərlər, belə bir inanc vardır ki, onlar yuxarıdan hər şeyi görürlər, onlar hər şeyi görür və əlbəttə ki, ölkədə baş verənlərə görə sevinirlər. Mən əminəm ki, o, bizim münasibətlərimizə də sevinir. Ona görə ki, Heydər Əliyevin dostluqda necə sadiq olduğunu, dostluq etməyi çox xoşladığını, Ukraynaya, Ukrayna xalqına çox böyük sevgi ilə yanaşdığını bilirəm. Mən bilirəm ki, o heç vaxt bu dostluğa kimin daha çox töhfə verə biləcəyini fikirləşmirdi və həmişə bacardığı qədər bu işə töhfə verirdi. Biz bunu xatırlayırıq. Ukrayna xalqı bunu xatırlayır. Kiyev şəhərində Heydər Əliyevin abidəsi qoyulmuş, onun adını daşıyan bağ salınmışdır. Bu anda mən bunu xatırlamaya bilməzdim. Çünki Sizin bu cür səmimi qəbulunuz və Sizinlə birlikdə hələ çox işlər görməli olduğumuz barədə Sizin sözləriniz, əlbəttə, inanıram ki, bütün bunlar əməli məna kəsb edəcəkdir. Mən buna da əminəm ki, bütün bu qərarlara müvafiq dinamika veriləcəkdir, yəni, sürət optimal olacaqdır. Deyə bilərəm ki, bunlar şəxsən mənim üçün çox xoşdur və əminəm ki, Ukraynanın böyük komandasına sizinlə işləmək rahatdır. Ona görə ki, biz çox işləməyi və tərəfdaşlarımızla birlikdə görülən işlərə yaxşı yekun vurmağı xoşlayırıq.

Ukrayna dövlətinin başçısı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin son illər daha sürətlə inkişaf etdiyini diqqətə çatdıraraq dedi:

- Artıq keçən il üçün yekun vurulmalı nəticələrimiz vardır. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi həddən artıq azalandan sonra keçən il biz bunu çox sürətlə nəinki bərpa etməyə, həm də demək olar ki, bütün əvvəlki illərin göstəricilərini xeyli qabaqlamağa nail olduq. Müstəqillik illərində, 20 ildə heç vaxt əmtəə dövriyyəsi keçən ildəki qədər olmamışdır.

Bu, əlbəttə, iki böyük komandanın çox əhəmiyyətli işidir. Ötən il Azərbaycan iqtisadiyyatının artımı təxminən Ukrayna iqtisadiyyatındakı səviyyəyə qalxmışdır. Mən təvazökarlıqla deyirəm, çünki bir azca geri qalmışıq. Ancaq bizim üçün bu da xoşbəxtlikdir. Çünki Azərbaycan dünya böhranının çox mürəkkəb illərində - 2008-2009-cu illərdə sənaye istehsalı həcminin və iqtisadiyyatın artımını qoruyub saxlaya bilmişdir. Bu, çox yaxşıdır. Mən demişəm və bir daha demək istəyirəm ki, sizdə işlərin niyə yaxşı getdiyini gözəl anlayırıq. Çünki İlham Heydər oğlu, Sizin ölkədə başçılıq etdiyiniz komanda Azərbaycan xalqı qarşısında məsuliyyətini dərindən anlayır. Bunun sayəsində, sabitlik və peşəkarların fəaliyyəti sayəsində uğur qazanılmışdır. Möcüzə elə belə baş vermir. Biz də peşəkarlarıq. Biz bilirik ki, yalnız gərgin, böyük əmək və çox böyük istək, doğma torpağa məhəbbət həmişə müsbət nəticələr və gözəl bəhrələr verir.

Sizin münasibətlərimizə verdiyiniz yüksək qiymətdən sonra belə düşünürəm ki, vəd etdiklərimizin hamısını yerinə yetirməməyə haqqımız yoxdur. Biz bunu hamının qarşısında dedik. Mən təkrar etməyəcəyəm. Əlbəttə, planlarımız böyükdür. Özü də biz yalnız 10-15 faizi səsləndirdik. Qalanını İlham Heydər oğlu ilə hələlik səsləndirməmişik. Ümidvaram ki, vaxt gələcək onların zamanı yetişəcək və biz bu barədə danışacağıq.

Bakıya gəldiyimiz bu gözəl gündə, - bizi günəşli, isti hava qarşıladı, külək dayandı, hava sakitləşdi, - bu badəni qaldırmaq istəyirəm. Bu gün İlham Heydər oğlunun anasının doğum günüdür. Biz onun məzarı önünə ayrıca güllər qoyduq. Təəssüf ki, mən yalnız orada, abidənin önündə bunu bildim. Mən bu badəni Sizin ananızın nurlu xatirəsi şərəfinə qaldırmaq istəyirəm. Ona böyük təşəkkürümü bildirmək istəyirəm ki, belə bir insan olmuş, Azərbaycan torpağı üçün belə gözəl oğul dünyaya gətirmişdir. Onun nurlu xatirəsi şərəfinə və əminəm ki, əgər o, sağ olsaydı, bir ana kimi Sizin uğurlarınıza çox sevinərdi. Mən bu badəni bu nurlu və müqəddəs xatirənin şərəfinə qaldırmaq istəyirəm.

X X X

AzərbaycanPrezidenti İlham ƏLİYEV:

- Viktor Fyodoroviç, çox sağ olun!

Sizin dedikləriniz çox təsirlidir və bir qədər gözlənilməz oldu. Çünki Sizin dediklərinizi yalnız əsl dost deyə bilər. Rəsmi nahar zamanı, necə deyərlər, bugünkü səfərin sonuncu mərhələsində belə xeyirxah, xoş sözlər dediniz. Bu, əslində Sizin ürəyinizin genişliyindən, nə qədər səmimi, incə qəlbli adam olmağınızdan, ölkəmizə, xalqımıza xoş hisslər bəsləməyinizdən xəbər verir. Məni mütəəssir etdiniz, bu sözlərə görə təşəkkür edirəm. Bu gün bizimlə olmayan yaxınlarımıza Allah rəhmət etsin və mən əminəm ki, onlar burada baş verənləri görürlər və onların ruhu şad olur.

Çox sağ olun, Viktor Fyodoroviç.


Böyük ölçüdə



Böyük ölçüdə