16 avqust 2016, 12:45

Məmmədəli İmanovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu ilin aprelin 2-5-də və 27-28-də erməni vəhşilərinin təxribatları nəticəsində kəndimiz ağır artilleriya atəşinə tutulmuş, evlərimizə, fərdi təsərrüfatlarımıza xeyli maddi ziyan dəymişdir. Atəş nəticəsində mən özüm də xəsarət almışam və hazırda müalicə olunuram.

Lakin bütün bunlar bizi qorxutmadı. Sizə və Ordumuza güvənərək biz bir an da olsun kəndimizi tərk etmədik. Sizin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın hadisədən bir neçə gün sonra kəndimizdə olmağınız bizi daha da ruhlandırdı. Ziyan dəymiş evlərin bərpası üçün Siz dərhal lazımi vəsait ayırdınız. İndi həmin evlər əvvəlkindən daha yaraşıqlı və gözəl şəkildə tikilib. İnanırıq ki, Ali Baş Komandanımızın uzaqgörən daxili və xarici siyasəti nəticəsində torpaqlarımız tezliklə işğaldan azad ediləcək, Qarabağ bölgəsində sülh bərqərar olacaq və kənd camaatı təsərrüfatlarda rahat şəkildə işləyəcək.

Möhtərəm Prezident, kənd sakinləri adından Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

İmanov Məmmədəli Soltan oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Mahrızlı kəndi.