2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı GİRİŞ

04 may 2011, 17:50

Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 4 may tarixli Sərəncamı
ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)” ölkənin bütün regionlarında məqsədyönlü şəkildə ardıcıl həyata keçirilməklə iqtisadiyyatda keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Ötən müddət ərzində Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər nəticəsində qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, ölkəyə investisiya qoyuluşlarının çoxalmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və yoxsulluğun azaldılmasına nail olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrinin də inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” təsdiq edilmişdir. Sənəddə hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər, onların icrası üçün tələb olunan vəsaitin həcmi, maliyyələşmə mənbəyi və icra müddəti müəyyən edilmişdir. Ötən müddət ərzində proqramda nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilmişdir.

Bu gün başlıca vəzifələrdən biri “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və ilk növbədə şəhərətrafı qəsəbələrin sakinlərinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsindən ibarətdir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həmin vəzifələrin sistemli şəkildə yerinə yetirilməsi məqsədi ilə hazırlanmışdır.

1. “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində görülmüş işlər

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əzmlə davam etdirilməsi, qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün daha münbit şərait yaradılması, vətəndaşların sosial müdafiəsi tədbirləri ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanmış, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir. 

Tədbirlər Proqramının icrası nəticəsində Bakının Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılaraq, əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. 2006-2007-ci illər ərzində layihə sənədlərinə uyğun olaraq 272,2 km uzunluğunda qaz kəməri və müvafiq qaz qurğuları tikilib istifadəyə verilmişdir. 

Bakının Şüvəlan qəsəbəsində ümumi gücü sutkada 221 min kubmetr olan kanalizasiya təmizləyici qurğusunun tikintisi başa çatdırılmış, təkcə 2007-ci il ərzində Bakı şəhəri üzrə 189 km uzunluğunda istismara yararsız su xətti, 21,3 km uzunluğunda kanalizasiya xətti əsaslı təmir olunmuş, 933 elektrik mühərriki və 491 su nasosu yenisi ilə əvəz edilmiş və yaxud təmir olunmuş, 21,3 km uzunluğunda elektrik kabeli dəyişdirilmişdir. Ümumi həcmi 221,8 min kubmetr olan su anbarları yuyulmuş və zərərsizləşdirilmişdir. 

Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkab suların dənizə axıdılmasının qarşısının alınması məqsədi ilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması layihəsi həyata keçirilmişdir. Bibiheybət və Sabunçu rayonu ərazilərində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metr hissəsi qapalı dəmir-beton kanalla əvəz edilmişdir. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/sutka olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir. 

Ötən müddət ərzində qəsəbələrdə elektrik enerjisinə olan tələbatın təmin olunması məqsədi ilə Bakı şəhərində modul tipli elektrik stansiyası tikilib istifadəyə verilmiş, 2007-ci il ərzində Bakıda uzunluğu 75 km olan 10 kv-luq və 280 km olan 0,4 kv-luq kabel xətləri çəkilmiş, 6/10 kv-luq 121 yeni transformator məntəqəsi quraşdırılmış, 110 və 35 kv-luq 12 yarımstansiya və 186 transformator məntəqəsi əsaslı təmir olunmuş, 272 transformator daha güclüləri ilə əvəz edilmiş, 0,4-10 kv-luq 955 dayaq yenisi ilə əvəz edilmişdir. 

Mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatının yaxşılaşdırılması məqsədilə 2007-ci il ərzində Bakı şəhərində 29 qazanxana tikilib istifadəyə verilmişdir. 

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2007-ci ildə respublikaya iri və orta tutumlu 233 avtobus gətirilərək istismara buraxılmışdır. Yol qovşaqlarının və piyada keçidlərinin inşası sahəsində 2006-2007-ci illər ərzində 6 yol ötürücüsü və 6 piyada keçidi tikilərək istifadəyə verilmişdir. 

Ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi-Binəqədi-Balaxanı avtomobil yolu təmir olunmuş, respublikanın 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan “Bakı dairəvi yolu”nun, “Əzizbəyov” metro stansiyası dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qədər (14 km) avtomobil yolunun və 6 zolaqlı Zığ-Binə, həmçinin Bilgəh-Pirşağı avtomobil yolunun tikintisi davam etdirilmişdir. 

Bakı Metropoliteni üçün 2004-2007-ci illər ərzində 50 yeni vaqon alınmış və şəhər sakinlərinin istifadəsinə verilmişdir.
Ötən müddət ərzində Sabunçu rayonunun Zabrat qəsəbəsində 1176, Ramana qəsəbəsində 840, Bakıxanov qəsəbəsində 1176 və 720, Maştağa qəsəbəsində 720, Binəqədi rayonunun Xocasən qəsəbəsində 840, Suraxanı rayonunun “Dədə Qorqud” yaşayış sahəsində 960, Bülbülə qəsəbəsində 844, Zığ qəsəbəsində 840, Qaradağ rayonunun Sahil qəsəbəsində 1296, Müşfiqabad qəsəbəsində 840, Qobustan qəsəbəsində 1296, Nizami rayonunun Keşlə qəsəbəsində 1296, Sabunçu rayonunun Albalılıq yaşayış sahəsində 1296 şagird yeri olan məktəb binaları tikilmiş, onlarla məktəbdə əsaslı təmir işləri aparılmış, əlavə sinif otaqları və korpuslar istifadəyə verilmişdir. 

Bu müddət ərzində onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi, o cümlədən Xocasən, Əhmədli və Bülbülə qəsəbələrinin hər birində 50 gəlişli poliklinika, Xocasəndə təcili tibbi yardım məntəqəsi, Zığ qəsəbəsində sağlamlıq mərkəzi, Buzovnada Vərəm Əleyhinə Dispanserin 125 çarpayılıq korpusu üçün yeni binalar inşa edilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqla təchiz olunmuşdur. 

2006-cı ildən ötən müddət ərzində dövlət investisiyaları hesabına Bakı şəhəri, eləcə də onun qəsəbələri üzrə infrastrukturun bərpası və inkişafı, əhaliyə kommunal xidmətlərin, o cümlədən elektrik enerjisi, qaz və su təchizatının, kanalizasiya sisteminin yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə həyata keçirilən işlərin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da Bakı şəhərinin rayon və qəsəbələri üçün kompleks tədbirlər nəzərdə tutulmuş, eyni zamanda paytaxtda genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin aparılması, Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri, əhalinin elektrik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsi, ekologiyanın sağlamlaşdırılması, yeni səhiyyə və təhsil obyektlərinin tikintisi üçün Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncamlar imzalamışdır.
Məhz bunların nəticəsində ötən dövrdə paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatının təmin olunması məqsədi ilə yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, qaz təchizatı sahəsində Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, ümumilikdə Bakı şəhərinin 97 faizi qazlaşdırılmışdır. Əhalinin su təminatının yaxşılaşdırılması üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası nəticəsində şəhər əhalisinin 70 faizi Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən keyfiyyətli içməli su ilə davamlı olaraq təmin ediləcəkdir. 

Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüş, Bakıya Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emalı təmin ediləcəkdir. Paytaxtda ekoloji tarazlıq yaradılması üçün Balaxanı Bərk Məişət Tullantıları Zavodunun tikintisi davam etdirilmiş, Bakı şəhərində yaşıllıqların salınması məqsədi ilə milyonlarla ağac əkilmişdir. 

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 32 piyada keçidi tikilmiş, 23 yol ötürücüsü, körpü və tunellər istifadəyə verilmişdir. Həmçinin Bakı şəhərində sərnişin nəqliyyatının hərəkətinin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu sistemin tətbiq edilməsi ilə Bakı şəhəri üzrə sərnişindaşımada və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və nəqliyyatın hərəkətinin tənzimlənməsinə, sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına və vahid mərkəzdən idarə edilməsinə nail olunacaqdır. 

Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində bir sıra işlər aparılmış, o cümlədən “Nəsimi” və “Azadlıq prospekti” yeni metro stansiyaları inşa olunmuş, “İçərişəhər” və “28 may” stansiyaları yenidən qurulmuş, Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilmişdir. 

Ölkəmizin hər yerində olduğu kimi, Bakı şəhərində də sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Təkcə 2010-cu il ərzində Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı qəsəbələrində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, həmçinin Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilmiş, Respublika Klinik Uroloji Xəstəxanasının, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur. Ümumilikdə, son illər ərzində Bakı şəhərində 34 məktəb, 18 tibb müəssisəsi tikilmiş və təmir edilmiş, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilmişdir. 

Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar Bakı şəhərində də yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə 2006-cı ildən ötən müddət ərzində Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Bakı şəhəri üzrə 629 sahibkarlıq subyektinə 99 milyon manat güzəştli kredit verilmişdir. Ölkə paytaxtında biznes mühitinin inkişafı sahəsində son illər həyata keçirilmiş layihələr nəticəsində Şüşə Məmulatları İstehsalı Zavodu, Pambıq Emalı Fabriki, Qranit-mərmər Zavodu istifadəyə verilmiş, gəmiqayırma zavodunun təməli qoyulmuşdur. “Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən Hövsan qəsəbəsində gündəlik istehsal gücü 200 ton olan yeni süd emalı zavodunun, “Qaradağ Sement” ASC-də yeni klinker sobasının inşası davam etdirilmişdir. Məhz görülən işlər nəticəsində son 7 ildə Bakı şəhəri üzrə ümumilikdə 23 minə yaxın müəssisə, 191 mindən çox yeni iş yeri yaradılmışdır, bunun 189 mindən çoxu daimi iş yeridir.

2. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın əsas məqsədləri

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində aşağıdakı məqsədlərə nail olunacaqdır:
- elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması;
- yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi;
- ekoloji vəziyyətin yaxşılaşdırılması;
- sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı;
- yeni iş yerlərinin və yeni müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması.

3. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafının əsas istiqamətləri

Qarşıdakı illərdə Bakı şəhərində və onun qəsəbələrində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
1. müasir tipli elektrik stansiyalarının, yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşasına, yenidən qurulmasına və inkişafına dair layihələrin həyata keçirilməsinin davam etdirilməsi;
2. Bakının qazla təmin edilməyən qəsəbələrinin qaz təchizatının bərpası;
3. elektrik ötürücü xətlərinin və yarımstansiyaların yeniləşməsi;
4. mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenidən qurulması;
5. şəhərətrafı qəsəbələrdə su və kanalizasiya sistemlərinin bərpası, yeni xətlərin və qurğuların tikilməsi;
6. yol-kommunikasiya kompleksinin, müxtəlif nəqliyyat növlərinin ardıcıl inkişafı;
7. inkişaf etmiş rabitə-informasiya və kommunikasiya infrastrukturunun yaradılması;
8. özəl sektorda ixracın stimullaşdırılması və təşviqi, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının dəstəklənməsi, ixrac mallarının çeşidinin artırılması, sahibkarlara məsləhət xidməti, informasiya təminatı sahəsində kömək göstərilməsi;
9. şəhərətrafı qəsəbələrdə suvarma və meliorasiya təminatının yaxşılaşdırılması;
10. aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi;
11. qəsəbələrdə yeni məktəblərin inşası, kənd məktəblərinin texniki və kadr təminatının yaxşılaşdırılması;
12. qəsəbələrdə yeni səhiyyə müəssisələrinin inşası, mövcud səhiyyə obyektlərinin yenidən qurulması və təmiri, səhiyyə müəssisələrinin dərman və avadanlıqla təminatının yaxşılaşdırılması;
13. daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, istifadəsi və bərpası işlərinin təkmilləşdirilməsi, mövcud kitabxanaların maddi-texniki bazasının inkişafı və modernləşdirilməsi;
14. bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
15. sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, sosial mərkəzlərin, o cümlədən xüsusi istirahət müəssisələrinin və uşaqlar üçün ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması;
16. ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən məişət tullantılarının toplanması və daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində işlərin davam etdirilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, yaşıllaşdırma işlərinin genişləndirilməsi.

4. 2011-2013-cü illərdə həyata keçiriləcək tədbirlərin
maliyyələşdirilmə mənbələri

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
- Azərbaycan Respublikasının dövlət büdcəsi;
- Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaitləri;
- qanunvericilikdə qadağan olunmayan digər mənbələr. 

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04